Gec-tez Ermənistan KTMT-dən çıxacaq, lakin Ermənistanın baş naziri Nikol Paşinyan bunun KTMT Şurasının qərarı ilə olmasını istəyir.
“Caliber” xəbər verir ki, bu barədə danışıqlar üzrə ekspert Artur Martirosyan jurnalistlərə bildirib. Onun sözlərinə görə, Ermənistan təşkilatın fəaliyyətinə mane olacaq ki, bu da KTMT Şurasının üzvlərinə Ermənistanın təşkilatdan çıxarılması ilə bağlı qərar qəbul etmək üçün əsas və imkan yaradacaq.
“Əvvəlcə təşkilata üzvlük silah təchizatı məsələsini həll etmək niyyəti ilə əlaqələndirilirdi. İndi hakimiyyət deyir ki, Rusiya silah tədarük edə bilməz, onsuz da ödənilmiş tədarük müqavilələri yerinə yetirilmir. Bu isə o deməkdir ki, təşkilata üzvlüyün davam etdirilməsinin mənası yoxdur, çünki bu üzvlüyün əsas maraqları təmin olunmur”, - A.Martirosyan deyib.
Ekspert qeyd edib ki, eyni zamanda, Ermənistanın baş naziri, eləcə də Ukrayna prezidenti Rusiya Federasiyasına qarşı hərəkətlərinin müqabilində Qərbdən üstünlüklər almağa çalışacaqlar. Ancaq problem ondadır ki, Qərbdə heç kim Paşinyana heç nə vəd etməyib. Paşinyanın hərəkətləri, əksinə, vəziyyəti daha da gərginləşdirə bilər.
“Əslində Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsi həmişə Bakı və Ankaranın strategiyasının elementi olub, çünki İrəvanla Moskva arasında münasibətlərin kəskinləşməsi erməni tərəfini zəiflədir. Onlar (Bakı və Ankara) xilaskar Fransa haqqında təmtəraqlı bəyanatların cəfəngiyyat olduğunu çox gözəl başa düşürlər. Ukrayna təcrübəsi açıq şəkildə göstərdi: avropalılar üçüncü ölkə üçün ölmək fikrində deyillər”, - deyə A.Martirosyan deyib.
Rizvan FİKRƏTOĞLU
XQ