Nobelçi azərbaycanlı – Bəxtiyar Siracov

post-img

Norveç Sülh Komitəsinin qərarı ilə 2005-ci ildə Nobel Mükafatına layiq görülən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) əməkdaşları sırasında soyda­şımız Bəxtiyar Siracov da var. O, bu mükafatı alan Azərbaycan əsilli ilk alimdir. 

Bəxtiyar Siracovu xatırlamağımı­za onun dostu – Gürcüstanda yaşayan tədqiqatçı alim Mahmud Kamaloğlu səbəb oldu. Uzun illərdən bəri Nobel mükafatçısı ilə dostluq edən professor Mahmud Kamaloğlunun söylədikləri məş­hur həmyerlimizi daha yaxından tanıma­ğa imkan verdi. 

Bəxtiyar Tahir oğlu Siracov 1957-ci il ildə Bakıda ziyalıailəsində doğulub. Ba­kıdakı 82 saylı orta məktəbdə oxuyub, sonra Azərbaycan Dövlət Universiteti­nin (indiki Bakı Dövlət Universiteti) “Tət­biqi riyaziyyat” fakültəsini bitirib. Əmək bioqrafiyasında Azərbaycan Milli Elim­lər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun (indiki İdarəetmə Sistemləri İnstitutu), Rusiya Elmlər Akademiyasının, Slovakiyanın paytaxtı Bratislava şəhə­rindəki Slovakiya Elmlər Akademiyasının adları keçir. 1995-ci ildə Avstryada Vyana Beynəlxalq Mərkəzinin nəzdində yerləşən AEBA-da işə qəbul olunur. Bəxtiyar Sira­cov keçən əsrin 80-ci illərində SSRİ-də fərdi kompüterlər üçün proqram texno­logiyaları sahəsində öndə dayanan təd-qiqatçılardan olub, bu gün də AEBA-da çalışır və informasiya sistemlərinin proq­ram təminatı şöbəsinə rəhbərlik edir.

2005-ci ildə Norveç Sülh Komitəsinin qərarı ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və onun baş direktoru Məhəm­məd əl-Baradei nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınmasında və nüvə enerjisindən dinc məqsədlər üçün təhlükəsiz şəkildə istifa­də edilməsinin təmin olunmasında göstər­dikləri xidmətlərə görə Ali Sülh mükafatı­na layiq görülüblər. Agentliyin binasının girişində asılmış lövhədə bu mükafata layiq görülmüş heyətin tərkibində Bəx­tiyar Siracovun da adı görünməkdədir. Beləliklə o, Bakıda dünyaya gəlmiş, XX yüzilliyin əfsanəvi fiziki Lev Landaudan sonra Nobel mükafatına layiq görülən 2-ci azərbaycanlı kimi tarixə düşüb.

Bəxtiyar Siracov elmi fəaliyyəti ilə ya­naşı, mədəni-ictimai fəaliyyətlə də məş­ğuldur. O, Vyana Beynəlxalq Mərkəzinin nəzdində yaradılmış incəsənət klubunun üzvüdür, Avstraliya paytaxtında azərbay­canlı rəssamların sərgilərini təşkil edib.

Beynəlxalq Nobel Sülh mükafatçısı olan həmyerlimizin Eldar və Elşən adlı iki oğlu var. Eldar Vyana Texnologiya Uni­versitetinin məzunudur, şəxsi kompüter şirkəti var və kompüter qrafikası ilə məş­ğuldur. Kiçik oğlu Elşən İngiltərənin Ro­yal Holluey Universitetində və ABŞ-da ali təhsil alıb. Hazırda Vyanada yaşayır və işləyir.

N.QƏDİMOĞLU
XQ

Mədəniyyət