“Qərbi Azərbaycan aşıqları”

post-img

Azərbaycan Aşıqlar Birliyində (AAB) daha bir layihə uğurla başa çatdırı­lıb. Son illərdə bir sıra sanballı nəşrlər ərsəyə gətirən birlik bu dəfə Qərbi Azərbaycan aşıqlarının poetik yaradıcılıq nümunələrindən ibarət anto­logiyanı təqdim edib. 

AAB-nin katibi Musa Nəbioğlu bildirib ki, XVI əsrdən bu yana Qərbi Azərbayca­nın ayrı-ayrı mahallarında – İrəvan, Zən­gəzur, Dərələyəz, Göyçə, Qaraqoyunlu, Dərəçiçək, Loru və Ağbabada yaşayıb-ya­ratmış ustad sənətkarların zəngin ədəbi irsindən nümunələrin yer aldığı toplu soy­daşlarımızın dədə-baba yurdu olan əra­zilərdə sənət ənənəsi, tarixi-mədəni pro­sesin inkişaf dinamikası, coğrafi arealın hansı milli-mənəvi zənginliyə köklənməsi haqqında bilgi vermək baxımından mü­hüm bir qaynaqdır.

Antologiyanın hazırlanmasında əsas məqsəd regionun söz-sənət yükünü qo­ruyub gələcək nəsillərə çatdırmaq, eyni zamanda, sənətə yenicə qədəm qoyan yeniyetmə və gənclərin repertuar zənginli­yini genişləndirməkdir.

Topluda XVI əsrdə yaşayıb-yaratmış Miskin Abdaldan üzübəri bir çox böyük saz-söz ustadlarının – Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Məhərrəm Alçalı, Ululu Kə­rim, Çobankərəli Cəfər kimi sənətkarlarla yanaşı, erməni təcavüzü nəticəsində öz dədə-baba yurdlarından didərgin düşüb, bu gün Azərbaycanın müxtəlif guşələrin­də yaşayan, Qərbi Azərbaycandakı aşıq sənəti ənənəsini davam etdirən çağdaş aşıqların yaradıcılıq nümunələrinə də yer ayrılıb.

Antologiyanı nəşrə professorlar Məhər-rəm Qasımlı, Mahmud Allahmanlı, Əmək­dar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru Altay Məm­mədli hazırlayıblar.

XQ

Mədəniyyət