20 il: milli dövlətçiliyin yeni mərhələsinə doğru

post-img

Fəlsəfi-sinergetik təhlil

XII MƏQALƏ

Haqq yolunun dalanı olmur.

El sözü

Biz “toplumsal sinerji” (oxu: cəmiy­yətin bütün gücünü səfərbər etməsi, bir yerə toplaması və vahid məqsə­də yönəltməsi) ilə “liderlik sinerjisi”nin (oxu: Prezidentin bütövlükdə cəmiyyəti, o cümlədən, siyasi mühiti əhatə edən inklüziv həmrəyliyə nail olması, hakimiy­yətin bütün aspektlərdə tam legitimliyini təmin etməsi) harmoniyasına nail olma­ğın fəlsəfi-sinergetik və politoloji əsasla­rını müəyyən etməliyik. Yəni bu məsələ fəlsəfi və elmidirmi? Onun rasional izahı necə ola bilər?

Bundan başqa, “toplumsal sinerji” özlüyündə güclü inteqrativ funksiyanı yerinə yetirir. Bəs hansı şərtlər daxilində o, “liderlik sinerjisi” ilə ahəngdarlıq təşkil edərək, ümummilli sinerji yaradır (qalıcı ictimai həmrəyliyin formalaşması anla­mında)? 

Bu, ümumiyyətlə, nəzəri-fəlsəfi təfəkkür üçün mürəkkəb problemlərdən biridir. Başqa səbəblərlə yanaşı, onun yaradıcılığın fəlsəfəsinə əsaslanması ilə əlaqəlidir. Yəni burada konkret lider və siyasi xadim kimi yaradıcı olmaq lazım gəlir ki, ümummilli miqyasda həmrəylik yarada biləsən. Bu baxımdan qısa ola­raq “yaradıcılıq nədir?” sualının fəlsə­fi-sinergetik anlamı üzərində dayanmaq lazım gəlir. 

Homer, Platon və...Feyerabend

Yaradıcılıq ideyası insanın müəyyən anlamına dayanır. Bununla yanaşı, o, insanın cəmiyyət və təbiətlə əlaqələ­ri ilə sıx bağlıdır. Deməli, yaradıcılığın istənilən növü insan-cəmiyyət-təbiət “üçbucağı”nda reallaşır və təkrar-təkrar aktuallaşır. 

Qərb fəlsəfi düşüncəsində yaradı­cılıq “iradə azadlığı”, “fərdi məsuliyyət”, ”tərəqqi” və “rasionallıq” kimi anlayışlar­la birgə mədəniyyətin universalları ka­teqoriyasına aid edilir. Bu isə o deməkdir ki, yaradıcılıq yalnız fərdi deyil, bütöv­lükdə, cəmiyyət və bəşəriyyət konteks­tində mənası olan fenomen kimi qəbul edilir. Ancaq bütün hallarda bu məsələ­də mərkəzi faktor insandır! Ona görə də qədimdən insanın fəlsəfi olaraq necə dərk edilməsi yaradıcılıq aspektində cid­di məqamdır. 

Homer üçün insan “bir-biri ilə zəif əlaqəsi olan hissələrdən ibarət idi”. Homerə görə, arxaik insanların “ruhani mərkəzi” mövcud deyildi, onların “ruhu” yox idi ki, hansısa yaradıcılığa təkan ver­sin (söhbət Pol Feyerabendin Homerin insan haqqında təsəvvürlərinin yalnız fəlsəfi izahından gedir). Belə olanda in­sanın şüuru, iradə azadlığı, ruhla cismin harmoniyası, şüurla reallığın münasibət­lərini vəhdətdə fəlsəfi təsəvvür etmək xeyli çətinləşir. Devid Yumdan başlayan analitik fəlsəfə “bu qüsurdan əziyyət çə­kir”. 

P.Feyerabend həmin prizmada Pla­tonun yaradıcılıq ideyasını da tənqid edir. Platon yaradıcılığın “qəfil”, “mö­cüzə” şəklində gözlənilmədən insanın daxilində meydana gəldiyini yazırdı. Burada, bütövlükdə, yaradıcılıq kənar­dan (məsələn, İlahidən) gələn fəhm kimi də başa düşülə bilər. İ.T.Kasavin obrazlı surətə Platonun bu mövqeyini belə ifadə edir: “..məhz bu cür möcüzə insan yara­dıcılığıdır”!

Bu məsələnin incəliklərinə varmaq bizi mövzudan uzaqlaşdırardı. Ona görə də qısa olaraq yaradıcılığın müa­sir fəlsəfi-elmi ədəbiyyatda bir anlamı ilə kifayətlənək. Yeri gəlmişkən, həmin anlamı P.Feyerabend və İ.T.Kasavin qəbul edirlər. Yaradıcılıq “olmayanın izah edilməyən tərzdə yaradılması” ilə “indi mövcud olanın dərki” arasında “id­raki miqrasiyadır”. Bu mürəkkəb fəlsəfi tezisin sadə ifadəsi belədir: yaradıcılıq növündən asılı olamayaraq, əvvəllər mövcud olmayanın mürəkkəb və qey­ri-müəyyən tərzdə indi mövcud olanın dərk edilməsi fonunda yaradılmasıdır. Deməli, yaradıcılıq hər bir halda indiyə nisbətdə quruculuq və yenilikdir. Onun bir tərəfi insanın zəkavi və mənəvi özəl­liyinə bağlıdırsa, digər tərəfi sosial-mə­dəni mühitlə əlaqəlidir. Yaradıcılıq bu iki aspektin arasında “idraki miqrasiya” etməklə sınaqdan keçir və həqiqi yenilik olduğu halda istimailəşir, toplumun sər­vətinə çevrilir!

Göründüyü kimi, “yaradıcılıq” an­layış kimi mürəkkəbdir. Onun konkret reallaşma formaları və müxtəlif sosial aspektlərdə ifadə üsulu daha mürək­kəbdir. Şübhəsiz ki, siyasi liderlikdə bu daha mürəkkəb xarakter alır. Çünki si­yasi liderliyin yaradıcılığı mahiyyətcə fərdiliyi, kollektiv reallığı və çox müxtəlif sosial-psixoloji, idarəetmə faktorlarını sistem halında görə bilmək qüdrəti ilə bağlıdır. Eyni zamanda, liderlik say­sız-hesabsız qeyri-müəyyən situasiya­larda uğurlu olmağa “məhkum edilmiş” yaradıcılıqdır. Öncədən bu fəaliyyətin sonunu görmək mümkün deyildir. Tez-tez dəyişən və fərqli tərəflərdən təsirləri olan parametrlər, faktorlar, məqamlar, vəziyyətlər burulğanında “idarətmə və istiqamətləndirmə gəmisi”ni dayanıqlı olaraq “ənginliklərə aparmaq” lazım gə­lir! Ulu Öndər bütün bunları “tarix çətin imtahançıdır” kəlamı ilə izah edir!

Beləliklə, bir qədər də məsələni konkretləşdirsək, belə qənaətə gəlirik ki, “ümummilli sinerji” siyasi liderin uğurlu yaradıcı fəaliyyəti sayəsində əmələ gələ bilər! Bu fenomenin reallaşması lider ya­radıcı olmayanda mümkün deyildir. 

Yeni liderlik nümunəsi və ümummilli sinerji: siyasi yaradıcılığın zirvəsi

a) Yeni geosiyasi, geomədəni, geoiqtisadi, energetik dəyərlərin yaradılması

Beləliklə, bizim əsas tezisimiz belə­dir: Liderin ümummilli miqyasda uğurlu olmasının təməlində onun yeni lider­lik nümunəsi yarada bilməsi potensialı dayanır. İlham Əliyevin yeni liderlik nü­munəsində yaradıcı insanın bütün key­fiyyətləri cəmləşmişdir. Yuxarıda vurğula­dığımız fəlsəfi anlam kontekstində daha konkret olaraq, mövcud vəziyyəti tam dərk etmək əsasında yenilik yaratmaq qabiliyyəti İlham Əliyevin siyasi lider kimi yaradıcılığının mərkəzi xəttini təşkil edir. Bu aspektdə Azərbaycan Prezidentinin yüksək siyasi iradə azadlığına və fərdi məsuliyyətə sahib olduğu qətiyyən şü­bhə doğurmur. İlham Əliyevin əldə etdiyi siyasi-diplomatik tərəqqi birbaşa yüksək zəkavi rasionallığa əsaslanır. 

Vurğulanan əlamətlərin konkret məzmunu Azərbaycan dövlət başçısı­nın əldə etdiyi nailiyyətlərdə öz ifadəsini tapmışdır. Mövcud vəziyyəti tam dərk et­mək potensialı Prezidentin 2003-cü ildə dövlətə başçı seçiləndən sonra həyata keçirdiyi daxili və xarici siyasətin hədəf­lərini müəyyən etməsində özünü göstər­mişdir. Həmin bağlılıqda İlham Əliyev enerji strategiyasını davamlı olaraq və konkret layihə təşəbbüsləri ilə siya­si-diplomatik fəallığının ahəngdarlığında reallaşdırmaqdadır. Bunun praktiki nü­munələri enerji layihələrinin kəsintisiz olaraq həyata keçirilməsindən ibarətdir. Çox sayda neft və qaz layihələri qar­şıya çıxarılan maneələrə baxmaya­raq həyata keçirildi. Bunun üçün İlham Əliyev yeni geosiyasi, geoiqtisadi dəyər­lər yaratdı! Misal olaraq, “Bakı prosesi”­ni, Bakı Humanitar forumlarını, Qərb–Şərq nəqliyyat dəhlizi ilə Şimal–Cənub nəqliyyat dəhlizinin Azərbaycanda “qo­vuşmasının” coğrafi aspekti ilə iqtisadi dividentlərinin bir-birini tamamlamasını təmin etməyi göstərə bilərik. Bunlar heç şübhəsiz siyasi liderin yaradıcı fəaliyyə­tini tələb edirdi. 

İlham Əliyevin yeni liderliyinin yara­dıcı aspektinə aid başqa bir fakt enerji strategiyasının reallaşması üçün liderin geosiyasi, siyasi və geoiqtisadi amilləri vahid diplomatik fəaliyyət müstəvisində sintez edə bilməsi qabiliyyəti ilə əlaqəli­dir. Konkret olaraq, İlham Əliyevin regio­nal və regionlararası əməkdaşlığı təmin etmək üçün müxtəlif əməkdaşlıq format­larını irəli sürməsini deyə bilərik. Bura­da regional səviyyədə və regionlararası miqyasda dövlət başçısının ikitərəfli, üçtərəfli, dördtərəfli əmkdaşlıq format­larının təşəbbüskarlığını vurğulamaq lazımdır. Məhz İlham Əliyevin mövcud vəziyyəti dərindən təhlil etmək əsasın­da həmin əməkdaşlıq formatlarını enerji strategiyası və bütün tərəflərin qarşılıqlı fayda götürə bilməsi prinsipi ilə vəhdət­də təqdim etməsi nəzərdə tutulanların reallaşmasına zəmin yaratmışdır. Hə­min anlamda bu proses region səviyyə­sində və regionlararası miqyasda Azər­baycan Prezidentinin lider kimi yaradıcı fəaliyyətinin birbaşa nəticəsi kimi qəbul edilə bilər. 

İndi tədqiqatçılar fəlsəfi və politoloji kontekstdə “energetik dəyərlər nədir və onu yaratmaq necə mümkündür?” sualı­na müxtəlif kontekstlərdə cavab axtarır­lar. Lakin məsələ bəsit deyildir. Xüsusilə, XXI əsrin ziddiyyətli, sürətlə dəyişən və risklərlə dolu geosiyasi dinamikası prizmasında çox çətin görünür. Doğru­dan da “energetik dəyər” nədir və “yeni energetik dəyər” dedikdə nəyi nəzərdə tutmaq olar?

“Energetik dəyər” anlayışnı biz nəzə­ri konstrukt və ya metafora kimi işlədirik. Burada əsas vurğu hər hansı dövlətin malik olduğu enerji resurslarından istis­marçı kimi deyil, milli, regional, region­lararası və qlobal miqyaslarda xalqlara qarşılıqlı fayda gətirə bilən, sülh, barış, əməkdaşlığına imkan yaradan layihələr və nəqliyyat-loqistika sisteminə xidmət edən fəaliyyəti üzərinə qoyulmuşdur. Bu anlamda “energetik dəyər” iqtisadi, ma­liyyə faktorları ilə geosiyasi faktorların ziddiyyətsiz qarşılıqlı əlaqəsini təmin et­məklə sıx bağlı görünür. Lakin bununla məsələ məhdudlaşmır.

Lider “yeni energetik dəyərlər” ya­ratmaq iqtidarında olmalıdır ki, sürətlə dəyişən mühitdə əməkdaşlıq, sabitlik və qarşılıqlı faydalanma təmin edilsin. Deməli, yeni energetik dəyərlər yeni enerji layihələrini, enerji növlərinin vahid məqsəd üçün istifadə edilməsi siyasəti­ni, enerjinin geosiyasi aspektdə rolunun ümumrifah naminə geinşləndirilməsini əhatə edir. Nümunə kimi “enerji dəyər”i qismində neft və qazın istehsalının ge­niş geosiyasi məkanda yerləşən dövlət­lərin enerji və milli təhlükəsizliyinin təmin edilməsinə yönləndirən siyasəti göstər­mək olar. Azərbaycan Prezidenti həmin kontekstdə ölkənin enerji daşıyıcılarının etibarlı istehsal edilməsi və nəqlinin hə­yata keçirilməsini təmin etmişdir. 

İlham Əliyev bunun üçün çoxşaxə­li nəqletmə şəbəkəsi yaratmışdır. Bu, enerji dəyərinin birbaşa geosiyasi kon­tekstdə mənalandırılmasıdır! Bu anlam üzərində Azərbaycan Prezidenti “yeni energetik dəyər” də yaratmışdır. O, ənənəvi enerji daşıyıcıları ilə yanaşı, bərpaolunan (qeyri-ənənəvi) enerji növ­lərinin bir-birinə uyğun istehsalı, nəqli və istifadəsinin vahid sistemdə birləşdiril­məsi ilə əlaqəlidir. Azərbaycan bir neçə saziş və müqavilə ilə buna nail olmuş­dur. Məsələn, Avropa İttifaqı ilə enerji təhlükəsizliyini təmin etmək barədə im­zalanan sənədləri göstərmək olar. Eyni zamanda, dünyanın böyük şirkətlərin­dən olan BP ilə uzunmüddətli əməkdaş­lıqla bağlı yeni müqavilənin imzalanma­sını nümunə hesab etmək olar. 

Vurğulanan məqamlar kontekstində İlham Əliyevin yeni liderlik nümunəsinin, eyni zamanda, bir şəxsiyyət kimi yüksək yaradıcılıq potensialına malik olması ilə bağlılığının digər nümunəsi olaraq qalıcı geomədəni dəyərlərin yaradılması xü­susi yer tutur. Bu, olduqca maraqlı, ak­tual və Qafqaz üçün müasir mərhələdə yeni bir liderlik femonenidir. Çünki siyasi liderin geosiyasi ilə mədəni faktorların apardığı siyasətdə vəhdətini təmin edə bilməsi nadir hadisədir. Bunun üçün İlham Əliyev Azərbaycanın daxili sosi­al-mədəni mühitini ziddiyyətsiz və real inteqrativ vəziyyətə çıxaran multikultu­ralizm, azərbaycançılıq və mədəniyyət açıqlığı faktorlarını həm sistem, həm də yaşam prinsipləri kimi oturuşdur­maqla, onların dövlətlərarası münasi­bətlərə proyeksiyasını həyata keçirmək arasında bir uyğunluq yaratması lazım idi. Söhbət faktiki olaraq müasir şərtlər daxilində elə münasibətlər modelinin yaradılmasından gedir ki, daxili mühitlə ətraf mühit arasında qarşılıqlı uzlaşma praktiki mümkün olsun. 

Görünür, bu yeni liderlik məqamı Av­rasiya məkanında yeganə nümunə kimi uzun müddət qalacaqdır. Burada multi­kultural dəyərlərin Azərbaycan cəmiyyə­tinin bütövlüyünü təmin etməyə xidmət etməsi ilə regional və regionlararası miqyasda bir neçə cəmiyyətin qarşılıqlı əlaqələrə açıq olmasını uyğunlaşdırmaq vacib özəllikdir. Özlüyündə məsələnin liderliklə bağlı aspekti çox mürəkkəb­dir. Lakin İlham Əliyev ona nail olmağın səmərəli nəticə verə bilən mexanizm­lərini yaratmışdır. Həmin mexanizmlər sırasıda yeni liderlik kontekstində Azər­baycan Prezidentinin regional və bey­nəlxalq təşkilatlarda fəaliyyətinin daxili məntiqi və əldə etdiyi konkret nəticələr ayrıca yer tutur. Bu xüsusi tədqiqat tələb edir. Məsələnin həmin tərəfi üzərində geniş dayanaq.

(ardı var) 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət