Havayı reklam lövhələri – dayanacaqlar?!

post-img

Paytaxt Bakıda, eləcə də Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə əlaqədar qurumlar geniş abadlıq işləri aparırlar. Sakinlər də bu işlərə öz töhfələrini verməli, ən azı, səliqə-sahmanı qorumalı, şəhərlərin estetik görkə­minə xələl yetirməməlidirlər.

Təəssüf ki, bəzən bunun əksi ilə rast­laşırıq. Məsələn, avtobus dayanacaqla­rında “Kirayə ev”, “İşçi axtarılır”, “Dayə lazımdır”, “Torpaq satılır” və digər belə elanlara tez-tez rast gəlinir. Məsələ bu­rasındadır ki, dayanacaqlarda reklam və elanları yapışdırmaq üçün müəyyən hissələr ayrılıb və bunun üçün ödəniş et­mək tələb olunur. Amma bundan yayınan şəxslər necə gəldi, elan çap edərək, bəsit şəkildə dayanacaq şüşələrinə vururlar. Ala-bula elanlar solur, cırılır, üst-üstə ya­pışdırılır, görüntüyə maneə törədir. Onsuz da xırda ticarət köşklərinin bərbad hala saldığı dayanacaqlar bir az da pinti mə­kana çevrilir. Hələ biz belə mənzərələrin qonaqlarda necə xoşagəlməz təəssürat yaratdığını demirik. 

Xatırladaq ki, “Reklam haqqında Azər­baycan Respublikası Qanunu”nda açıq məkanda reklamla bağlı tələblərin pozul­masına görə fiziki şəxslər üçün 300–500 manat, vəzifəli şəxslər üçün 1500–2min 500 manat, hüquqi şəxslər üçünsə 5min–10 min manat cərimə nəzərdə tutulub. 

Hər kəs bilməyə borcludur ki, reklam istehlakçısının diqqətini bu cür eybəcər üsullarla cəlb etmək tamamilə yolveril­məzdir. Qanunun icrasına nəzarət etməli olan qurumlar da vəzifə borclarına daha məsuliyyətli yanaşmalı, dayanacaqların havayı reklam lövhələrinə cevrilməsinə göz yummamalıdırlar. 

Ə.DOSTƏLİ
XQ

Son xəbərlər