Ağdam şəhər mərkəzi yenidən qurulur

post-img

Ağdam şəhərində 5 məhəllənin salınması nəzərdə tutulub. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Onun sözlərinə görə, Ağdamın əsas mədəni-tarixi mərkəzi hissəsində geniş layihələndirmə işləri yekunlaşmaq üzrədir: “Artıq tikinti proseslərinə başlanılıb. Açıq səma altında İşğal və Zəfər muzeyləri, Muğam Mərkəzi, mehmanxalanlar, daxili yol-küçə şəbəkəsi, məktəb və xəstəxana və digər infrastruktur 2026-ci ilin sonuna qədər tikilib təhvil veriləcək”.

Biz Ağdamda olarkən şəhərin mərkəzində həyata keçirilən tikinti işləri ilə yaxından tanış olduq. İlk ziyarət etdi­yimiz tikinti obyekti Ağdam şəhər 1 saylı orta məktəbi idi. Bu məktəb Qarabağ bölgəsinin ən qədim təhsil ocağı hesab olunur. Əsgər bəy Eyvazov tərəfindən 1883-cü ildə əsası qoyulub və Ağdamın aparıcı təhsil ocaqlarından biri sayılır. Onun məzunları arasında 200-dən çox elmlər namizədi, elmlər doktoru və pro­fessor var. 

İşğal zamanı ikimərtəbəli məktəb bi­nası tamamilə dağıdılıb. Əvvəlki təhsil ocağında 500 şagird təhsl alıb. Onun ye­rində isə 960 şagird yerlik yeni 3 mərtə­bəli məktəb binası tikilib. Məktəbin həyə­tini gəzərkən bizə bildirdilər ki, bina 3 blokdan ibarətdir və 2 hektar ərazidə inşa edilib. Onun 40 sinif otağı, laboratoriya və fənn kabinələri, akt və idman zalları, kitabxana, yeməkxana, muzey, xidməti otaqları var. Məktəbdə təhsil üçün hər cür şərait, bütün texniki imkanlar olacaqdır. Burada tikinti işlərinin yüksək keyfiyyətlə, tikinti normalarına uyğun şəkildə aparıldı­ğının şahidi olduq.

Ağdam şəhər mərkəzində tikintisi hə­yata keçirilən binalardan biri də Ağdam Muğam Mərkəzidir. Mərkəz Qiyaslı kən­dinə gedən yolun kənarında yerləşir. Ti­kinti meydanında görülən işlər Mərkəzin nəzərdə tutulan vaxtda istifadəyə verilə­cəyindən xəbər verir. 

Qeyd edək ki, Ağdam rayonunda Muğam Mərkəzinin inşası işğaldan azad olunmuş ərazilərimizdə digər sahələr kimi, mədəniyyətin də sürətlə dirçəldil­məsi istiqamətində ardıcıl işlərin görül­düyünü göstərir. Mərkəzin muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımın­dan müstəsna əhəmiyyəti olacaq. Bu səbəbdən də onun tikintisi təqdirəlayiqdir və dövlətimizin mədəni irsimizə verdiyi qayğının nəticəsidir. Muğam mərkəzinin tikinti işlərinin yekunlaşması 2024-cü ilin sonuna nəzərdə tutulub.

Ağdam şəhər mərkəzində olarkən diqqətimizi geniş bir sahə çəkdi. Ərazi­də olan Bəhruz Rüstəmov bildirdi ki, bu ərazidə İşğal və Zəfər muzeyləri yara­dılacaq. Onların arasında açıq səma al­tında 18 hektarlıq Memorial bağ olacaq. Memorial bağda xarabalıqlar, dağıdılmış binalar saxlanılacaq. Onları olduğu kimi qorunacaq və gələcək nəsillər bu tarixi­mizi unutmasın, mənfur düşmənin xalqı­mızın başına gətirdiyi faciələri bilsin. Eyni zamanda, bu xarabalıqlar hər kəsə mü­haribənin nə qədər acı nəticələrə gətirib çıxardığını anladacaq. Ərazidəki muzey­lərdə isə müharibənin törətdiyi faciələr və 44 günlük müharibədə qazandığımız qələbə barədə geniş məlumat veriləcək. 

P.ƏFƏNDİ
XQ

Son xəbərlər