Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun martın 1-də rəsmi açılış mərasimi keçirilib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan tədbirin dünyada baş verən böhranların diplomatik yollarla həlli baxımından vacibliyini vurğulayıb.
İştirakçıları salamlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il keçirilməsi nəzərdə tutulan forumun təxirə salınmasının əsas səbəbinin fevralın 6-da baş vermiş zəlzələnin olduğunu xatırladıb.
Builki forumun əsas mövzusu barədə danışan Prezident Ərdoğan qlobal siyasətin mövcud vəziyyətinin mövzunun nə dərəcədə düzgün seçildiyini göstərdiyini, bəşəriyyətin ağrılı və böhran dövründən keçdiyini deyib.
Qeyd edilib ki, dünyada baş verən hadisələr yalnız siyasətdə deyil, istehsal, idarəetmə, ticarət, texnologiya kimi bir çox sahələrdə də özünü göstərir. Əmin-amanlıq, sülh və azadlıq əsri olacağına ümid etdiyimiz XXI əsr gözlənilənlərin əksinə, tədricən böhranlar dövrünə çevrilir. Türkiyə isə böhranlardan ən çox təsirə məruz qalan ölkələrdən biridir.
Ərdoğan çıxışında bəşəriyyətin üzləşdiyi digər mühüm problemlərə də diqqət çəkərək beynəlxalq sistemin minimal öhdəlikləri belə yerinə yetirə bilmədiyini vurğulayıb.
Cənubi Qafqazda vəziyyətə toxunan Türkiyə Prezidenti deyib: “Türk Dövlətləri Təşkilatımız vasitəsilə Türk dünyasını birlikdə daha da gücləndirmək üçün işlərimizi davam etdiririk. Qarabağın 30 illik işğalı başa çatdıqdan sonra Ermənistanla başladığımız normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirəcəyik”.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi, Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə bu il “Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq” mövzusunda keçirilən Antalya Diplomatiya Forumunda 20-dən çox dövlət və hökumət başçısı iştirak edir.
XQ