Seçkilərdə medianın hüquqları, vəzifə və məsuliyyəti

post-img

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar dünən Mərkəzi Seçki Komissiyasının nəzdində Mətbuat qrupunun iclası keçirilib. Qrupda təmsil olunan MSK üzvləri və qrup üzvü olan müvafiq media qurumları nümayəndələrinin, habelə beynəlxalq müşahidəçinin iştirak etdiyi iclasda əvvəlcə prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat proseslərinin gedişi barədə məlumat verilib. 

Qeyd edilib ki, yanvarın 15-dən eti­barən seçkiqabağı təşviqat başlanıb və bu mərhələ səsvermənin başlanmasına 24 saat qalmış bitəcək. Müxtəlif siyasi partiyalar tərəfindən irəli sürülən, eləcə də öz təşəbbüsü ilə seçkilərə qatılan 7 namizəd qeydə alınaraq demokratik seç­ki mübarizəsinə qoşulub. Eyni zamanda, seçkiqabağı təşviqatın aparılması üçün geniş imkanlar və hərtərəfli şəraitin təmin olunması diqqətə çatdırılıb. Prezidentliyə namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşləri üçün 125 seçki dairəsi üzrə 139-u açıq, 139-u qapalı olmaqla, ümumilikdə 278 ye­rin ayrılması barədə məlumat verilib. 

Bütün təşviqat subyektləri üçün ödə­nişsiz olan bu yerlərdə, heç bir icazə al­madan, sadəcə, digər namizədlərin və namizədi qeydə alınmış siyasi partiyala­rın görüşləri ilə üst-üstə düşməsin deyə, dairə seçki komissiyalarını əvvəlcədən məlumatlandırmaqla seçicilərlə görüşlər keçirmək olar. Diqqətə çatdırılıb ki, Seçki Məcəlləsi qanunvericiliklə qadağan olun­mayan digər yerlərdən istifadə edilməsinin mümkünlüyünü də təsbit edir. Namizədlər tərəfindən müraciət olunarsa, bütün təş­viqat subyektləri üçün bərabərlik prinsi­pi gözlənilməklə və eyni əsaslarla, dairə seçki komissiyalarının yerli qurumlarla əməkdaşlığı şəraitində başqa məkanların təmin olunması da nəzərdə tutulur.

Bu seçkilərdə “Azərbaycan” , “Xalq qəzeti”, “Bakinski raboçi” və “Respublika” qəzetlərində də dərc imkanı yaradılıb. Bu­nunla da ödənişsiz əsaslarla seçkiqabağı təşviqat aparılması mümkün olan döv­rü nəşrlərin sayı 4-ə çatdırılıb. Ödənişli əsaslarla seçkiqabağı təşviqat aparılması üçün mediadan daxil olan və təmin edilən 44 müraciət, əvvəlki illərlə müqayisədə medianın qarşıdan gələn seçkilərdə daha yüksək fəallığının göstəricisidir.

İctimai televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutu­landan 2 dəfə artıq – həftəlik 6 saat ödəniş­siz efir vaxtı ayrıldığı da diqqətə çatdırılıb. Qeyd olunub ki, hüququ olan subyektlər həmin vaxtın 3 saatını televiziyada, 3 sa­atını isə radioda “dəyirmi masa” formatına uyğun istifadə edirlər. Yanvarın 15-də İcti­mai Televiziya və Radio Yayımları Şirkə­tində ilk debat keçirilib və qanunvericiliklə ziddiyyət təşkil edən hər hansı bir hal baş verməyib. Efir vaxtı müntəzəm olaraq gü­nün daha baxımlı vaxtlarında – həftədə 3 gün hər dəfə 1 saat olmaqla saat 21:00-da televiziya izləyicilərinə, 3 gün də hər dəfə 1 saat olmaqla saat 21:00-da radio din­ləyicilərinə təqdim olunacaq. Debatlar ilk dəfə İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəsmi sosial media hesabından birbaşa yayımlanır ki, bu da namizədlərin seçkiqabağı platformasının daha geniş auditoriyaya çatdırılmasında əlavə bir va­sitə kimi önəmli rol oynayır.

İclasda MSK nəzdində Mətbuat qru­punun funksiya, səlahiyyət və vəzifələri də bir daha xatırladılıb. Qeyd edilib ki, fəaliyyəti Seçki Məcəlləsi və MSK tərə­findən qəbul edilmiş müvafiq əsasnamə ilə tənzimlənən Mətbuat qrupu mediada seçkiqabağı təşviqatın aparılması qayda­larına əməl olunmasına nəzarəti həyata keçirir. Üzvlərinin əksəriyyətinin jurnalis­tika sahəsində çalışan mütəxəssislərdən ibarət olan qrup öz fəaliyyətində seçkiqa­bağı təşviqata dair qanunvericiliklə müəy­yən olunmuş tələbləri, MSK tərəfindən qəbul edilmiş, eləcə də digər normativ xa­rakterli aktları rəhbər tutur. Mətbuat qrupu, həmçinin mediada seçkiqabağı təşviqatın aparılmasının müəyyən olunmuş qayda və üsullarına əməl edilməsi üçün tədbir­lər görür, zəruri hallarda həmin müraciət­lər üzrə təkliflərini MSK-nın müzakirəsinə çıxarır.

İclasda medianın seçkilərdə rol və vəzifələrindən də söhbət açılıb və qeyd olunub ki, seçkiləri mediasız təsəvvür et­mək qeyri-mümkündür. Media seçkilərdə azad və sərbəst şəkildə iştirak edir, icti­maiyyətin məlumatlandırılmasına mühüm töhfələr verir. Həm proseslərin aşkarlığı­nın və şəffaflığının təmin olunmasında, həm seçkiqabağı təşviqat mərhələsində, həm də səsvermə günü öz peşə fəaliyyə­tini yerinə yetirərkən qanunvericilik media üçün hüquqlarla yanaşı, vəzifə və məsu­liyyətlər də müəyyən edir. Seçki prosesi­nin bütün iştirakçıları Seçki Məcəlləsinin və müvafiq qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etməlidirlər.

İclasda, həmçinin prezident seçkiləri ilə əlaqədar zərurət yarandıqda və ya ai­diyyəti üzrə müraciət daxil olduqda Mətbu­at qrupunun növbəti iclaslarının keçirilmə­sinin mümkünlüyü də diqqətə çatdırılıb. 

Sonda seçkilərin mediada işıqlandırıl­ması, seçkiqabağı təşviqatla bağlı ümu­mi tələblər, bu mərhələdə iştirak hüququ olan subyektlərin rol və vəzifələri, habelə mətbuat qrupunun funksiyaları ilə bağlı müxtəlif məsələlər ətrafında geniş müza­kirələr aparılıb və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər