Fransanın erməni dəst-xətti

post-img

İngilis siyasi və dövlət xadimi Vinston Çörçillin bütün zamanlar üçün keçərli kəlamı var: “Əbədi düşmən və ya əbədi dost yoxdur, yalnız əbədi maraqlar var!” Bəli, nə qədər xoş olmasa da, bəşər övladı tarixi inkişafının bütün mərhələlə­rində bu acı gerçəkliyin soyuq üzünü zaman-zaman hiss edib. Əl­bəttə, hər bir dövlətin milli maraq­larını qorumaq haqqı var, amma bu prosesdə, necə deyərlər, ehti­yatlı olmağın da faydası böyükdür. Xüsusilə də xalqlararası münasi­bətlərə zərər vura bilən addımların atılmasından çəkinmək lazımdır. Çünki münasibəti qurmaq uzun il­lər aparır, əlaqələrə zərbə vurmaq isə günlər belə kifayət edir. Amma, belə görünür, türk düşməni Volte­rin həmyerliləri olan fransızları bu həqiqət az maraqlandırır.

Bəlkə də təəccüblənəcəksiniz, Av­ropanın müasir tarixində abidələrin sö­külməsi kampaniyasının banisi Fransa sayılır. 1789-cu ildən başlayan uzun müddət ərzində Fransada daim abidələr və heykəllər sökülüb, kralların, zadəgan­ların, kilsə rəhbərlərinin, əməkdaşların və s. heykəlləri dağıdılıb. Fransalı tarixçi Loris Şavanet əmindir ki, “Pandora qu­tusunu” açan, abidələrin sökülməsi yolu ilə mədəni və tarixi irsin inkar edilməsi, müasir “dekulturasiya” (İnsanların yeni və ya yad mədəni xüsusiyyətləri mənim­səməsi səbəbindən ənənəvi mədəniy­yətin itirilməsi– red.) siyasətinin əsasını qoyan məhz Böyük Fransa inqilabı olub. 1793–1794-cü illərdə Sen-Deni abbatlı­ğında kral məzarlarının təhqir edilməsi Fransa inqilabının ən biabırçı epizodla­rından biri kimi tarixə düşüb. Həmin ha­disələr zamanı inqilabçıların fransız mo­narxlarının məzar daşlarını dağıtdıqları məlumdur. İnqilabdan sonrakı dövrdə də Fransada Jilber Lafayet, Viktor Hüqo və baş nazir Leon Mişel Qambetta da daxil olmaqla, məşhur insanların heykəllə­ri tez-tez götürülüb. 1871-ci ildə Paris Kommunası zamanı Fransa krallarının heykəllərinin dağıdılmasını, məzarları­nın talan edilməsini və Vendome sütu­nunun yıxılmasını da xatırlatmaq yerinə düşər. 

Əlbəttə, dəyərlərin yenidən qiymət­ləndirilməsi – harada baş verməsindən asılı olmayaraq, həmişə məhz bu dəyər­ləri simvolizə edən abidələrin sökülməsi və ya təhqir edilməsi ilə müşayiət olu­nur. Bu mənfi tendensiya özünü Fran­sada daha qabarıq göstərib. Amma nə yazıq ki, həm dövlətlər arasında, həm də bir ölkə daxilində abidələr arasında mübarizə dövrümüzün əlamətidir. Azər­baycanın İkinci Qarabağ müharibəsində qalib gəlməsini həzm etməyən və regi­onda möhkəmlənmək cəhdlərinin boşa çıxmasından məyus olan Fransa indi də qəzəbini abidələrə yönəldib. 30 il Azər­baycan ərazilərini işğal altında saxla­yan və bu müddətdə tarixi abidələri yer üzündən silən ermənilərə silah verən Paris Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvana ucaldılmış abidə­sini qarşı “Səlib yürüşü”nə çıxıb. Belə ki, hələ 2015-ci ildə Azərbaycanın İs­mayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən mövqeli qərar qə­bul edib. Qərara əsasən, “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırılıb. İndi fransız mədəni şoviniz­minin növbəti qurbanı Xurşidbanu Natə­vanın abidəsidir. Xatırladaq ki, müəllifləri Salhab Məmmədov və Əli İbadullayev olan abidənin və “Azərbaycan parkı”nın rəsmi açılışı 2017-ci il iyulun 3-də olub.

Azərbaycan müsəlman ölkəsi olsa da, digər dinlərə də hər zaman sayğı və diqqət göstərib. Xüsusilə də Heydər Əliyev Fondunun Avropanın bir sıra ölkələrində, həmçinin Fransada bəşə­riyyətin irsi hesab edilən obyektlərin təmirində və bərpasında böyük işlər görüb. Məsələn, Fransanın müxtəlif re­gionlarında 20-dən çox kilsənin bərpa­sına yardım edilib. 1320–1340-cı illərdə salınmış, üzərində Müqəddəs Məryəmin və İsa peyğəmbərin həyatı əks olun­muş Strasburq Kafedral kilsəsinin vitraj şüşələrinin, Versal Sarayının parkındakı qədim, ümumbəşər abidələrin – “Ama­zonka” (1685–1693, müəllif Jak Buirret) və “Qulpları favn başları ilə bəzədilmiş vaza”nın (1687–1705, müəllif Klod Ber­ten), Fransanın Orn Departamentində X–XII əsrlərə aid 7 kilsənin bərpası iş­lərini həyata keçirib. Notr-Dam kilsəsinin təmiri ilə əlaqədar Heydər Əliyev Fondu­nun ayırdığı maliyyə vəsaitini də xatırla­dırıq. 1500 kvadratmetrlik sahəni əhatə edən və Xl əsrə məxsus qədim tarixi abi­dənin təmiri məqsədilə Heydər Əliyev Fondunun göstərdiyi qayğını o zaman fransızlar da yüksək qiymətləndirmiş­dilər. İndisə fransızlar tərs istiqamətdə addımlamağa başlayıblar. Ölkələri və xalqları birləşdirən etibarlı körpünü – mədəniyyət obyektlərini hədəfə alıblar.

Dövlətlər arasında münasibətlər bu və ya digər səbəblərdən soyuyur. Heç bir ölkə bundan sığortalanmayıb. Amma istənilən halda dövlətlərarası münasi­bətlərdəki problemlər mədəniyyət və incəsənət sahələrinə təsir göstərməmə­lidir. Ermənistandan fərqli olaraq Azər­baycan ərazilərinin işğal altında olduğu müddət ərzində erməni dini və tarixi abi­dələrinə qarşı hər hansı bir mənfi qərar qəbul etməyib. Bakının mərkəzindəki erməni kilsəsi buna bariz nümunədir. Amma ermənilər işğal etdikləri ərazilə­rimizdə tarixi-dini abidələrimizə qarşı soyqırımı siyasəti yürüdüblər. İndi Fran­sa kiçik bacısının yolu ilə getmək istəyir. Onsuz da fransızlar tarixdən heç zaman ibrət götürməyiblər. 

S.ELAY
XQ

Siyasət