Naxçıvan ili uğurla başa vurur

post-img

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yaxın 4 il ərzində sahibkarlığın inkişaf etdirilməsi, bölgəyə yerli və xarici investisiyaların cəlbi, sənaye və kənd təsərüfatında innovativ yenilik­lərin tətbiqi, yerli xammal potensialından layiqincə istifadənin gerçəkləşdiril­məsi qarşıya mühüm vəzifə kimi qoyulub. Həmçinin bəhs olunan dövrdə Nax­çıvanın tranzit imkanlarının genişləndirilməsi, ixrc potensialının artırılması və əhalinin məşğulluğu prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

Cari il ərzində adıçəkilən Dövlət Proq­ramında nəzərdə tutulan əlverişli biznes mühitinin yaradılması, kiçik sahibkarlığın inkişaf etdirilməsi, şəffaf vergi və gömrük tənzimlənmələrinin tətbiqi, satınalma­larda müvafiq qaydalara əməl olunması məsələləri diqqətdə saxlanılıb. Məsələn, bu ilin ilk 11 ayında 400-dən çox satın-alma müsabiqəsi reallaşdırılıb. Bunun 270-ə yaxını kotirovka sorğusu, 125-i isə açıq tender üsulu ilə keçirilib. Yaxud, əv­vəlki dövrlərdən fərqli olaraq, bu il yara­dılmış əlverişli biznes mühiti nəticəsində sahibkarların vergi xidmətinə etimadı və onun xidmətlərindən istifadə səviyyəsi yüksəlib. Nəticədə vergi yığımlarında ar­tıma nail olunub. Belə ki, bu ilin 11 ayın­da muxtar respublikada Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 150 milyon manatdan çox vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur. Qeydiyyatdan keçmiş, yəni qanu­ni fəaliyyət göstərən vergi ödəyicilərinin sayı isə ilin əvvəli ilə müqayisədə 20 faiz artıb. Həmçinin muxtar respublikada baş­lanan “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 652,2 min manatdan çox, təkcə oktyabr ayında isə 98,9 min manat ƏDV məbləği geri qaytarılıb. 

Mövcud biznesin inkişafı və onun qa­nuni maraqlarının müdafiəsi məqsədilə “KOB dostu” şəbəkəsinin genişləndiril­məsinə də mühüm önəm verilib. Ötən dövrdə Naxçıvan, Culfa, Şahbuz şəhər­ləri və Sədərək rayonunda “KOB dostu” ofisləri fəaliyyətə başlayıb ki, bu da kiçik və orta biznesin inkişafina şərait yaradıb, sakinlərinin kiçik və orta bizneslə məşğul­luğunu stimullaşdırıb. 

Biznesin inkişafında mühüm amil­lərdən biri də sahibkarların güzəştli və uzunmüddətli kredit resurslarına çıxışı­nın olmasıdır. Buna görə də muxtar res­publikada biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması məqsədilə 2023-cü ildə Sahibkarlığın İn­kişafı Fondu tərəfindən Naxçıvanda fəa­liyyət göstərən bütün banklara 15 milyon manat vəsait ayrılıb. Həmin vəsaitdən cari ilin 10 ayı ərzində sahibkarlara 1,4 milyon manatdan çox güzəştli şərtlərlə kredit verilib. 

Bununla yanaşı, ötən bir il ərzində Naxçıvanda banklar da fəallaşıb, yeni bank filialları fəaliyyətə başlayıb. Təsadü­fi deyil ki, qısa müddətdə muxtar respub­likada KOB (kiçik və orta biznes) kreditləri üzrə ixtisaslaşdırılmış banklar tərəfindən sənaye və ticarətin inkişafı məqsədilə kreditlərin artımına nail olunub, ilin yan­var-oktyabr aylarında verilmiş kreditlə­rin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artıb. Pul ekvivalen­tinə gəlincə isə sənaye üzrə 40 milyon manata yaxın, ticarət üzrə 50 milyon ma­nata yaxın kreditlər verilib. 

Həyata keçirilən mühüm tədbirlərdən biri də muxtar respublikanın xammal po­tensialının yenidən qiymətləndirilməsi ilə bağlı görülən işlərdir. Məlumdur ki, mux­tar respublikanın ərazisində 200-dən çox nəcib, qara və əlvan metallar, üzlük və bəzək daşları, kərpic və kirəmit gili, seolit, boksit, inşaat qumu, habelə yol tikintisi və beton üçün çınqıl, sement və əhəng xam­malı, yeraltı içməli və müalicəvi termal su yataqları var. Muxtar respublika iqtisadiy­yatına mühüm təsir göstərəcəyi nəzərə alınaraq bu potensialdan lazımınca istifa­də olunması qarşıdakı mühüm vəzifələr­dəndir. Bunun üçün ilkin olaraq Naxçıvan Muxtar Respublikasının mineral xammal ehtiyatlarının yenidən qiymətləndirilməsi üzrə 2023-cü ilin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşən geoloji kəşfiyyat işlərinin dövlət sifarişi hazırlanaraq cari ilin iyul ayından işlərə başlanılıb. 

Hazırda yataqlar üzrə geoloji təftiş işləri davam edir, bu sahəyə investisiya qoyuluşu üçün mineral və termal su mən­bələrinin yerləri müəyyənləşdirilir, labora­tor analizlər aparılır və yataqların kadastrı hazırlanır. Yeri gəlmişkən, artıq əvvəlki il­lərdən fərqli olaraq muxtar respublika əra­zisində qum və qum-çınqıl yataqlarının rəqabətli şəkildə istismarına da başlanılıb. 

Yuxarıda sadalananlar, əslində, Nax­çıvanda aparılan islahatların və “Naxçı­van Muxtar Respublikasının sosial-iqtisa­di inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən fəaliyyət planının əməli nəti­cəsidir. Görülən işlər isə bununla bitmir. Ümumilikdə, həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan iqtisadi tədbirlər dövlət orqanlarının strukturunun təkmilləşdirilməsinə, həmin orqanların xidməti fəaliyyətinin daha da yaxşılaş­masına və səmərəliliyinin artırılmasına, xarici investisiyaların cəlbinə, biznesin canlanmasına mühüm təsir göstərir. 

Şübhəsiz ki, proqramın uğurlu icra­sı yaxın gələcəkdə muxtar respublikanın yeni inkişaf perspektivlərinə nail olmaqla, Naxçıvanın müasir dövrün çağırışlarına ən yüksək səviyyədə cavab verən regiona çevrilməsində də mühüm rol oynayacaq. 

Səbuhi HƏSƏNOV
XQ

Son xəbərlər