Erməni “Amerikalı”, amerikalı Hüseyn, kinomuz və Qarabağ...

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

Birinci Dünya müharibəsindən sonra Amerikada yaşayan Çarli Bax­çinyan adlı erməni həmin vaxt hələ dövlət kimi mövcud olmayan Ermə­nistana gəlir. Burada onu saxta ittihamla həbsə atırlar. Adam həbsxana kamerasından yaxınlıqdakı binanın pəncərəsini görür. Oradan hər gün köklü kimi qələmə verilən erməni ailəsinin, daha doğrusu, cütlüyünün həyatını müşahidə edir və anlayır ki, “Ermənistan”a gəlməsi və hətta həbsxanaya düşməsi hədər deyilmiş. Deməli, bildiyimiz mənəvi amillər ön plandadır. O amillər ki, erməni cəmiyyəti üçün o qədər də aktual deyil, heç olmayıb da. Ermənilərin bir çox sahələrdəki kimi, mövcud xüsusda da öyündükləri nə varsa, böyük hesabla oğurluqdur. 

Bəli, ortada belə bir, ilk baxışdan, sadə sujet xətti var. Ancaq görünür, filmoqrafiya baxımından hər şey ye­rindədir. Yerindədir ki, "Amerikalı" adlı erməni filmi tarixdə ilk dəfə "Os­kar"ın “short-list”inə düşməyi bacarır. O film ki, ən başlıcası, “ermənilərin tarix boyu uğradıqları haqsızlıqları” anladır. Məzlum erməni obrazını vur­ğulayır. Bu qövmün məzlumluq altın­da gizlənməklə, hansı vandallıqlar törətdiyini isə hər birimiz yaxşı bilirik. Deməli, “Amerikalı” erməni avantü­rizminin gələcək davamı baxımından mənəvi sipər rolunu oynamaqdadır. Məsələyə həssas yanaşmağımın sə­bəbi də elə budur.

Bəlkə, çoxunuz xatırlamaz, amma yaxşı yadımdadır ki, İkinci Qarabağ müharibəsində Hüseyn Məmmədov adlı bir “amerikalı” gəncimiz döyüş­müşdü. O, beş il idi ki, Nyu-Yorkda valideynləri ilə birgə yaşayırdı. Vətən müharibəsi başlayanda Azərbaycana gəlmiş, vuruşaraq, düz Şuşaya qə­dər gedib çıxmışdı. Çox güman, indi yenə ABŞ-da həyatına davam edir. O zaman düşünmüşdüm ki, Hüseyn Vətən müharibəsi ilə bağlı çəkilməli olan bədii filmlərdən biri üçün hazır mövzudur. Nyu-Yorkdakı həyatından tutmuş Şuşayadək getməsi və yeni­dən Amerikaya qayıtması...

Bir də onu deyim ki, Vətən mü­haribəsində qəhrəmanlıq göstərmiş bir çox oğullarımızın həyatı, əslində, kino sənətimiz üçün gözəl mövzu­lar verib. Hüseyni isə bu baxımdan fərqləndirən Amerikada yaşamasıdır. Yəni, onun haqqında çəkiləcək ciddi bir film həm də Qarabağ həqiqətləri ilə bağlı ABŞ ictimaiyyətinə müstəs­na mesaj olardı. Ermənilərin ərsəyə gətirdikləri “Amerikalı” kimi. Deməli, “Amerikalı” bizi qabaqladı. Amma bizi qabaqlayan təkcə bu filmdirmi? 

Bədii film böyük silahdır. Həqiqət­ləri anlatmaq, bəzən həqiqətlərlə manipulyasiya baxımından çox bö­yük silah. Yüz, min yazının və ya digər təbliğatın deyə bilmədiyini kino olduqca məharətli tərzdə çatdır­maq qabiliyyətindədir. Amma söhbət yaxşısından gedir. “Amerikalı”nın Ermənistandakı səs-küylü təqdim olunma tərzini görəndə ağlımdan, istər-istəməz, bunu keçirdim ki, biz dünya miqyasına çıxarılacaq, sırf bizə məxsusları anlatmaq baxımın­dan ciddi ekran əsəri yarada bilmə­mişik. Əlbəttə, təəssüf etdim. Ancaq təəssüflə iş aşmaz. 

Hazırkı, belə demək mümkünsə, axsaqlığımıza görə kimisə, yaxud kimlərisə, habelə hansısa aidiyyəti qurumları günahlandırmaq, ittiham etmək məntiqindən uzağam. İttiham­la işin başa gəlməyəcəyini anlayıram. Sadəcə düşünək. İlk növbədə, onu düşünək ki, Qarabağ Azərbaycan xalqı üçün milli identikliyin rəmzidir. İki Qarabağ müharibəmiz olub. Birinci ilə bağlı filmlər çəkmişik. Amma geniş yanaşaraq etiraf edək ki, həmin film­lər hər nə qədər bizə xoş gəlsə də, dünyaya Qarabağ həqiqətlərini çat­dıracaq səviyyədən uzaqdır. Baxma­yaraq ki, onlar hansısa festivallarda mükafatlara layiq görülüblər.

Gələk, bilavasitə İkinci Qarabağ müharibəsinə. Bu gün də dünyada elə qütblər var ki, beynəlxalq hüququ asanlıqla çeynəyib Azərbaycanın haqq davasına işğalçılıq donu gey­dirməyə çalışırlar. 44 günlük savaşın başlandığı ilk günləri xatırlamaq ki­fayətdir ki, bu meyilin nə qədər ciddi olduğunu hiss edəsən. Əlbəttə, bü­tün bunların xeyri olmadı və görünür, heç olmayacaq da. Zəfər çalmışıq, müzəffər olmuşuq. İndi qarşımızda duran məsələ Zəfərimizi dünyaya “yedizdirməkdir”. Bunu bacarırıqmı, təəssüf ki, optimist ola bilməyəcəm. Birinci Qarabağ müharibəsi kimi, İkin­ci Qarabağ müharibəsi ilə də bağlı düz əməlli filmimiz yoxdur. Deyilənə görə, hazırda “Fəryad-2”nin çəkilişləri gedir. Ümid edək ki, ortaya fövqəla­də bir şey qoyulacaq. Hərçənd, buna şəxsən mənim o qədər də inamım yoxdur. Ekran əsərinin bir dünya ça­pındakı film olacağı ilə bağlı nikbinlik­dən uzağam. 

***

Bəs, nə edilməlidir? Kino, in­cəsənət sahəsinin adamı olmadı­ğımdan, açığı, ümumi işə fayda baxımından mütəxəssis fikri bildirə bilməyəcəm. Amma qəti əminəm ki, yanaşmamız dəyişməlidir və qəti əminəm: Qarabağ həqiqətlərini an­latmağımız baxımından heç olmasa, bir tutarlı filmə ehtiyacımız var. Elə bir filmə ki, dünya onun hər epizodunda ruhumuzu duysun, haqqımızı versin. 

Bəli, yaxşı film, kino ciddi pul deməkdir. Azərbaycan dövləti film çə­kilişlərinə də maliyyə ayırmaqdadır. Bu vəsaitin hesabına ərsəyə gəlmiş ekran işlərinin keyfiyyətindən söz aç­maq istəyindən uzağam. Eləcə də, həmin ekran işlərində rol alan aktyor və aktrisaların səviyyəsinə qiymət verməkdən. Ümumi şəkildə deyim ki, vəziyyət qənaətbəxş deyil. Kino industriyamız hər cəhətdən geri qalır. Ancaq hesab edirəm ki, bu geriliyə görə dünyaya bizə münasibətdəki haqq və ədalət çağırışımızın müstəs­na əhəmiyyət daşıyan kino seqmenti­ni təxirə salmamalıyıq. Bu işdə gecik­məməliyik. Axı pulumuz var. 

Müqayisə bəlkə də yerinə düş­mür, ancaq deyim ki, futbolda da geri­yik. Bu geriliyin müqabilində dünyaya təqdim edə biləcəyimiz “Qarabağ” futbol klubu var və Azərbaycanın və ümumən Qafqazın tarixində ilk dəfə olaraq Avropa liqasının növbəti raun­dunda yarışacaq. Bəli, “Qarabağ”ın aparıcı futbolçuları legionerlərdir. Yəni, pulun hesabına yaxşıları seçib bu gün üçün ortaya nə isə qoya bilmi­şik. Nəzərə alaq ki, “Qarabağ”ın dün­yanın yaşıl meydanlarındakı çıxışı Qarabağ təbliğatımız baxımından xa­ricdə düzənlənən yüz, min konfrans­dan üstündür. Kinoya da eyni baxışın ortaya qoyulması mütləqdir. 

Bir haşiyə də çıxım ki, məşhur ru­siyalı jurnalist Kseniya Sobçakın Ba­kıya səfər təəssüratları ilə bağlı ge­niş məqaləsini oxumuşdum. Xanım Sobçak patyaxtımızda gördüklərin­dən, sözün əsl mənasında, sarsıldığı­nı yazmışdı. Xüsusən də Heydər Əli­yev Mərkəzinə valehliyini tərənnüm edən jurnalist Bakı ilə Moskva arasın­da müqayisə aparmış və bildirmişdi ki, rusların həmişə yuxarıdan aşağı baxdığı azərbaycanlılar zövq məsələ­sində üstünlüyə yiyələniblər və daha yaxşının nə olduğunu anlayırlar, eyni zamanda yaxşı olan hər şeyi yara­danın kim olduğunu bilirlər. Əlqərəz, Sobçak Heydər Əliyev Mərkəzinin tikintisindəki memarlıq üslubuna diqqət çəkmiş və dünya şöhrətli me­mar Zaha Hadidin əməyindən istifadə etməyimizi məharətimiz, zövq göstə­ricimiz kimi dəyərləndirmişdi.

Deməli, “Qarabağ” futbol klubu və Heydər Əliyev Mərkəzinin binasının timsalında legionerlərin bizim üçün yaratdıqları və bizi tərənnüm edən ruh örnəklərini görürük. Elə örnəklər ki, hər birində həlledici amil rolunda çıxış edən maliyyədir, daha dəqiq desəm, puldur. O zaman eyni yanaş­manı nə üçün kinoya tətbiq etməyək? Əlbəttə, qardaş Türkiyə ilə birgə çə­kilən filmlərimiz var. Ancaq yəqin ra­zılaşarsınız ki, onlar da dünya çapın­da hesab edilə biləcək ekran əsərləri deyillər. Məsələn, yaxşı olmazdımı ki, dünyanın aparıcı kino ulduzları, rejissorları, ssenaristləri Azərbaycan həqiqətlərini anladan, Qarabağ dava­mıza işıq salan filmlərin çəkilişlərinə cəlb olunsunlar? 

Hər halda, mümkündür. Hesab edirəm ki, buna indiki dövrdə ehtiyac daha çoxdur. Axı, xarici peşəkarlarla birgə iş milli kino industriyamız üçün də böyük təcrübədir. Heç şübhəsiz, yerli aktyorlarımız xaricilərlə birgə işləyərək, yeni vərdişlər əldə edəcək­lər. Yeri gəlmişkən, onların içərisində də istedadlılarının, yüksək potensiala malik olanların mövcudluğunu demə­liyəm. Yəni, piyada deyilik. Amma at­lıya çevrilməyimiz şərtdir.

Bəhs etdiyim mövzuda bir sıra digər məqamları da vurğulaya, müqayisələr apara bilərəm. Amma zənnimcə, ümumi mənzərə aydın olduğundan, digər mətləbləri vurğula­mağa ehtiyac yoxdur. Guman edirəm: fikirlərim səmimi qarşılanacaq və qeyd etdiyim məsələ ətrafında ciddi düşünənlər, nəhayət ki, tapılacaq.

Siyasət