Ağsaqqalla söhbət

post-img

Əməkdar jurnalist İlyas Adıgözəllinin xatirələr aləmi

Əvvəla, İlyas müəllim, həqiqətən, xoşbəxt müdir imiş. Çünki “onun əlinin altında” çalışmış jurnalistlərin hamısı, təbii ki, bu gün yaşayanlar, daim onu axtarır, görmək, salam vermək, haqqında nə isə yazmaq, danışmaq istəyirlər. Bu müdrik insan həm Dövlət Radiosunun Xəbərlər baş Redaksiyasının Baş redaktoru (orada çox vəzifələrdə çalışıb) vəzifəsində çalışdığı illərdə, həm də “Araz” radiosunun rəhbəri olduğu dövrdə həmişə, hamının sevimli dostu, mehriban həmkarı olub. Mən onunla birlikdə işlədiyimiz altı ilə yaxın müddətdə kimisə incitdiyini görməmişdim. Doğrudur, efir üçün hazırlanan materiallara qarşı olduqca tələbkar idi. Ancaq səhvlərimizi elə deyirdi ki, guya, heç nə olmayıb. 

İkinci, onun haqqında yazanda və ya danışanda “Bismillah!”dan sonra dərhal haşiyə çıxmamaq olmur. Necə ki, mən indi eləyəm. Bir dəfə yazmışdım ki, uşaqlıq il­lərində ən çox sevdiyim təbiət hadisəsi “Peyğəmbər qurşağı”nın görünməsi və yox olması idi. Biz o vaxtlar göyqurşağını elə adlandırırdıq. Hər dəfə yağışdan sonra səmanın buludsuz tərəfindəki həmin mö­cüzənin yox olmasına edirdim. O rənglər tamamilə əriyib gedənə qədər dayanıb daha nələrinsə baş verəcəyini gözləyir­dim... Amma heç nə baş vermirdi. Yeddi yaşımda da elə idim, yetmiş yaşımda da eləyəm. Həmişə rənglərin yaratdığı əs­rarəngizlikdən, möcüzəyə bənzər anlardan nə isə gözləyirəm... və heç nə baş vermir. İndi – “Xalq TV”nin studiyasında da həmin göyqurşağını gördüm. Xatirələrdən ibarət, möhtəşəm bir göyqurşağı idi. Ancaq bu “göyqurşağını” küləklər yox, Fikrət Adı­gözəlli gəlib apardı. 

... Həmişəki kimi, yenə də baş verən ancaq ruhun təzələnməsindən və yad­daşın çözülmək bilməyən düyünlərinin növbəti dəfə dartılıb bərkiməsindən ibarət oldu. Fərq ondadır ki, indi göyqurşağına baxıb donuq, dinməz qalmıram. İndi xa­tirələr mənim üçün “Peyğəmbər qurşa­ğı” olur. Özü də daha çalarlı, daha gec­tükənən. 

Üçüncü, mətbuatdakı ilk himayədar­larımdan olan Nahid Hacızadənin “Yada düşdü” kitabını oxuyanda da elə olmuş­dum, Dilarə Vəkilova ilə Əlövsət Bəşirli­nin birgə ərsəyə gətirdikləri “Bizim dünya” kitabının çoxrəngli, çoxsəsli və çoxmərtə­bəli təəssüratlarının əsrarəngiz sehrinə düşəndə də. Elə İlyas Adıgözəllinin Bor­çalının Sadaxlı kəndindən başlayaraq, bugünkü ünvana – Bülbül prospekti 30-a gələnədək keçdiyi yolların cüzi bir his­səsinə məhz onun öz söhbəti vasitəsilə şahidlik edəndə də eyni əhvalı yaşadım. Səssiz və hərəkətsiz, eynilə göy qurşağı­na baxdığım kimi. Gözümün önünə nələ­rin gəldiyini yaza bilirəmmi ki... Mümkün deyil. Özü də canlı təmasla, daha çox xa­tirələrin çözülməsi və yaşın xeyli artması­na görə daha kövrək hisslərlə.

Etiraf edim ki, mətbuata gəlişində, yolda və ümumən bu sahədəki qırx ilə yaxın fəaliyyətimdə himayədarlarım çox olub. “Qalibiyyət” (indiki adı “Qəbələ”dir) qəzetinin redaktoru Ramazan İsmayılov, orada çalışan şair Tacəddin Şahdağlı, sonralar Nahid Hacızadə, Ələkbər Abba­sov, Dilarə Vəkilova, Məmməd İsmayıl, Babək Hüseynoğlu, Mailə Muradxanlı, İlyas Adıgözəlov, Hidayət Səfərli, Şamil Məcidov, Mövlud Süleymanlı, Heydər Zeynaloğlu, Zərxanım Əhmədli... Mahal İsmayıloğlu, Məmməd Nazimoğlu kimi səs-söz sahiblərinin qayğısını görməyim də həyatımda özünəməxsus izlər qoyub, dəyərli xatirələrə çevrilib. Ancaq insaf na­minə deməliyəm ki, İlyas müəllimin adı bu siyahıda xüsusi şriftlərlə yazılanlardandır. 

Dördüncü, ustad studiyamızda Bor­çalıdan Bakıya gəldiyi illərdə dolanacaq baxımından çətinliklərlə üzləşməsindən, müxtəlif qəzetlərə yazı göndərib qonorar almasından, hələ tələbəlik illərində indi qonağı olduğu redaksiyaya on dəfələr­lə gəlməsindən, burada onun yazıları­na diqqətlə yanaşılmasından, görkəmli müəllimi Şirməmməd Hüseynovun onun da oxuduğu qrupa “Super qrup” adı ver­məsindən ( həmin qrupun məzunlarından Ələkbər Abbasovun, Dilarə Vəkilovanın, Namiq Abbasovun, Yusif Kərimovun və başqa ondan çox tanınmış qələm sahiblə­rinin adını çəkdi), tələbəlik illərindən sonra “Abşeron” qəzetində çalışmasından, son­ra yolunun dövlət radiosuna düşməsin­dən, oğlu – mətbuatımızda bir ailədə iki Əməkdar jurnalistin olması nümunəsini yaratmış Fikrət Adıgözəllinin püxtələşmə­si üçün göstərdiyi prinsipiallıqdan... çox məsələlərdən danışdı.

Məni məmnun edən əsas fakt isə İl­yas müəllimin həm tələbəlik illərindəki dost-yoldaşları, həm də sonrakı yarım-əsrlik fəaliyyət dövründəki həmkarları haqqında danışarkən nümayiş etdirdiyi səmimiyyət və sədaqət oldu. İlk dəfə idi ki, hansısa həmsöhbətim hamıdan razı oldu­ğunu dilə gətirirdi. 

Beşinci, xatırlatdım ki, mən 1995-ci ildə Füzuli rayonundan olan bir məcburi köç­künü öz verilişimə dəvət etmişdim. Çadır şəhərciyində yaşayan həmin soydaşımız verilişin yazılması zamanı “mənim” din­ləyicilərimi inandırmaq istəyirdi ki, Azər­baycan dövləti o torpaqları ermənilərdən ala bilməyəcək. O zaman İlyas müəllim demişdi: “A kişi, bu dövlətin rəhbərliyinə Heydər Əliyev gəlibsə, sən öz torpaqları­nın işğaldan azad edilməsini görəcəksən. Allah o günü mənə də göstərsin!”

“Xalq TV”nin studiyasında İlyas Adı-ğzəlliyə həmin faktı da xatırlatdım. Bu sə­tirləri məhz həmsöhbətimin həmin mövzu ətrafında danışdığı fikirlərdən bəziləri ilə tamamlayıram: “Bəli, torpaqlarımızın iş­ğaldan azad ediləcəyinə inanmayanlar az deyildi. Ancaq inananlar daha çox idi. Mən ona görə inanırdım ki, Heydər Əliyevin si­yasi uzaqgörənliyinə bələd idim. Ulu öndə­rin özü torpaqlarımızı azad edə bilmədisə də, onun siyasəti, strategiyası, məktə­bi, ən başlıcası, siyasi varisi olan cənab İlham Əliyev xalqımıza və dövlətimizə möhtəşəm uğurlar qazandırdı, düşmənə diz çökdürdü, yurdlarımızı işğaldan azad etdi. Ona görə də həm ölkəmizdəki, həm də beynəlxalq aləmdəki soydaşlarımızın hamısı “Heydər Əliyev ili”ni mütəşəkkillik­lə qeyd etdilər. Mən fəxr edirəm ki, oğlum Fikrət Adıgözəlli bu il idman jurnalisti kimi Ulu öndərin idman siyasətinə həsr edil­miş bir neçə mükəmməl veriliş ərsəyə gə­tirmişdir”.

İttifaq MİRZƏBƏYLİ,
Foto Cavid QAÇAYEVİNDİR
XQ

Sosial həyat