Zəfər və rifah siyasətinin təntənəsi

post-img

Şanlı Zəfər dövrünü yaşayan Azərbaycan dövləti qüdrətli ordusu və dinamik iqtisadi inkişaf tempi ilə yanaşı, güclü sosial siyasəti ilə də seçilir. Bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyevin uğurlu sosial siyasətini ötən dövrdə Prezident İlham Əliyevin ən yüksək səviyyədə davam və inkişaf etdirməsi milli prioritetlərdəndir. Dövlət başçısının Azərbaycanın hərtərəfli tərəqqisinə xidmət edən siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prin­sipinin dayanması ölkəmizin sosial sahədə böyük inkişaf yolu keçməsinə, əhalinin güzəranının gücləndirilməsi istiqamətində tarixi irəliləyişlərə imkan verib.

Prezident İlham Əliyevin uğurlu xarici və daxili siyasəti nəticəsində ötən 20 ildə Azərbaycan dünya miqyasında rekord templə inkişaf edən və 4 dəfədən çox iqti­sadi artım əldə edən, qüdrətli ordu quran, strateji hədəflərinə doğru inamla addım­layan, dünya birliyində layiqli yer tutaraq etibarlı tərəfdaş kimi tanınan, beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqe tutan bir ölkəyə çevrilib. 

Vətən müharibəsində silahlı qüv­vələrin müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu müa­sir dünyanın hərb tarixinə misilsiz döyüş peşəkarlığı nümunəsi kimi yazılan uğurlu hərbi əməliyyatları ilə möhtəşəm tarixi Zəfərə imza atdı. Beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edildi.

Ölkə rəhbərinin sosial sahəyə xüsusi qayğısı ötən 20 ildə dövlətimizin sosial siyasətinin ildən-ilə güclənməsinə, da­yanıqlı və əhatə dairəsi daim genişlənən etibarlı sosial müdafiə sisteminin forma­laşmasına imkan verib. Həmin dövrdə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox, minimum əməkhaqqında 38 dəfə, minimum pensiyada 14 dəfə, orta aylıq əməkhaqqında 12 dəfə, orta aylıq pensi­yada 18 dəfə, yaşa görə orta aylıq pensi­yada 19 dəfə, pensiya üzrə ödənilən illik vəsaitdə 30 dəfədən çox artım baş verib. Hər ilin əvvəlində pensiyaların və fərdi hesablardakı pensiya kapitallarının in­deksləşdirilərək artırılması təmin olunub. 

Hazırda yaşa görə orta aylıq pensi­yanın məbləği (467 manat) pensiyaçılar üçün yaşayış minimumundan (199 ma­nat) 2,3 dəfə artıqdır. Xalis minimum ay­lıq əməkhaqqının xalis orta aylıq əmək­haqqına nisbəti isə 2003-cü ildəki 11,7 faizdən 2018-ci ildə 26,5 faizə, bu ilin əvvəlində isə 41,1 faizə çatıb. Ünvanlı dövlət sosial yardımın hər ailəyə düşən orta aylıq məbləğində isə 11 dəfə artım baş verib. Eyni zamanda, son illər qanun­vericilikdə bir sıra dəyişikliklər edilərək, ünvanlı yardım proqramının əhatə dairə­si genişləndirilib, sosial yardımın təyinat şərtləri xeyli yumşaldılaraq bu proqrama əlçatanlıq artırılıb. 

Son 20 ildə yeni iş yerlərinin açılma­sı daimi xarakter alıb, aktiv məşğulluq proqramlarının uğurla davam etdirilərək ildən-ilə əhəmiyyətli dərəcədə geniş­lənməsi, sosial müdafiə və reabilitasiya əhəmiyyətli yeni müəssisələr şəbəkəsi­nin qurulması təmin edilib. 

“Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problem­ləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” – deyən Prezidentin imzaladığı fərman və sərəncamlar nəticəsində, xü­susilə, son beş ildə mühüm sosial irəlilə­yişlər əldə edilib. Bu dövrdə 4 milyondan çox vətəndaşı əhatə edən, icrasına əlavə olaraq illik 7 milyard manata yaxın vəsait ayrılan 4 sosial islahat paketi həyata ke­çirilib. 

Ümumilikdə, 2018–2023-cü illərdə minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə artırılıb. Orta ay­lıq pensiya 208 manatdan 437 manata, yaşa görə orta aylıq pensiya 234 manat­dan 467 manata, orta aylıq əməkhaqqı 545 manatdan 921 manata çatıb. Medi­an əməkhaqqında 2,2 dəfə, əməkhaqqı fondunda 2,7 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə artıma nail olunub. Ehtiyac meyarı 130 manatdan 246 manata, yaşayış minimumu 173 manatdan 246 manata çatdırılıb.

Sosial rifahda mühüm amil olan, 1,1 milyon insanı əhatə edən pensiya təmi­natı gücləndirilməklə, bu təminat proq­ramına əlçatanlığın daha da artırılması, pensiya sistemində humanist yanaşma­ların tətbiqi sahəsində mühüm addımlar atılıb. 2019-cu ilin əvvəlindən yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləş­dirilib, ötən ildən erkən pensiya hüququ olan kateqoriyaların sırası daha da ge­nişləndirilib. 

Aparılan islahatlar pensiya təmina­tının da əhəmiyyətli dərəcədə güclən­məsinə səbəb olub. Pensiyalar üzrə xərclənən illik vəsait 2018-ci ildəki 3 mil­yard 523 milyon manatdan ötən dövrdə 2,4 milyard manat artaraq 2023-cü ildə 5,9 milyard manata çatıb. Təkcə bu ilin 11 ayında pensiya istiqaməti üzrə ayrı­lan vəsaitdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 715 milyon manat artım baş verib.

Sosial təminat sisteminin əhatə dairə­sinin genişləndirilməsinin, həssas qrupla­rın dövlət qayğısı ilə əhatə olunmasının daha bir göstəricisi kimi, son 20 ildə 15, o cümlədən, 2018–2023-cü illərdə 10 yeni sosial ödəniş növü təsis edilib. Onların sırasına müharibə veteranlarına, birinci dərəcə əlilliyi olanlara və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənlərə, Vətən Müharibəsi Qəhrəmanlarına, işləməyən pensiyaçı elmlər doktorlarına və fəlsəfə doktorlarına Prezidentin aylıq təqaüdü, uşaqları övladlığa götürən şəxslərə müa­vinət, himayədar ailələr üçün müavinət və s. daxildir. Nəticədə yalnız təqaüd tə­minatı üzrə götürdükdə, son beş ildə bu istiqamətdə ödənişlə təmin edilənlərin sayı 6,5 dəfə artaraq 393 minə çatıb.

Prezident İlham Əliyevin tapşırığı­na əsasən, bizim fəaliyyətimizin başlıca istiqamətlərindən biri şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxs­lərin xüsusi qayğı ilə əhatə olunmasıdır. 2007-ci ilin əvvəlindən şəhid ailələri, 2008-ci ilin sentyabrından müharibə ilə əlaqədar əlilliyi olan şəxslər Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər. Həmin təqaüdlərin məbləği ötən dövrdə şəhid ailələri üçün 6 dəfə artırılaraq 100 manat­dan 600 manata, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər üçün 5,6 dəfə artırılaraq 90 ma­natdan 500 manata, orqanizmin funksi­yalarının 61– 80 faiz pozulmasına görə (II dərəcə) əlilliyi olan şəxslər üçün 5,7 dəfə artırılaraq 70 manatdan 400 mana­ta, orqanizmin funksiyalarının 31– 60 faiz pozulmasına görə (III dərəcə) əlilliyi olan­lar üçün 6,6 dəfə artırılaraq 50 manatdan 330 manata çatdırılıb. 

Şəhid ailələri və müharibə əlilləri bu təqaüdlərlə yanaşı, aylıq pensiya və müavinətlərlə də təmin edilirlər, əmək və məşğulluq, vergi qanunvericiliyində on­lar üçün bir sıra güzəştlər müəyyən olu­nub. Həmçinin dövlət başçısının növbəti qayğısı kimi, son illər həmin vətəndaşlar üçün mühüm sosial dəstək proqramları – 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qul­luqçuların ailələrinin və həmin tarixədək hərbi xidmət zamanı aldığı xəsarət və xəstələnmə ilə bağlı əlilliyi müəyyən edil­miş şəxslərin və ya onların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramları icra edilib.

Tarixi Zəfərimizlə başa çatan 44 gün­lük Vətən müharibəsindən sonra isə döv­lət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiq­yaslı sosial dəstək proqramı icra edilir. Bu proqram çərçivəsində həmin kateqo­riyalara aid 126 min şəxs sosial dəstək yönümlü 322 min xidmətlə təmin edilib. Belə ki, postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarından ibarət 104 min nəfərə 117 min sosial ödə­niş təyinatı həyata keçirilib, 11 min nəfərə 54,5 min sosial-psixoloji dəstək və reabi­litasiya xidməti göstərilib. 453 hərbçi 472 yüksək texnologiyalı son nəsil protezlə, 21,9 min şəxs birdəfəlik ödəmə ilə təmin olunub. 20 min 500 nəfərin məşğulluğu­nun təminatı həyata keçirilməklə, onlar­dan 10 min 300 nəfər üçün özünüməş­ğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub. 

Postmüharibə dövründə şəhid ailələ­ri və qazilərə ünvanlanan müavinət və təqaüdlərdə də orta hesabla 2 dəfə artım baş verib. Onlara Vətən müharibəsindən sonra 5 min 800, ümumilikdə, 14 min 600 mənzil verilib. Həmçinin qazilərə müha­ribədən sonra 424, ümumən ötən dövrdə 7 min 600 avtomobil verilib.

Digər həssas qruplardan olan vətən­daşların da dövlət tərəfindən mənzillə təminatı işləri aparılır. Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri olaraq son illərdə Abşeron rayonunda yeni çoxmənzilli yaşayış binaları tikilərək dövlət uşaq müəssisələrinin məzunları­nın istifadəsinə verilib. Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial müəs­sisəsi kimi fəaliyyət göstərən həmin ya­şayış binalarında 365 məzun mənzillə təmin edilib. Son illər yeni yaşayış bina­larından da həmin məzunlara mənzillər verilir. Onlardan artıq 650 şəxs mənzillə təmin edilib.

Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən biri də dövlət sosial xidmətlərinin vətəndaş məmnunluğuna uyğun göstərilməsidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST kon­sepsiyası son illər bu istiqamətdə apa­rılan islahatların mühüm uğurlarından biridir. DOST Agentliyinin və ilk DOST mərkəzinin açılışı tədbirində dövlətimi­zin başçısı bildirib: “Bizim siyasətimiz, demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrup­siyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərə­cədə qoşulması ölkəmizin inkişafına xid­mət göstərəcək”. 

159 xidmətin “bir pəncərə”dən, ope­rativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunduğu DOST mərkəzlərində bu ilin 11 ayında 642 min, ümumilikdə ötən dövrdə 1,9 milyon vətəndaşa məm­nunluq səviyyəsi 98,1 faiz olan xidmət göstərilib. Artıq bir sıra ölkələr Azərbay­canın DOST təcrübəsini öyrənərək bu təcrübəni özlərində tətbiq etməyə maraq göstərirlər.

DOST infrastrukturunun ölkə boyu genişləndirilməsi işləri davam edir, o cümlədən işğaldan azad edilmiş əra­zilərimizdə də DOST xidmətləri quru­lur. 2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” xidmət məntəqəsi, bu ilin avqust ayında isə Pre­zident cənab İlham Əliyevin iştirakı ilə Bərdədə 9 şəhər və rayonun (Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər) sakinlərinə xidmət edən Qarabağ Regional DOST Mərkəzi açılıb. Hazırda DOST xidmətləri şəbəkəsinin Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı və Şuşanı da əhatə etməsi üçün layihə, təmir-tikinti iş­ləri aparılır.

Sosial-iqtisadi siyasətin əsas is­tiqamətlərindən biri də əhalinin məşğul­luğunun təminatıdır və ölkədə yeni iş yerlərinin açılması, məşğulluq imkanla­rının artırılması davamlı xarakter alıb. Bu siyasətə uyğun olaraq son 5 ildə də aktiv məşğulluq proqramları ildən-ilə genişləndirilib və 1 milyondan çox şəxsi əhatə edib. İşsizlərin kiçik biznesə çıxı­şında mühüm rola malik özünüməşğulluq proqramına cəlb olunanların illik sayı da son beş ildə 14 dəfə artırılaraq 16 mini ötüb. Dünya Bankının maliyyə dəstəyi ilə həssas qruplardan olan 22 min işsiz şəxsin kiçik bizneslərinin yaradılmasına hədəflənən “Azərbaycanda məşğulluğa dəstək” layihəsi də proqramın genişlən­məsinə mühüm dəstəkdir. Bu layihə çər­çivəsində artıq 7 min şəxsə aktivlər ve­rilərək kiçik biznesləri qurulub.

Dövlət başçısının sərəncamı ilə təs­diq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Bö­yük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həmin ərazilərə qayıdan sakinlərin aktiv məşğulluq tədbirləri ilə əhatə olunması başlıca fəaliyyət is­tiqamətlərimizdən biridir. İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakin­lərdən əmək qabiliyyətli olanların artıq təqribən 70 faizinin məşğulluğuna dəstək göstərilib və bu istiqamətdə işlər davam edir. Həmin bölgələrdə artıq əmək yar­markaları da təşkil edilir. 

Bu günlərdə Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Za­bux və Sus, Füzulinin Dövlətyarlı, Cəb­rayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin sakinləri üçün peşə hazırlığı kurslarının təşkilinə başlanıb. Kurslara 2023–2024-cü illərdə həmin ərazilərdə məskunlaşmış, habelə məs­kunlaşacaq işsizlər cəlb ediləcək. Kurs­larda iştirak üçün müraciət forması və qeydyyat barədə artıq media vasitəsilə məlumat da verilib. 

Ümumilikdə, işğaldan azad olunan ərazilərimizdə aktiv məşğulluq proq­ramları genişlənəcək. Həmin bölgələr üzrə ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlb edilməsi planlaşdırılır. Eyni zamanda, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı üzrə 2023–2026-cı illərdə Cəbrayıl rayonunda Regional DOST Mərkəzinin və Peşə Ha­zırlığı Mərkəzinin, Ağdam, Füzuli, Zəngi­lan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşada DOST filiallarının, Kəlbəcərdə Reabilita­siya Mərkəzinin yaradılması da nəzərdə tutulub.

Ölkə Prezidentinin əlilliyi olan şəxs­lərə xüsusi qayğısının daha bir təzahürü kimi, son illər reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub. 12 re­abilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, Qəbələdə Uşaq Reabi­litasiya Mərkəzi açılıb. Bu ilin 11 ayında da 78 min 9 yüz nəfər əlilə reabilitasiya xidmətləri göstərilib, 9 min 700 şəxsə 80 min 800 reabilitasiya vasitəsi verilib. Qarşıdakı dövrdə reabilitasiya mərkəzləri şəbəkəsi ölkə boyu genişlənəcək. Quba, Ağcabədi, Kəlbəcər, Şamaxı rayonların­da da belə mərkəzlərin açılması nəzərdə tutulub.

Digər yenilik Qarabağ Regional DOST Mərkəzində Ambulator Reabilita­siya Mərkəzinin açılmasıdır. Burada da məqsəd həmin mərkəzin əhatə etdiyi ra­yonlarda əlilliyi olan şəxslərin reabilitasi­ya xidmətlərinə əlçatanlığının artırılması, bərpa prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsidir. Yaradı­lacaq digər regional DOST mərkəzlərin­də də ambulator reabilitasiya xidmətləri­nin təşkili nəzərdə tutulur.

Birinci vitse-prezident Mehriban Əli­yevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə əlillərin və digər həssas qrupların yaradı­cılıq potensialının inkişaf etdirilməsinə, onların inklüziv şəraitdə cəmiyyətə fəal inteqrasiyasına xidmət göstərən məkan­dır. Ötən dövrdə burada 480 benefisiar müxtəlif yaradıcılıq istiqamətləri üzrə tə­limlərdə iştirak edərək bacarıq və qabi­liyyətlərini inkişaf etdirib, həmçinin sosial pedaqoji və psixoloji xidmətlərdən yarar­lanıblar. Onların 321-i əlil, 76-sı valideyn himayəsindən məhrum uşaq, 72-si aztə­minatlı ailənin üzvü, 18-i şəhid ailəsi üz­vünün, müharibə əlilinün övladları olub. 

Ötən ay Prezident İlham Əliyev və bi­rinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı rayonunda “DOST EVİ” filialının açılışı olub. 10 istiqamət üzrə 6 emalatxananın (dulusçuluq, bə­dii oyma, misgərlik və zərgərlik, dərzilik və kəlağayı, xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatları emalatxanaları) fəaliyyət göstərdiyi bu yeni inklüziv mə­kan da bölgədə yaşayan əlillərin və di­gər həssas qrupların təlimlər vasitəsilə müxtəlif istiqamətlərdə bacarıq və qa­biliyyətlərinin təkmilləşməsinə, onların məşğulluğuna, gəlir imkanlarının artı­rılmasına, milli sənətkarlığın inkişafına, bölgədə turizm imkanlarının genişləndi­rilməsinə və s. dəstək məqsədinə xidmət edir.

Son illər mühüm addımlar atılaraq, sosial xidmətlərin geniş miqyasda elekt­ronlaşdırılması təmin edilib. Hazırda na­zirliyin 159 xidmətindən 140-dan çoxu e-platformadan təqdim edilir, 30-dan çox e-arayış xidməti, 50-dən çox proaktiv xid­mət yaradılıb. 2019-cu ildə ölkənin sosial reyestri olan e-sosial.az portalı, 2020-ci ildə fərdi hesabların e-qaydada proaktiv açılması xidməti, 2022-ci ildə “Əmək və Məşğulluq” altsistemi istifadəyə verilib. 

Dövlət başçısının tapşırıqlarına uy­ğun olaraq son illər ölkəmizdə aparılan sosial islahatların uğurları, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, müasir iş prinsipləri, rəqəmsal mexanizmlər üzərin­də təqdim edilməsi, vətəndaş məmnunlu­ğuna uyğun çevik və şəffaf, proaktiv xid­mətlər sisteminin yaradılması beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymət alıb: yalnız 2022–2023-cü illərdə nazirlik və qurumları 44 beynəlxalq mükafat və sertifikatla təltif edilib. 

Beləliklə, Prezident İlham Əliyevin sosial sahəyə yüksək qayğısı nəticə­sində ölkəmizdə vətəndaş rifahının və məmnunluğunun təminatı istiqamətində mühüm tarixi nailiyyətlər, əmək, məşğul­luq, sosial müdafiə sistemlərinin inkişaf etdirilməsi sahəsində beynəlxalq səviy­yədə də qabaqcıl islahat nümunələri kimi qəbul olunaraq təbliğ edilən uğurlar əldə olunub və bu sosial nailiyyətlər silsiləsi qarşıdakı dövrdə də davam edəcəkdir.

Vüsal NƏSİRLİ,
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini



Siyasət