Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Müdafiə Sənayesi Agentliyinin Prezidenti Haluk Görgünlə görüşüb.
Görüş zamanı iki qardaş ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.
Bir sıra istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi, habelə digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
***
Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə də görüşüb.
Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın sülh səyləri, eləcə də sülh prosesinin cari vəziyyəti və ölkəmizin baxışları barədə qarşı tərəfi məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
***
Dünən xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə də görüşüb.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, regional sülh və sabitliyi təhdid edən çağırışlar barədə həmkarını ətraflı məlumatlandırıb. Ermənistan tərəfindən son dövrlərdə daha intensiv xarakter alan siyasi və hərbi təxribatların, bu ölkənin sürətli silahlanaraq aqressiv ritorikasını davam etdirməsinin sülh prosesinə təhdid törətdiyi bildirilib.
Nazir Baxtiyor Saidov COP29-a ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edib, bu mötəbər tədbirin təşkilatında uğurlar arzulayıb, eyni zamanda, Özbəkistanın keçiriləcək tədbirə töhfə verməyə hazır olduğunu söyləyib.
***
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev, Burkina-Fasonun xarici işlər və regional əməkdaşlıq naziri Karamoko Jan Mari Traore, Küveytin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya və Panamanın xarici işlər naziri Janaina Tevaney ilə də görüşüb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
***
Martın 1-də xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitutlaşma: XXI əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” mövzusunda keçirilmiş panel müzakirələrində çıxış edib.
Ceyhun Bayramov TDT-yə üzv dövlətlərlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil etdiyini və dövlətimizin başçısının ötən günlərdə baş tutmuş tarixi andiçmə mərasimində qeyd etdiyi kimi, Türk dünyasının bizim ailəmiz olduğunu vurğulayıb.
Çıxışda tarixi-mədəni ənənələrlə bağlı olduğumuz Türk dünyası çərçivəsində əməkdaşlığımızın müxtəlif, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadi, investisiyalar və digər istiqamətlər üzrə gücləndirilməsinin beynəlxalq sistemdəki mövcud təlatümlərə qarşı dayanıqlılığımızın möhkəmləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb. Bu istiqamətdə Türk dünyasının 200 milyona yaxın insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyi, böyük iqtisadi potensiala, enerji ehtiyatlarına, nəqliyyat marşrutları ilə bağlı imkanlara malik olduğu nəzərə alınaraq, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin zəruriliyi qeyd edilib.
Beynəlxalq münasibətlər sistemi, xüsusilə beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı çağırışların artdığı bir dövrdə regional əməkdaşlığın, o cümlədən TDT-nin əhəmiyyətinin daha da artdığı bildirilib. Bu istiqamətdə, üzv dövlətlərin tarixdə yol verilən əvvəlki səhvləri təkrarlamadan əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi istiqamətində həmrəylik nümayiş etdirməsinin vacib olduğu diqqətə çatdırılıb.
XQ