“Bu il Laçında 5 SES işə salınacaq

post-img

Bu günədək Laçında istismara verilən 4 SES-də 77 milyon kVts yaşıl enerji istehsal edilib. Bu il daha 5 SES işə salınacaq.

“AzərEnerji” ASC-dən bildirilib ki, al­ternativ və bərpa olunan enerji mənbələ­rinə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldıl­ması və digər mütərəqqi prinsipləri özünə prioritet seçən və 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edərək COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək Azərbaycanda yaşıl enerjinin əhatəsi sürətlə genişləndirilir. Xüsusən də, işğal­dan azad edilən ərazilərin yaşıl enerji zo­nasına çevrilməsi ilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq ardıcıl şəkildə su elektrik stansiyaları yaradılır.

“Yaşıl enerji” strategiyasına uyğun olaraq, Laçın rayonunda 9 yerdə su elekt­rik stansiyaları yaradılmaqdadır. Belə ki, bu günə kimi Laçın rayonunda 8,25 meqavat gücündə “Mişni”, 8 meqavat gücündə “Güləbird”, 6 meqavat gücündə “Alxaslı” su elektrik stansiyaları yenidən qurularaq istismara verilib, 4 meqavat gü­cündə “Sus” Su Elektrik Stansiyası bərpa edilib. Nəticədə, bu günə kimi “AzərEner­ji” tərəfindən Laçın rayonunda istismara verilən su elektrik stansiyalarında 77 mil­yon kilovat saatdan artıq ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib.

77 milyon kilovat saat yaşıl enerjinin istehsal edilməsi ilə 18 milyon kubmetr qaza və milyonlarla manat vəsaitə qə­naət edilib və 32 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Ən əsası ekosistemin qorunması üçün zəruri tədbirlər görülüb, stansiyalarda Avropa is­tehsalı olan eko-turbinlər quraşdırılıb.

Hazırda Laçın rayonunda ümumi gücü 40 meqavatdan artıq olan daha 5 su elektrik stansiyasının tikintisi davam edir. Artıq 14,25 meqavat gücündə “Ağbulaq” SES-də işlər tamamilə yekunlaşıb. 14,7 meqavat gücündə “Ağbulaq-2”, 4 meqa­vat gücündə “Qaraqışlaq”, 3,5 meqavat gücündə “Mirik” və 2,8 meqavat gücündə “Zabux” su elektrik stansiyalarında tikinti işləri başa çatıb və hazırda quraşdırma və sazlama işləri həyata keçirilir. 2024-cü ildə, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bu 5 su elektrik stansiyası­nın da istismara verilməsi planlaşdırılır.

XQ

Son xəbərlər