“Bu kino ki var...”

post-img

28 Dekabr Beynəlxalq Kino Günü

Azərbaycanın da dəyərli filmləri az deyil

1895-ci ilin bu günü idi. Lui və Oqyust Lümyerlər Parisdə balaca bir kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil etmişdilər. Qardaşlar camaatı ora əyləncə xatirinə yığmışdılar və ağıllarına da gəlmirdi ki, bununla dünyada kinonun tarixini yazırlar. Amma elə oldu və bəşəriyyətin kino sevgisi “xroniki” hal aldı. 

O zaman kino hələ danışa bilməyən “uşaq” idi və mənzərələrə, müşahidələrə, jestikulyasiyaya üstünlük verirdi, sonra­dan dil açdı. İndi dünyanı kinosuz, video­suz təsəvvür etmək mümkün deyil. 

Fransada keçirilmiş ilk kinoseansdan cəmi 2 il yarım sonra – 1898-ci il avqustun 2-də Bakıda elmi-foto dərnəyinin katibi, fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğı­nı”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirib. 

Kinoşünas Aydın Kazımzadənin bildir­diyinə görə, ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbra­him bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin ope­rettası əsasında “Arşın mal alan” qısamet­rajlı bədii filmləri çəkilib. Ulu öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərən­camı ilə 2 avqust Azərbaycanda kinonun yaranma günü kimi rəsmiləşib. Bu il milli kinomuzun 125, “Azərbaycanfilm” kinos­tudiyasının isə 100 yaşı qeyd edilir. 

İndiyədək “Azərbaycanfilm”də müxtəlif növ və janrda 2 mindən çox film istehsal olunub. Ümummilli lider daim xalqımızın canlı salnaməsi hesab etdiyi kinonun in­kişafına diqqət göstərib. Prezident İlham Əliyev kino incəsənətinə əməli qayğısı ilə onun ölkə hüdudlarını aşmasına münbit şərait yaradıb. 

Böyük tərəqqi yolu keçən “Azərbay­canfilm”in istehsalı olan “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc bux­tası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri bey­nəlxalq kinofestivalların mükafatlarına la­yiq görülüb.

Sona yetməkdə olan 2023-cü ilin aprel ayında Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilat­çılığı ilə ölkəmizdə ilk dəfə “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hə­dəflər” mövzusunda Kino Forumu keçi­rilib. Milli kinomuzun keçdiyi inkişaf yolu hərtərəfli sərf-nəzər edilib, reallıq, çağırış və hədəflərdən danışılıb. Azərbaycan ki­nemotoqrafiyası təcrübəsinin beynəlxalq müstəvidə tanınması, həm də bu sahədə yeni bir iqtisadi fəallığın və stimullaşdır­manın təmin edilməsi baxımından Foru­mun çox böyük əhəmiyyət daşıyacağına ümid ifadə olunub. Qeyd edək ki, sözüge­dən böyük kinoşünaslıq tədbirində aparı­lan müzakirələr əsasında toplanan təklif­lər “Azərbaycan mədəniyyəti 2020–2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq. 

Nəhayət, xatırladaq ki, son 10 ildə ölkəmizdə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 50-dək tammetrajlı və bir o qədər də qısametrajlı bədii, 200-dən ar­tıq sənədli, təxminən, bunun 10 faizi qədər də cizgi filmi çəkilib. Sənətçilərimiz dün­yanın müxtəlif ölkələrində keçirilən bey­nəlxalq film festivallarına indi daha böyük həvəslə qatılır və mükafatlar qazanırlar. 

Milli kinomuzun dünyaya inteqrasi­yası, vaxtaşırı Bakının Kann, Venesiya, Berlin festivallarında, “OSKAR”da uğur qazanmış filmlərin nümayiş məkanına çevrilməsi də təcrübə baxımından nikbin notlar yaradır. Eyni zamanda, Xalq artisti, rejissor Oktay Mirqasımın da vurğuladığı kimi, kino sahəsində universal və əbədi dəyərlərin qorunmasının vacibliyini önə çəkmək lazımdır. Kinoteatrlarda nümayiş olunan filmlərin milli xüsusiyyətlərə uy­ğunluğu artırılmalıdır.

Əli ƏLİYEV
XQ

Mədəniyyət