Azərbaycan Demokrat Firqəsinin “21 Azər həftəsi” çərçivəsində təşkil etdiyi silsilə tədbirlər “Heydər Əliyev və Güney Azərbaycanda milli azadlıq hərəkatı” mövzusunda konfransla başa çatıb.
Məclisdə məruzə ilə çıxış edən professor Eynulla Mədətli ulu öndər Heydər Əliyevin liderlik fəaliyyətinin Güney Azərbaycanla bağlı səhifələrindən, Ulu öndərin azərbaycançılıq və Dünya azərbaycanlılarının mənəvi birliyi ideyasının formalaşmasında misilsiz xidmətlərindən söhbət açıb. ADF MK-nın beynəlxalq əlaqələr üzrə məsulu Abdulla Əmir Haşimi, Cavanşir, Ayda Əmir Haşimi, ADF-nin Vaşinqton nümayəndəsi Rəhim Şahbazi və digərləri məruzələr ətrafında çıxışlarında Ümummilli liderin siyasi fəaliyyətində milli-mənəvi varlığımızın qorunması və yaşadılmasının önəmli yer tutduğunu vurğulamışlar.
Xatırladaq ki, “21 Azər həftəsi” çərçivəsində konfranslarda ADF-nin sədri Rəhim Hüseyinzadənin, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kaziminin, Sədrəddin Soltanın, Məhəmmədrza Bagban Kəriminin məruzələri dinlənilmiş, fəlsəfə doktoru, dosent Subhan Talibinin Təbriz şəhərində çap olunmuş “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” kitabının təqdimatı keçirilmişdir.
Konfransların materialları Azərbaycan və ingilis dillərində çap olunacaq.
Kamal NİKBİN

