Yaxud 70 illik ömrün “Xalq qəzeti”ndə keçən 44 ili
İnsanlar mətbuatın nə demək olduğunu dərk edəndən bəri bu müqəddəs dəyərimizin “həyatında” dövri olaraq çoxsaylı yeniliklərin, dəyişikliklərin şahidi olublar. Əvvəlcə bir, iki və ya dörd səhifəlik qəzetlə ərsəyə gələn mətbuat sonra öz yolunu çoxsəhifəli jurnal, radio, daha sonra televiziya və nəhayət, elektron informasiya vasitələri ilə davam etdirməli olmuşdur.
Ancaq mətbuatın həyatındakı dəyişikliklər bununla da bitmir. Əvvəllər mətbuat vasitəsi üçün yaza bilən müəllif və hərfləri tanıyan oxucu lazım idi. Sonra bunlarla yanaşı, himayədar (sponsor ) da lazım oldu. Daha sonralar abunəçilərə, müxtəlif istiqamətli texniki işçilərə və nəhayət, reklamçılara ehtiyac duyuldu. Bu yazımızın qəhrəmanı da məhz həmin sonuncuların – reklam mütəxəssislərinin ən üzdə olan simalarındandır.
O vaxtlar ölkədə yeganə olan Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirən, seçdiyi peşənin ən incə məqamlarını dərindən öyrənən, təxminən, 44 il eyni kollektivdə çalışan, müxbir olaraq “Kommunist” kimi aparıcı rəsmi qəzetin bir neçə şöbəsində uğurla fəaliyyət göstərmiş bir həmkarımız haqqında olan sətirlərdə onun şöbə müdiri vəzifəsində çalışdığı otuz ili xatırlatmağımız təsadüfi deyil. Çünki SSRİ-nin çökməsindən sonra postsovet məkanının bütün rəsmi qəzetləri özünü maliyyələşdirən və ya təsərrüfathesablı quruma çevrildiyinə görə həmin redaksiyaların mühüm vəzifələrindən biri də məhz kollektiv üzvlərinin maraqlarını qoruya biləcək qədər reklam cəlb etmək idi. Bəri başdan deyək ki, Ruslan Rəfizadə bütün fəaliyyəti dövründə bu işin öhdəsindən uğurla gəlmişdir. Bu arqumentimizi əsaslandırmaq üçün əlimizdə çoxsaylı faktları sadalamaq fikrinə düşsək, uzun bir siyahı alınar. Təkcə onu deyim ki, mənə etdiyi unudulmaz yaxşılıq 2006-cı ildə Həcc ziyarətində olarkən müqəddəs Allah evinin – Kəbənin təvafı zamanı gözümün qarşısına ilk növbədə gələn Ruslanın təmənnasız köməyi oldu, ona və övladlarına sidq-ürəkdən dualar dilədim.
O, indi çalışdığı “Xalq qəzeti”nə 1980-ci ildə – o vaxtlar ali rəhbər orqan olan Azərbaycan KP MK-nın təyinatı ilə göndərilmişdi. Sonradan isə taleyini birdəfəlik bu nüfuzlu redaksiya ilə bağlamış və hələ də kollektivin sıralarındadır. Biz onu kamil reklam mütəxəssisi kimi təqdim etsək də, hər gün qəzetdə gedən yazıların hamısına diqqətlə nəzər salır və bir çox məsələlərə öz münasibətini bildirir. Xüsusən, kimlərinsə Azərbaycan dilinə sırımaq istədiyi yad ifadələrin qəzet səhifəsinə gətirilməsinə ciddi şəkildə etiraz edir. Həmin məsələ mənim də “yaralı yerim” olduğuna görə, Ruslan müəllimin bütün irad və etirazlarını dəstəkləyirəm.
Az qala, hər gün ondan “bizim müəllimlərimiz belə öyrətməyiblər” – ifadəsini eşidirəm. Yeri gəlmişkən, mən BDU-nu və jurnalistika fakültəsini bitirməsəm də, həmin fakültənin müəllimlərini bəlkə də oranın məzunları qədər tanıya bilmişəm. Çünki Ruslan Rəfizadə hər gün universitet müəllimləri haqqında bir əhvalat danışır, hansısa maraqlı məqamı və ya ustad saydığı insanların tövsiyələrini yada salır. Elə bir gün olmur ki, respublikanın tanınmış, millətsevər ziyalıları olan Mir Cəlal, Nəsir İmanquliyev, Nurəddin Babayev, Seyfulla Əliyev, Şirməmməd Hüseynov, Famil Mehdi, Tofiq Rüstəmov, Əliş Nəbili, Yalçın Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov, Mahmud Mahmudov və Nəsir Əhmədli kimi müəllimləri haqqında nə isə danışmasın.
Elə artıq vəfat etmiş və ya burada çalışmayan iş yoldaşlarını da daim ehtiramla xatırlayır və maraqlı xatirələr danışır. Etiraf edir ki, Rəşid Mahmudov, Alp Ağamirov, Kazım Ələkbərov, Cəmil Əlibəyov, Ramiz Əhmədov, Şamil Şahməmmədov, Rafael Nağıyev, Cəlil Xəlilov, Əşrəf Hacıyev, Telman Heydərov, Telman Əliyev, Firdovsi Zamanov, Firudin Rəsulov, Rafiq Həsənov, İlham Rəhimli, Ziyəddin Sultanov və jurnalistikanı müqəddəs peşə sayan, qədir-qiymətə çatdıran digər insanlardan həm yaradıcılıq, həm də həyat dərsi almışdır.
Bir məqamı da xüsusilə vurğulamaq istəyirəm. Ruslan Rəfizadə bəlkə də ölkə mətbuatında barmaqla sayıla biləcək jurnalistlərdəndir ki, həm redaksiyanın, həm də əməkdaşların üzləşdiyi hansısa çətinliklərin aradan qaldırılmasına cidd-cəhdlə çalışır və istəyinə nail olur. Bu işdə onun prinsipiallığına və qanunları yaxşı bilməsinə həsəd aparmaq olar. Üstəlik, uzun illərdir ki, “Xalq qəzeti” redaksiyası həmkarlar ittifaqı komitəsinin sədridir. Maraqlıdır ki, onun otuz ildən çox rəhbərlik etdiyi həmin posta yiyələnməyə başqa kiminsə iddialı olduğunu görməmişik. Hər halda, mənim burada çalışdığım 27 ildə belə bir söz eşitməmişəm. Çünki, əvvəla, kimsə o vəzifəni Ruslan müəllim kimi apara biləcəyinə əmin deyil. İkinci, onun redaksiya həmkarlar ittifaqı komitəsinin sədri olması kollektiv üzvlərinin hamısına sərf edir. O, iş yoldaşlarının məişət qayğılarından tutmuş istirahətinə, narahatlıqlarına qədər hər məsələdə ürək genişliyi ilə əlindən gələni əsirgəmir.
Hörmətli oxuculara bu sətirlərin qəhrəmanı haqqında xatırlatmaq istədiyimiz başqa bir fakt isə ondan ibarətdir ki, Ruslan Rəfizadə ötən əsrin əvvəllərində istiqlal mübarizəsində, erməni soyqırımlarına və xalqımıza yönəlmiş digər qəsdlərə qarşı mübarizədə öndə getmiş Rəfibəylilər nəslinə mənsub ailədə doğulub, tərbiyə alıb. Onun bir çox üstün keyfiyyətləri məhz bu nəslin xalq işinə sədaqətindən, insanlara xeyirxah münasibətindən qaynaqlanır.
Danışır ki, otuzuncu illərdə bütün nəslimizi repressiyaya məruz qoyub, pərən-pərən salıblar. Hələ də qohumlarımızın çoxu qürbətdə yaşayır: “Nənəm, anam və üç dayım sürgün taleyi yaşayıblar. Atam-anam (hər ikisi Rəfibəylilərdəndir) ömürləri qorxu, təlaş və səksəkə içərisində keçib. Bütün bunlara baxmayaraq, Vətəndə qalan qohum-əqrəbam hər sahədə namusla çalışıb, xalqa gərəkli olub. Mən nəslimlə öyünməkdən çox, onun adına layiq olmağa çalışmışam. Düzü, o qədər ağrı-acılar çəkmişik ki, Rəfibəyli olmağımla öyünmək arxa planda qalıb”.
Peşəkar jurnalist, təəssübkeş kollektiv üzvü, gözəl ailə başçısı, səmimi dost, “Tərəqqi” medallı Ruslan Rəfizadəni anadan olmasının 70 illiyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!
İttifaq MİRZƏBƏYLİ
XQ

