Azad edilmiş ərazilərdə seçkiyə hazırlıq

post-img

Növbədənkənar prezident seçkiləri ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bu məqsədlə 26 seçki məntəqəsi yaradılıb.

Azərbaycan Respublikası Preziden­ti Administrasiyasının və Mərkəzi Seçki Komissiyasının nümayəndələri seçkilərə hazırlığın vəziyyətini öyrənmək üçün iş­ğaldan azad olunmuş Ağdərə, Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Xankəndi ərazisində yaradılan seçki məntəqələrinə baxış keçiriblər. Seçkiyə hazırlığın vəziyyəti məntəqə sədrləri və üzvləri ilə birgə müzakirə edilib.

Bildirilib ki, seçki prosesinin tam şəf­faf və demokratik şəraitdə keçməsi üçün hər cür şərait yaradılıb. Bütün seçki məntəqələri lazımi avadanlıq və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olu­nub. Məntəqələrə seçki qutuları və lazı­mi inventar avadanlıqlar paylanılıb, seçi­ci siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə mürəkkəb və ultra­bənövşəyi lampalar və digər zəruri vəsa­itlər gətirilib. Katib və üzvlər, habelə seç­kini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqatın aparıl­ması və təşviqat materiallarının lövhələr­də yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilib.

Azərbaycan Respublikası Prezi­denti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdirinin müavini Niyaz Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan öz dövlət suve­renliyini tam bərpa etdikdən sonra ölkə­mizin bütün ərazisində ilk dəfə olaraq keçiriləcək prezident seçkilərinin azad, demokratik və şəffaf şəkildə təşkili üçün şəhər və rayonlarda böyük hazırlıq işləri aparılır. Artıq 6319 seçki məntəqəsi seç­kilərə tam hazırlıq vəziyyətinə gətirilib. Min seçki məntəqəsinə veb-kameraların quraşdırılması təmin edilib: “Biz Azər­baycan Respublikası Prezidenti Admi­nistrasiyası rəhbərinin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdəyik və bu ərazilərdə seçkilərə hazırlığın vəziy­yətini öyrənirik. Azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi təşkil edilib. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qey­də alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır.

O qeyd edib ki, Mərkəzi Seçki Ko­missiyasının nümayəndələri ilə bir yerdə seçki məntəqələrinin monitorinqi keçirilir. Bütün seçki məntəqələrinin maddi-tex­niki təchizat məsələləri öz həllini tapıb. Seçki məntəqələri etibarlı rabitə, fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaşları­nın bütün ölkə ərazisində olduğu kimi, iş­ğaldan azad olunmuş ərazilərdə də rahat səs verməsi üçün hər cür şərait yaradılıb. Seçkilərin azad, demokratik və şəffaf şə­kildə keçirilməsi təmin olunacaq.

Mərkəzi Seçki Komissiyası Katibliyi­nin müdiri İlqar Əlizadənin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə seçki məntəqələri üçün yüksək səviyyədə bina­lar ayrılıb: “Hər bir seçki məntəqəsi lazımi kommunikasiya ilə təmin olunub. Seçki məntəqələrinin yerləşdiyi otaqların təc­hizatı başa çatdırılıb. Məntəqələrə elekt­rik enerjisinin fasiləsiz verilməsi nəzarət altındadır. Mərkəzi Seçki Komissiyası olaraq, biz də seçki məntəqələrini lazımi təchizatla təmin etmişik. Seçki məntəqələ­ri seçki günü istifadə olunacaq ultrabənöv­şəyi lampalar, səsvermə kabinələri, şəffaf seçki qutuları, seçici siyahıları və digər sair ilə təchiz olunub”.

XQ

Son xəbərlər