Azərbaycan ictimai fəallarının Norveç Nobel Komitəsinə xəbərdarlığı

post-img

Ruben Vardanyanın çirkli bioqrafiyası Nobel Sülh Mükafatının məramına ləkədir

Azərbaycanın 39 qeyri-hökumət təşkilatını, Qarabağ və Şərqi Zəngəzurun məcburi köçkünlərini təmsil edən bir qrup ictimai fəal beynəlxalq maliyyə fırıldaqçısı, separatçı Xankəndi xuntasının cinayətkar rəhbərlərindən olmuş Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülməsi ilə bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar.

Müraciətdə Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülməsi barədə mediada yayılmış xəbərlər hiddətlə qarşılanır, bu barədə Azərbaycan ictimaiyyətinin qəti mövqeyi beynəlxalq qurumun diqqətinə çatdırılır: “Ruben Vardanyanın həyat və fəaliyyəti Nobel Sülh Mükafatının rəhbər tutduğu ideal və dəyərlərə təhqir səciyyəsi daşıyır, bu adların yanaşı çəkilməsinin özü belə bu ali mükafatın dünyada qəbul edilmiş yüksək nüfuzuna ləkə gətirə, beynəlxalq ictimaiyyəti çaşdıra bilər”.

Məktubda qeyd edilir ki, çirkli pulların yuyulması ilə sərvət toplamış kriminal ünsür, terrorçuluğu maliyyələşdirən sima kimi Ruben Vardanyan barədə ağır ittihamlar var: “O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış və sonradan özünü buraxmış qondarma separatçı rejimin – hərbi xuntanın bir müddət aparıcı rəhbər şəxslərindən biri olub. Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur”. 

Müraciətin sonunda deyilir ki, Nobel Sülh Mükafatı özündə Alfred Nobelin təşviq etmək istədiyi sülh, barışıq və beynəlxalq əməkdaşlıq ruhunu təcəssüm etdirir: “Biz Norveç Nobel Komitəsini çoxsaylı cinayətlərdə ittiham olunan Ruben Vardanyanla əlaqədar məsələyə yanaşmada Azərbaycan ictimaiyyətinin bu şəxs barədə aydın və qəti mövqeyini nəzərə almağa çağırırıq”.

XQ

 

Son xəbərlər