Komissiya üzvlərinin bilik və bacarıqları artırılıb

post-img

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri davam edir. Seçki məntəqələri, demək olar ki, hazırlıq işlərini başa çatdırmaq üzrədir. Hazırda bildirişlərin paylanılması prosesi davam edir. 49 saylı Abşeron ikinci seçki dairəsinin əhatəsindəki seçki məntəqələrində də seçkinin mütəşəkkil başa çatması üçün bütün imkanlardan istifadə olunur. Dairə üzrə yaradılan 38 seçki məntəqəsində hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təlimatları üzrə aparılır. Builki seçkilərdə dəqiqləşdirilmiş seçici siyahısı üzrə 49 min 579 nəfər qeydə alınıb.

Dairədən verilən məlumata görə, 18 yaşına çatan 34 seçici ilk dəfə səsvermə hüququndan istifadə edə biləcək. Onlar­la maarifləndirmə söhbətləri aparılmış və seçki prosesinə hazırlanmışdır. Dairə üzrə yaşlı seçicilər də müəyyənləşdiri­lib. Yaşı 80-dən çox olanı seçicilərin 764 nəfəridir. 

Dairə Seçki Komissiyasının sədri Rafəddin Nağdəliyev söhbət əsnasında bildirdi ki, Azərbaycan xalqı suverenliyini tam bərpa etdikdən sonra ilk dəfə seç­kilərə hazırlaşır. Mərkəzi Seçki Komis­siyası aşağı seçki komissiyasının üzv­ləri üçün genişmiqyaslı maarifləndirmə proqramı həyata keçirir. Məntəqə seçki komissiyasının üzvləri üçün keçirilən treninqlər isə yekunlaşıb. Treninqlər­də seçki gününə dair sənədlərin tərtibi, prosesin gedişi, seçici–məntəqə komis­siya üzvünün münasibətləri və digər vacib məsələlər izah olunur. Təlimlərə məntəqə seçki komissiyalarının bütün üzvləri cəlb olunub. 

Treninqləri Mərkəzi Seçki Komissiya­sının təşkil etdiyi “Trenerlər üçün treninq” kursunda iştirak etmiş dairə komissiya­larının üzvləri aparır. Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” ki­tabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani ma­teriallar təqdim olunub.

DSK sədri deyib ki, seçki prosesinin şəffaflığını təmin etmək məqsədi ilə altı məntəqədə müşahidə kameraları quraş­dırılıb. Seçki günü məntəqələrdə səs­vermə prosesi haqqında məlumatların cəmiyyətə çatdırılması üçün yerli və bey­nəlxalq müşahidəçilərin, media subyekt­lərinin fəaliyyətinə qanunvericiliyə uyğun şərait yaradılacaq, səsvermə prosesinin yüksək səviyyədə təşkili təmin olunacaq.


Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər