ƏHDİMİZ ƏDALƏT, HÜQUQ, DEMOKRATİYADIR

post-img

Əziz həmvətənlər!

Dəyərli seçicilər! 

Azərbaycan Respublikasının Prezidentliyinə qeydə alınmış namizəd Qüdrət Müzəf­fər oğlu Həsənquliyevin “Böyük dəyişikliklər” adlanan seçki platformasının ordu qu­ruculuğu, Qarabağın bərpası, Ermənistanla münasibətlərin tənzimlənməsi, vətəndaş cəmiyyəti quruculuğu, elm, təhsil, mədəniyyət və səhiyyə sahəsi ilə bağlı hissəsini müzakirənizə təqdim edirik:

 Ordu quruculuğu sahəsində:

– Silahlı qüvvələrə Parlament nəzarəti­nin təşkili, silah-sursatın alışı və satışında Ali Məclisin müvafiq komitəsinin razılığı­nın əsas götürülməsi;

– Peşəkar orduya və ordu quruculuğun­da Türkiyə sisteminə keçidin 2 il ərzində həyata keçirilməsi, müdafiə nazirinin mülki şəxs olması;

– 18 yaşına çatmış oğlanların icbari qaydada və 18 yaşına çatmış qızların kö­nüllülük əsasında 6 ay xidmət çəkməsi, oğlanların silahlı qüvvələrin hesabına pul ödəmələri qarşılığında bu vəzifələrini ye­rinə yetirməkdən azad olunması;

– Azərbaycan Silahlı Qüvvələrinin ən müasir hərbi texnika, silah və sursatla tə­min olunması istiqamətində işlərin davam etdirilməsi, hərbi sənaye kompleksinin in­kişaf etdirilməsi;

– Silahlı qüvvələrin hərbçilərin əmək­haqlarının onların layiqli həyatını təmin edəcək səviyyəyə çatdırılması;

– Peşəkar hərbçilər üçün hərbi xidmət müddətinin 20 il nəzərdə tutulması, həmin müddətin başa çatması ilə ehtiyata gedən hərbçilərin dövlət hesabına mənzillə təmin olunması;

– Xidmətdə olan hərbçilərin həyatının 170 min manat məbləğndə sığorta olunma­sı;

– Şəhid ailələrinə, xidməti vəzifələrini yerinə yetirərkən sağlamlığını itirmiş hərbçilərə və müharibə veteranlarına ödənilən pensiya və müavinətlərin həcminin ilkin mərhələdə ən azı iki dəfə artırılması;

– İstedadlı gənclərin hərbi məktəblərə daxil olmasının stimullaşdırılması.

Qarabağın bərpası, Ermənistanla mü­nasibətlərin tənzimlənməsi istiqamətində görüləcək işlər:

– Ermənistanın ədalətli, beynəlxalq hüquqa əsaslanan sülhə məcbur edilməsi və bu ölkədən təzminat tələb olunması;

– Ermənistan tərəfindən Zəngəzur üzə­rindən Naxçıvana və Türkiyəyə maneəsiz gediş-gəliş təmin olunmayana qədər Er­mənistanla kommunikasiya xətlərinin açıl­maması;

– Ermənistanla sülh sazişi imzalanan­dan sonra Qərbi Azərbaycandan olan soydaşlarımızın Ermənistana öz evlərinə qayıtmasına imkan yaradılacağı halda Qa­rabağda yaşamış ermənilərin qayıtmasına şərait yaradılması;

– Gələcəkdə milli zəmində qarşıdur­maların baş verməməsi üçün ermənilərin Ermənistanda, azərbaycanlıların Azərbay­canda yaşaması istiqamətində Ermənistan və beynəlxalq tərəfdaşlarla danışıqların aparılması;

– Ermənistanla dövlətlərarası sülh sa­zişi imzalandan sonra xalqların barışığı is­tiqamətində ciddi işlərin görülməsi;

– İşğaldan azad olunmuş ərazilərə gi­rişin məhdudlaşdırılmasının dərhal ləğv olunması;

– Xankəndidən olan 16 min məcburi köçkünün və Qərbi Azərbaycandan olan, ağır şəraitdə yaşayan qaçqınların, onlar Ermənistana, vaxtilə zorla qovulduqları ata-baba yurdlarına qayıdanadək, qısa za­man kəsiyində Xankəndidə və ermənilərin köçüb getdiyi digər yaşayış məntəqələrin­də yerləşdirilməsi;

– Kənd yerlərində yaşamış məcburi köç­künlərə özlərinə istədikləri formada, təsdiq olunmuş layihə əsasında evlər tikmək, həyətyanı təsərrüfat yaratmaq imkanının yaradılması, vəsaiti olmayanlara dövlət tərəfindən maliyyə yardımının göstərilmə­si;

– İşğaldan azad olunmuş ərazilərdə tor­paq islahatlarının həyata keçirilməsi, kənd sakinlərinə pay torpaqlarının verilməsi;

– Qarabağa investisiya yatıran sahibkarlara güzəştli kreditlər verilməsi, bu məqsədlə Dövlət Neft Fondunun vəsaitləri­nin əhəmiyyətli hissəsinin yerli banklarda yerləşdirilməsi;

– İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın digər bölgələrindən olan insanlara ev almaq və tikmək hüququnun tanınması.

Vətəndaş cəmiyyəti quruculuğu sahəsində:

– Azərbaycan dövlətinin xarici ölkələr­dən və beynəlxalq təşkilatlardan asılı vəziyyətə düşməməsi, xarici təzyiqlərə müqavimətinin artırılması, sosial-iqtisadi sahədə islahatların aparılması, iqtisadiy­yatda azad bazar və ədalətli rəqabət mü­hitinin formalaşdırılması üçün ölkədəki siyasi qüvvələr arasında qarşılıqlı inam və etimadın əldə edilməsi;

– İş dalınca xarici ölkələrə getmiş və həmin ölkənin vətəndaşlığını qəbul etmiş soydaşlarımız Azərbaycan Respublika­sının vətəndaşlığından imtina etmədiyi halda onların Azərbaycan Respublikası­nın vətəndaşlığı hüququnun saxlanılması, yaxud yenidən bu hüququ almaq istəyən­lərə Azərbaycan Respublikası vətəndaşı pasportunun verilməsi;

– Cənublu soydaşlarımızın ölkəmizə rahat gəlib-getməsi üçün İranla viza reji­minin aradan qaldırılması, sərhəd keçid məntəqələrnin sayının artırılması və keçi­din sadələşdirilməsi;

– Siyasi rəqabətin gücləndirilməsi məqsədilə siyasi partiyaların dövlət tərə­findən maliyyələşdirilməsilə bağlı ədalətli bölgü mexanizmin işlənilib hazırlanması və tətbiqi;

– Dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının və müstəqilliklərinin gücləndirilməsi;

– Azərbaycan Dövlət Televiziyasının (AzTV) bazasında 24 saat ingilis və rus dillərində xəbər yayımlayan yeni teleradio şirkətlərinin yaradılması;

– Vətəndaş cəmiyyəti quruculuğu pro­sesinin inkişaf etdirilməsi məqsədilə qeyri hökumət təşkilatlarının fəaliyyətinə dövlət dəstəyinin gücləndirilməsi. 

Elm, təhsil, mədəniyyət və səhiyyə sahəsində:

– Hər bir vətəndaşımıza öz intellektual potensialını və bacarığını reallaşdırmaq üçün münbit və bərabər şərait yaradılması;

– Tam orta təhsilin icbari olması, repeti­torluğa son qoyulması üçün orta məktəbin buraxılış imtahanlarının nəticələrinə uy­ğun olaraq ali və orta ixtisas məktəblərinə qəbulun həyata keçirilməsi;

– Ölkədə ali təhsilli şəxslər iqtisadi fəal əhalinin 16.6%-ni təşkil edir ki, bu nəinki Avropada, hətta MDB-də sonuncu göstə­ricidir. Dünyada bu göstərici 30-40% ara­sında dəyişir. Yeni universitetlərin yaradıl­masının stimullaşdırılması ilə 5 il ərzində vəziyyətin əhəmiyyətli səviyyədə dəyişdi­rilməsi;

– Ali təhsil müəssisələrinin özəlləşdiril­məsi;

– Hər il ölkəmizdə təhsil alacaq Cənubi Azərbaycandan olan 1000 (min ) tələbənin təhsil haqqının dövlət tərəfindən ödənil­məsi;

– Elmlər Akademiyasının ləğv edilməsi və onun bazasında özəl ali məktəblərin ya­radılması;

– Elmi işlərin müdafiəsi zamanı bürok­ratik əngəllərin aradan qaldırılması;

– Gənc nəslin təhsilə, elmə marağının artırılması üçün gənc alimlərin sosial mü­dafiəsinin gücləndirilməsi;

– Yüksək ixtisaslı kadrların hazırlan­ması məqsədilə hər il ən azı 500 tələbənin dövlət hesabına dünyanın aparıcı universi­tetlərinə göndərilməsi;

– Dünyanın ilk sıralamada yer alan 200 nüfuzlu universitetini bitirən gənclərin im­tahansız və müsabiqəsiz dövlət qulluğuna və büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlara işə qəbulu;

– Ali məktəblərin idarə edilməsində pro­fessor-müəllim heyətinin rolunun yüksəl­dilməsi, bu məqsədlə rektorların ali mək­təblərin Elmi Şurası tərəfindən seçilməsi;

– Azərbaycan dilinin və ədəbiyyatının, tariximizin, musiqimizin, təsviri incəsənə­timizin, eləcə də mədəniyyətimizin digər sahələrinin inkişafı və təbliği üçün müvafiq proqramların qəbulu və həyata keçirilməsi;

– Xarici dillərin, xüsusilə də beynəlxalq dil olan ingilis dilinin öyrənilməsi üçün xü­susi dövlət proqramının qəbul edilməsi;

– Məktəblərdə Türkiyə türkcəsinin təd­risi;

– “Hər məktəbliyə kompüter, hər kəndə yüksək sürətli internet” proqramının həya­ta keçirilməsi;

– Təhsildə uzunmüddətli fasilələrə yol verməmək üçün orta təhsil müəssisələrin­də 2 tətilin nəzərdə tutulması, yay tətilinin 45 gün – iyulun 15-dən sentyabrın 1-dək, qış tətilinin isə 10 gün – dekabrın 30-dan yanvarın 10-dək müəyyənləşdirilməsi, bu­raxılış imtahanlarının tədris ilinin sonunda keçirilməsi;

– Orta məktəblərdə həftədə 5 günlük tədrisə keçilməsi. Məktəb tikintisini sürət­ləndirməklə, özəl məktəblərin tikintisini stimullaşdırmaqla 2 və 3 növbəli tədrisə son qoyulması;

– Məktəb və idman kompleksləri inşa edən fiziki və hüquqi şəxslərə güzəştli qiy­mətlərlə dövlətin torpaq fondundan tikinti sahələrinin ayrılması və aşaği faizlə uzun­müddətli kreditlərin verilməsi;

– Bədən tərbiyəsinə və idmana dövlət qayğısının daha da artırılması;

– Hakimiyyət orqanlarında, dövlət idarə,müəssiə və təşkilatlarında vəzifə tu­tan şəxslərin idman federasiyalarına rəh­bər seçilməsinin qadağan olunması;

– Büdcədən maliyyələşən işçilərin əməkhaqqlarının onların layiqli həyatını tə­min edəcək səviyyəyə çatdırılması;

– Əksər tibb müəssisələrinin yalnız tə­yinati üzrə istifadə edilməsi şərtilə özəlləş­dirilməsi;

– Bütün növ xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya daxil edilməsi;

– Dövlət tibb müəssisələrinin ən müasir avadanliqlarla təmin olunması;

– Quru sərhədlərinin dərhal açılması, sərhədyanı bölgələrdə yaşayan əhalinin qonşu ölkələrə rahat və ucuz səyahət et­mək, müalicə olunmaq, alış-veriş etmək hüququnun bərpa olunması.

 

Prezidentliyə namizədin ödənişsiz təşviqat materialı

Son xəbərlər