Türk dövlətləri: elmi əsaslı birgə fəaliyyət

post-img

Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova dekabrın 26-da Ankarada Beynəlxalq Türk Akademiyası, Türkiyə Elm və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) və Türk Dövlətləri Təşkilatının Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən “Türk dövlətləri arasında regonal və qlobal məsələlərin həlli üçün elmi əsaslı çoxtərəfli əməkdaşlıq və birgə fəaliyyət” adlı seminarında iştirak edib. 

Mehriban İmanova tədbirin plenar iclasında çıxış edərək Azərbaycan Elm Fondunun əsas fəaliyyət istiqamətləri, ölkəmizdə tədqiqat, innovasiya fəa­liyyətlərinə fond tərəfindən göstərilən dəstək haqqında məlumat verib. 

İcraçı direktor bildirib ki, fond dün­yanın bir sıra innovativ müəssisələri, elmi fondları, o cümlədən TÜBİTAK ilə elm, təhsil, innovasiya sahəsində bilik və təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq əlaqələrini davam etdirir, birgə layihələrin həyata keçirilməsində yaxından iştirak edir.

O, türk dövlətlərinin elmi əsaslı birgə fəaliyyətini nəzərdə tutan semi­narın əhəmiyyətini vurğulayaraq, elm və texnologiya sahələrində institut və mərkəzlər arasında əməkdaşlığın türk ölkələri üçün bir çox üstünlüklər təqdim etdiyini diqqətə çatdırıb. Qeyd edək ki, seminarın əsas məqsədi iştirakçı müəssisə və qurumlar arasında şə­bəkələşmə və əməkdaşlıq üçün zəmin yaratmaqdan ibarətdir. 

Tədbirdə elm və texnologiya sahələrində birgə tədqiqat və təkmilləş­dirmə layihələrinin hazırlanması, bilik və təcrübə mübadiləsinin təşviqi və türk dövlətləri daxilində potensialın artırıl­masına dəstək məqsədilə əməkdaşlıq məsələləri müzakirə olunub. 

Qabil YUSİFOĞLU
XQ

Son xəbərlər