Azərbaycan dünyanın qabaqcıl dövlətləri sırasına çıxıb

post-img

Dekabrın 22-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan S.Qafarova bildirib ki, 2 gün son­ra, dekabrın 24-də Prezident İlham Əliyevin doğum günüdür. 

Spiker diqqətə çatdırıb ki, qə­dim dövlətçilik ənənələrinə malik olan Azərbaycan öz tarixinin ən şanlı dövrlərindən birini yaşayır. Biz siyasi, iqtisadi və hərbi qüdrə­ti ilə geniş bir bölgədə söz sahibi olan dövlətimizlə qürur duyuruq. Son 30 ildə ölkəmizin inkişafı yolunda ən böyük maneə olan bir problem artıq keçmişdə qalıb. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və bu il sent­yabrın 20-də antiterror tədbirləri nəticəsində əzəli tarixi torpaq­larımız olan Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. 

Qeyd edilib ki, bütün bu uğur­ların təməlində Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasını layiqincə davam etdirən dövlət başçısı möhtərəm cənab İlham Əliyevin uzaqgörən daxili və xa­rici siyasət xətti dayanır. Məhz onun fenomenal liderlik məharəti, idarəçilik bacarığı, əzmi və cə­sarəti sayəsində Azərbaycan dün­yanın sayılıb-seçilən dövlətləri sı­rasına çıxıb. Dövlətimizin başçısı xalq və Vətən yolunda müstəsna xidmətləri ilə öz adını Azərbay­can tarixinə qızıl hərflərlə yazıb. 

S.Qafarova bildirib ki, ölkə­mizin sürətli və dinamik iqtisadi inkişafı xalqımızın və dövlətimi­zin xoşbəxt gələcəyini təmin edən möhtəşəm layihələri reallaşdırma­ğa imkan verir. Məhz bunun nəti­cəsidir ki, Azərbaycan bu gün Qa­rabağda öz miqyasına görə heyrət doğuran bərpa-quruculuq işlərini əzmlə həyata keçirir. Ali Baş Ko­mandanın rəhbərliyi ilə xalqımız döyüş meydanlarında göstərdiyi hünərləri bu gün tikinti meydança­larında da nümayiş etdirir. Keçmiş məcburi köçkün soydaşlarımız 30 il həsrətində olduqları ata-baba yurdlarına dönürlər. 

Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə dekab­rın 21-də Xankəndi şəhərində baş tutan tədbirlər Azərbaycanın öz torpaqlarının əsl sahibi oldu­ğunu, “Qarabağ Azərbaycandır!” həqiqətini bir daha bütün dünya­ya çatdırdığını vurğulayan spiker təklif edib ki, doğum günü müna­sibəti ilə möhtərəm cənab Prezi­dentə Milli Məclis adından təbrik məktubu ünvanlansın. 

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr keçirilib. Çıxış edən deputatlar ölkəmizin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, sosial sahələr­də böyük nailiyyətlər əldə etdi­yini, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsin­də xalqımızın sarsılmaz inamını və dəstəyini qazandığını vurğu­layıblar. Deputatlar postmünaqişə dövründə dövlətimizin qarşısında duran vəzifələrin uğurla həyata keçirildiyini, Azərbaycanın qalib dövlət olmaqla yanaşı, Cənubi Qafqaz regionunun lider dövlə­tinə çevrildiyini bildiriblər. Bu il 20 sentyabr tarixinin lokal antiterror tədbirləri ilə suveren­liyimizin və ərazi bütövlüyümü­zün tam bərpası günü kimi yadda qaldığı qeyd edilib. Bununla ya­naşı, bəzi qüvvələrin məkrli plan və niyyətlərinə baxmayaraq, ölkə Prezidentinin səyləri və qətiyyə­ti sayəsində bu gün sülh müqa­viləsinin bağlanması üçün heç bir maneənin olmadığı bildirilib. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəkdə də ye­ni-yeni nailiyyətlər əldə edəcə­yinə inam ifadə olunub.

Sonra S.Qafarova gündəlikdə 27 məsələnin olduğunu söyləyib. O, birinci məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun la­yihəsi olduğunu deyib. Spiker qeyd edib ki, beynəlxalq sənədlə bağlı olduğuna görə, qanun la­yihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunu­nun tələbinə əsasən bir oxunuşda qəbul ediləcək. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin Sədri növbəti 17 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib. Qanun layihələri barədə birinci və ikinci oxunuşlarda irəli sürülən təklif və rəylərin nəzərə alındı­ğı diqqətə çatdırıldıqdan sonra sənədlər səsə qoyularaq qəbul edilib.

Sonra birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculu­ğu komitəsinin sədri Əli Hüseynli“Polis haqqında”, “Yetkinlik yaşı­na çatmayanların baxımsızlığının və hüquq pozuntularının profi­laktikası haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında də­yişiklik edilməsi barədə qanun la­yihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihənin birinci və ikinci oxunuşlarda deputatlar tərəfindən dəstəkləndiyini, əlavə heç bir tək­lifin olmadığını deyib və səsə qo­yulmasını xahiş edib. 

Qanun layihəsi üçüncü oxu­nuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Məhkəmə ekspertizası fəaliyyəti haqqın­da” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Deputat məsələyə dair heç bir əlavə təklifin olmadığını deyib və səsə qoyulmasını xahiş edib. 

Parlamentin Sədri gündəli­yin növbəti iki məsələsinin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxınlığını diqqətə çatdırıb. Əmək və sosi­al siyasət komitəsinin sədri Musa Quliyevin məlumatından sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.

Gündəlikdəki digər qanun la­yihələri də müzakirələrdən sonra qəbul edilib.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər