Türk-alban kilsəsinin baş məbədi

post-img

Bu abidə Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq edən coğrafi möhürdür 

Turizm qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. O qlobal miqyasda sürətlə inkişaf edən biznes sahəsidir. Hər il minlərlə insan istirahət həvəskarlarının sırasına qoşulur. Bununla da turizm getdikcə daha geniş vüsət alır və ölkənin gəlirli xidmət sahələrindən birinə çevrilir. 

Sözsüz ki, Qarabağ və Şərqi Zəngə­zur iqtisadi rayonlarının turizm potensia­lı bu sahənuin daha da inkişaf etməsinə gətirib çıxara bilər. Azıx mağarası, alban məbədləri, qədim xristian monastırları, paleolit dövrünün izləri, qalalar və s. kimi memarlıq abidələri burada mədəni turiz­min inkişafı üçün böyük imkanlar yaradır. Bu barədə Prezident İlham Əliyev demiş­dir: “Qarabağ bölgəsinin çox zəngin tu­rizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abi­dələri göstərilməlidir ki, biz bu bölgəni, doğrudan da, dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”.

Ölkə rəhbərinin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası hazırlanıb. Turizm məhsullarının hazırlanması isə həmin ərazilərdə turizm infrastrukturunun qurul­ması ilə paralel aparılır. Turizm və rekre­asiya zonalarının yaradılması istiqamə­tində addımlar atılr. Məsələn, Kəlbəcər rayonunda 5 yerdə turizm və rekreasiya zonaları təşkil edilir. Xocavənddə Hadrut, Ağbulaq, Tuğ və Böyük Tağlar, Zəngilan­da Qaragöz, Qubadlıda isə eyni adlı zi­yarət zonaları olacaq. Bu siyahıya Ağdərə rayonunun Vəngli kəndini daxil etmək olar. Bu kənd tarixi abidələri ilə zəngindir. Prezident İlham Əliyevin noyabrın 7-də bu kənddə olması da yaşayış sahəsinin strateji və turizm potensialından xəbər verir. Yeri gəlmişkən, işğal dövründə kənddə ermənilər növbəti vandallıq aktı nümayiş etdirərək, azərbaycanlıların şəx­si avtomobillərinin nömrələrindən lövhə düzəltmişdilər və həmin lövhə Vəngliyə səfər zamanı Prezident İlham Əliyevin tapşırığı ilə sökülüb. 

Bəs Vənglini turistlərin maraq obyek­tinə çevirən nədir? Bu, ilk növbədə, Gən­cəsər monastırı ilə bağlıdır. Onun zəngin tarixi mədəni turizm həvəskarlarında bö­yük maraq yarada bilər. Qafqaz Albani­yası xristian memarlığının ən görkəmli abidələrindən biri olan bu monastır Vəngli kəndində, Xaçın çayının sol sahilində da­ğın üstündə ucaldılıb. Monastırın divarın­da daş üzərindəki epiqrafik yazıda bildirilir ki, onu Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu Həsən Cəlal Dövlə və anası Xorişə Xatun 1216-1238-ci illərdə inşa etdirib. Tarixçi Əmirxan Burzuyev deyir ki, bunu Həsən Cəlalın qəbrinin üstündəki yazı da təsdiq edir: “Ulu knyaz Cəlal öz valideyni­nin vəsiyyətini yerinə yetirərək 665-ci ildə (1216-cı ildə) bu gözəl və daş (kapital) kilsəni tikdi və onu bütün mümkün şəkil­lərlə (bəzəklərlə) dövrələyərək 687-ci ildə (1238-ci il) onu bitirdi”. 

Monastrın daxilində, kupelin altındakı yazı və Kirakos Qandzaketsinin məlumatı da fakta dəlalət edir. 1240-cı ildə tikilmiş abidə pak edilmişdir (müqəddəs su sə­pilmişdir): Yazıya görə: “Bu kilsə 689-cu ildə (1240) Alban Katolikosu Ter-Nersesin patriarxlığı dövründə pak edilib”. 

Əmirxan Burzuyevin bildirdiyinə görə, Həsən Cəlal və onun nəslindən olan bir çox alban din xadimləri bu məbəd komp­leksinin ərazisində dəfn olunublar. Qəbi­rüstü abidələrin üzərindəki bəzi yazılara nəzər salaq: “Bu 1102-ci (1653) il Alban katalikosu Qriqorinin qəbridir”. “Bu Cəlal Dolanın nəslindən olan 1149-cu il (1700) alban katalikosu Yereminin qəbridir”. “Bu alban katalikosu Yesaynın qəbridir... 1177 (1728)” və ş. 

Qeyd edək ki, Gəncəsər monastırı 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun (ölkənin ruhani idarəsi) rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək, alban xristianlarının iqamətgahı olub. 

Ermənistan silahlı qüvvələrinin işğalı altında olan müddətdə ermənilər Gən­cəsər monastırını “Qanzasar” erməni monastır kompleksi kimi dünyaya təqdim ediblər. Abidənin memarlıq quruluşu və interyeri ermənilər tərəfindən qeyri-qa­nuni olaraq dəyişikliklərə uğradılıb. Ta­rixçi-Qafqazşünas Türkan İlqar bununla bağlı qeyd edir ki, işğal dövründə divar yazıları korlanıb, abidənin divarları üzə­rində olan bir neçə daş yazıları, eləcə də Albaniya dövrünə aid xeyli sayda orna­ment və simvollar tamamilə silinib, onlar­dan bir çoxunun formaları dəyişdirilərək tanınmaz hala salınıb. 2000-ci ildən təmir adı altında abidənin memarlıq quruluşuna ciddi zərər vurulub, interyerinə və fasad­larına müxtəlif heyvan fiqurları yerləşdiri­lib. 

Monastırın həyətindəki qəbiristanlıq­da 2000-2009-cu illərdə 15-dən çox qəbir və xaç daşları quraşdırılıb. Abidənin daxili divarları üzərindəki yazılar və bədii nü­munələr silinib, qırmızı və qara rənglərlə bütün divarlar boyu erməni dilində yazı­larla bəzədilib. Kompleksin daxilindəki knyaz Həsən Cəlal Dövlənin qəbri üzə­rindəki sinə daşı sındırılıb, üzərində həkk olunmuş bədii ornamentlərin bir çoxu məhv edilib. Hətta 2012-ci ildə ermənilər bu tarix-memarlıq abidəsinin divarlarının üzərini mərmər daşlarla bağlamağa baş­lamışdılar. Monastırın həyətində aparılan tikinti işləri tarixi abidənin əzəli görkəminə zərər vurmuşdur.

Yeri gəlmişkən, Azərbaycanın Er­mənistana qarşı Avropa Məhkəməsində 2011-ci ildə qaldırdığı iddiada bu məqa­ma toxunulub.

Ermənilər nə qədər dəyişikliklər et­sələr də kompleksinin memarlıq planlaş­dırma və kompozisiya həlli, heykəltəraşlıq nümunələri və diofizit xarakterli element­ləri onun Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. 

...Cəncəsər monastr kompleksi 2020-ci ilin noyabrında Ermənistan silahlı qüvvələrinin işğalından xilas edildi. Hazır­da onun qorunması və bərpası üçün əhə­miyyətli səylər göstərilir. Qarabağda sax­talaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqət­lərin beynəlxalq səviyyədə ictimailəşdi­rilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində mədəni irsimizə qarşı van­dalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dün­ya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılma­sı nəzərdə tutulub. Layihə çərçivəsində hazırlanan materiallardan biri Gəncəsər monastır kompleksinə həsr edilib.

Yaxın gələcəkdə bu monastır komp­leksi mədəni turizm mərkəzinə çevrilə­cək. Turistlər onun tarixi ilə yaxından tanış olacaqlar. Beynəlxalq arenada ölkənin tanınmasına və müsbət imicinin formalaşmasında rol oynayacaq, əhalinin işlə təmininə təkan verəcək. 

Pünhan ƏFƏNDİYEV
XQ

Sosial həyat