Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində keçirilən Yaşıl Hidrogen Sammitində iştirak edib.
“Yaşıl Hidrogen İqtisadiyyatlarını Sürətləndirmək üçün Milli Strategiyalar və Siyasətlər” üzrə Nazirlər Panelində energetika naziri hidrogenin Azərbaycanın transformativ inkişaf və enerji təchizatçısı gündəliyinin əsas komponentlərindən olduğunu qeyd edib. Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı əsasında 28 qiqavatdan çox yaşıl enerji layihələri üzrə “Masdar”, “ACWA Power”, BP, “Fortescue” və digər beynəlxalq enerji şirkətləri ilə imzalanmış əməkdaşlıq sənədlərində yaşıl hidrogen istehsalının da nəzərdə tutulduğu vurğulanıb. Hazırda hidrogenin istehsalı ilə yanaşı, ixracı aspektində “Xəzər dənizi-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizləri çərçivəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edildiyi bildirilib.
“Yaşıl hidrogen ölkəmizin enerji təchizatında yeni mənbə və dəhlizlərlə mövqeyini möhkəmləndirməsi, həmçinin 2050-ci ilədək karbon emissiyalarını 40 faiz azalda bilməyimiz üçün mühüm əhəmiyyət daşıyır.“Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi vasitəsilə Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq”, – deyə nazir əlavə edib.
XQ