Qərb bölgəsi xəbərləri

post-img

Gəncənin işıqlandırma və təmizlik şəbəkəsi yeniləşdirilir

Gəncədə Avropa Yenidənqurma və İnkişaf Bankından ayrılan kredit vəsa­iti ilə bərk məişət tullantılarının idarə edilməsi və küçələrin işıqlandırılması layihələri üzrə məsləhətçi şirkətlərlə şəhər icra hakimiyyəti arasında müqa­vilələrin imzalanma mərasimi olub.

Mərasimdə Gəncə Şəhər İcra Ha­kimiyyətinin başçısı Niyazi Bayramov, “Teknik TEMPO Uluslararası Mühendis­lik A.Ş.”ın icraçı direktoru Evren Akyol, “Urban Technology Alliance”ın rəhbəri Andryu Levkonyuk, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəs­sisə, təşkilat rəhbərləri iştirak ediblər. Ni­yazi Bayramov bildirib ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə 2020-ci ildə Azərbaycanda ilk olaraq, məhz Gəncə şəhəri Avropa Yenidənqurma və İnkişaf Bankının "Yaşıl şəhərlər" proqramına qo­şulub və bu yöndə infrastruktur layihələrin icrası gözlənilir. 

Layihə çərçivəsində Gəncə şəhərin­də küçələrin işıqlandırılması infrastruk­turunun təkmilləşdirilməsi məqsədilə 275 küçəni əhatə edəcək 21 min led lampa­ların quraşdırılması, 50 kilometr uzunlu­ğunda alüminium kabellərin və 371 elek-trik şkafının, işıq dirəklərinin yenilənməsi nəzərdə tutulur.

Tədbirdə çıxış edənlər həyata ke­çirilən layihələrin Gəncə şəhəri üçün əhəmiyyətini vurğulayıb və layihələr icra olunarkən şəhərin tarixi xüsusiyyətinin də nəzərə alınmasını qeyd ediblər.

Şəmkirdə xan çinar bağı 

Yaşıllıqların artırılmasına, ətraf mü­hitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Şəmkir Şəhər Mərkəzi Parkında keçi­rilən ağacəkmə aksiyasında torpaq-iq­lim şəraitinə uyğun Xan çinarlarından yaşıllıq zolağı salınıb. 

Rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın ekoloji prob­lemlərinin həllini, nadir təbiət abidələri­nin qorunub saxlanmasını daim diqqət mərkəzində saxlayıb, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin müha­fizəsi, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb. Ağacəkmə iməciliyinin keçirilməsində məqsəd də ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli lide­rin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Şəmkir Şəhər Mərkəzi Parkında cari ildə əsaslı abadlıq işləri görülüb, sakinlə­rin istirahəti üçün yeni imkanlar yaradılıb. 

Göygöldə göbələk yetişdirilir

Göygöl rayonunun Üçtəpə kənd sakini Natiq Xudaverdili 2022-ci ildən “Veşenka” göbələyi yetişdirib satır. Hazırda bu işə 8 nəfər cəlb olunub. 

“Veşenka” göbələyinin yetişdirilməsin­də saman, kəpək və günəbaxan tumların­dan istifadə olunur. Məhsul 25 günə ye­tişir və respublikanın bütün bölgələrində satılır.

Müəssisənin illik istehsalı 35 tondur.

Naftalanlı şəhid və qazi övladları Gəncədə

Şəhər İcra Hakimiyyətinin təşkilat­çılığı ilə naftalanlı şəhid və qazi övlad­ları 31 Dekabr Dünya Azərbaycanlıları­nın Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində hazırlanmış proqram əsa­sında Gəncə şəhərinə səfər ediblər.

Bayram günlərini daha rəngarəng etmək üçün əyləncəli proqram təşkil olu­nub. Uşaqlar "GəncLand" istirahət mərkə­zində sirkdə olublar. “Yeni il macərası” adlı beynəlxalq sirk proqramında dünya­ca məşhur sirk artistləri çıxış ediblər. Əy­ləncəli təlxək, akrobatlar, gimnastlar, ayı və tutuquşu nömrələri uşaqların mara­ğına səbəb olub. 

Valideynlər daim diqqətlə əhatə olun­duqları üçün və göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildi­riblər.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri







Son xəbərlər