Müstəqillik tariximizin Heydər Əliyev zirvəsi

post-img

Bu il ölkəmizdə və ondan kənarda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş çox sayda kitab işıq üzü görüb. Hər müəllif xalqın böyük еhtiram və etimadını qazanmış Ulu öndərin milli quruculuq lideri, böyük siyasi xadim və dövlət müstəqilliyimizin banisi kimi dahiyanə keyfiyyətlərini dərindən və əhatəli araşdırmağa çalışıb. Bu kitablarda ifadə olunan ümumi qənaət belədir: Heydər Əliyev Azərbaycan tarixinin ən böyük şəxsiyyətidir, Ulu öndər müstəqillik epoxasının zirvəsində dayanan bir liderdir.

İşıq üzü görən hər kitab informasiya bolluğuna görə bir-birindən dəyərli və məz­munludur. XX əsr dünya siyasət tarixinə adı əbədi həkk olunmuş Ulu öndərin dövlət quruculuğunun hər bir sahəsindəki – siya­si, iqtisadi, hərbi, elmi-mədəni sferalardakı qaynar, səmərəli və məhsuldar fəaliyyəti fundamental araşdırma obyektidir. Belə təd-qiqatlardan biri də bu yaxınlarda işıq üzü görmüş “Tariximizin Heydər Əliyev zirvəsi” əsəridir. 

Ümummilli liderin “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin naşiri olaraq deyə bilərəm ki, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru, uzun il­lər Azərbaycanda kitab sənayesi sahəsində rəhbər vəzifədə çalışmış Aslan Cəfərovun tarixi faktlar, sənədlər əsasında yazdığı “Ta­riximizin Heydər Əliyev zirvəsi” əsəri bu ki­tablar arasında ən layiqli yer tutmağa haqqı olanlardan biridir. Burada Ulu öndərin siyasi və dövlətçilik irsi bir neçə aspektdən araşdı­rılıb. Kitabı oxuyarkən aydın olur ki, müəl­lif, bəlkə də, əmək fəaliyyəti boyu kitablarla daha çox ünsiyyətdə olduğundan, yəni daha çox oxuduğundan Heydər Əliyev irsini əhatə edən qaynaqlara da dərindən bələddir. 

Tarixdə adı dövlətçiliyin simvoluna çev­rilən və onunla qoşa çəkilən çox az siyasi liderə rast gəlmək olar. Tanrının və taleyin hökmü ilə müstəqil dövlətimizin ən müasir tarixi də belə bir liderin adı ilə bağlıdır. Döv­lətçiliyimizin salnaməsinə şanlı səhifələr məhz onun siyasi xətti, rəhbərliyi ilə yazılıb. XX əsr tarixində, dünya siyasətində etiraf edilən fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik irsi tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyərini dərk etməliyik. Aslan Cəfərov bu milli sər­vətin dəyərini oxucuya məharətlə və əhatəli çatdıra bilib. 

Kitabda Ulu öndərimizin xalqımızın xilaskarı olduğu, hansı çətinliklərlə Azər­baycanın haqq işini dünya ictimaiyyətinə çatdırdığı, ölkəmizdə sosial-iqtisadi, mədə­ni islahatları necə həyata keçirdiyi faktlarla, arxiv sənədləri ilə araşdırılıb, hər səhifədə oxucular üçün yeni, maraqlı yanaşmalar öz əksini tapıb. Heydər Əliyev və güclü iqtisa­diyyat, Heydər Əliyev və Azərbaycan Or­dusu, Heydər Əliyev və milli təhsil, Heydər Əliyev və Azərbaycan mədəniyyəti, Heydər Əliyev və Azərbaycan idmanı... Müəllif bu uzun sıralamadakı mövzuların hər birindən ayrı-ayrı fəsillərdə bəhs edərək Ulu öndə­rin çoxsahəli fəaliyyəti, fenomenal istedadı barədə zəngin həyat materialını sistemli şə­kildə çağdaş oxucuya çatdırır. 

Böyük şairimiz Mirzə Ələkbər Sabi­rin bir poetik deyimi burda yerinə düşür: “Ayinəsi işdir kişinin...”. Müstəqil Azər­baycan dövlətinin banisi Heydər Əliyevin də ayinəsi əməlləri idi – təkcə öz xalqına, vətəndaşlarına deyil, dünyaya nümunə olan əməlləri! Sübuta ehtiyac yoxdur ki, ölkəmiz­də həyatın bütün sahələrində sürətli yüksəliş, istehsalın, elmin, mədəniyyətin, mənəviy­yatın tərəqqisi Heydər Əliyev hakimiyyətə gələndən sonra başlayıb. Bu dövrdə milli dəyərlərin dirçəldilməsi elm, mədəniyyət və təhsilin səviyyəsinin yüksəlməsinə, əhalinin rifahının yaxşılaşmasına əhəmiyyətli təsir göstərdi. O illərdə bu irimiqyaslı dəyişiklik­lər hər sahəyə, ölkənin ən ucqar guşələrinə belə yayılırdı. 

Bu bir gerçəkdir ki, milli lider həyat­dan getsə də, onun siyasi xətti institutlaşıb – siyasi idarəçilik nəzəriyyəsinə, alternativi olmayan dövlətçilik fəlsəfəsinə, milli quru­culuğun nəzəriyyə və təcrübəsinə çevrilib. Müəllifin qeyd etdiyi kimi, biz bunu hər gün həyatımızda görür, yaşayır, hiss edirik. Hey­dər Əliyevin yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, bizdən öndə addımla­yır, yaşayır. Niyə, bilirsinizmi!? Çünki bö­yük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir, onu sağlam istiqamətə yönləndirir. 

Heydər Əliyev və hərbi quruculuq məsələlərindən bəhs edən müəllif yazır ki, Ermənistanla müharibə şəraitində olan ölkə­mizin Silahlı Qüvvələrində əsaslı keyfiyyət dəyişikliyi edilməsi, müasir tələblərə cavab verən Ordu yaradılması sahəsində Heydər Əliyev müntəzəm və məqsədyönlü iş aparır, ölkənin müdafiə qabiliyyətinin mökəmlən­dirilməsi üçün kompleks tədbirlər görürdü. İkinci dəfə hakimiyyətə dönüşünün elə ilk aylarından – 1993-cü ilin sonlarından baş­layaraq həyata keçirdiyi xüsusi tədbirlər nə­ticəsində Milli Ordu quruculuğu sahəsində real addımlar atıldı. Qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu forma­laşdırıldı. 

Yuxarıda qeyd etdiyimiz kimi, kitab bir neçə fəsildən ibarətdir. Hər fəsil ayrı-ayrılıq­da Heydər Əliyevin milli birliyin yaranması və inkişafında, respublikamızın hər sahədə çiçəklənməsində, təhsilin və mədəniyyətin dünya standartlarına uyğunlaşdırılmasın­da müstəsna xidmətləri tutarlı arqument və faktlarla öz əksini tapıb. Müəllif qarşısına qoyduğu böyük və şərəfli missiyanı ləyaqət­lə yerinə yetirib, deyərdim ki, faktlarla zən­gin olan bu mükəmməl kitabı ilə Ulu öndərə mənəvi abidə ucaldıb. 

Müəllifin qeyd etdiyi kimi, Heydər Əli­yevin onillik Prezidentliyi dövründə milli mədəniyyətin qorunması, inkişafı və təbliği sahəsində çoxşaxəli fəaliyyəti ölkənin yeni vətəndaşının və milli dövlətçiliyimizin prin­siplərinin ideya cəhətdən formalaşmasına xidmət edirdi. O belə bir fikri vurğulayırdı: “Azərbaycan xalqının milli sərvəti və intel­lektual mülkiyyəti, eyni zamanda, ədəbiy­yat, mədəniyyətdir. Odur ki, biz öz müstəqil dövlətimizi boş yerdə qurmuruq. İqtisadi potensialla yanaşı, intellektual potensialımız da vardır. Ədəbiyyat, mədəniyyət poeziya, musiqi, incəsənət, bizim intellektual poten­sialımızın əsasını təşkil edir. Bütün bunlar xalqımızın görkəmli nümayəndələri tərəfin­dən yaradılmışdır. Onlar yüzilliklərdən bəri bəşər mədəniyyətini zənginləşdirən əsərləri ilə Azərbaycanın mülkiyyəti olan nəhəng in­tellektual potensial yaratmışlar”. 

Bu gün qlobal dünyaya inteqrasiya edərkən biz bilməliyik ki, Heydər Əliyev Azərbaycan xalqının milli “mənliyi”ni, ənənələrini, dilini, tarixini, sosial-mədəni fondunu qorumağa necə böyük əhəmiyyət verirdi. Qlobal mədəniyyəti formalaşdıran xarici amillər cəmiyyətimizə nəzərəçarpacaq təsir göstərir. Bu o deməkdir ki, milli mədə­niyyət, tarix, ənənələr qlobal sosial-mədəni koordinat sisteminin törəməsinə çevrilir, milli sosial-mədəni amillər vahid qlobal amillərə transformasiya edir. 

Deməli, biz ümumbəşəri dəyərlərə doğru irəliləməyə kömək edən milli xüsusiyyətlə­rimizi qorumaq uğrunda mübarizə aparmalı­yıq. Ona görə də nəinki milli mədəniyyəti və ənənələri qorumaq, həm də onların inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi üçün şərait yaradılması mühüm əhəmiyyət kəsb edir. Məhz belə yanaşma dahi Heydər Əliyevin bizə miras qoyduğu Azərbaycan milli dövlətçiliyini inkişaf etdirməyə imkan yaradır. Aslan Cəfərоv bu mövzuların üzə­rində xüsusi dayanaraq Ulu öndərin milli dəyərlərimiz uğrunda mübarizəsini geniş oxucu kütləsinə çatdırmaq istəmişdir.

Müəllifin qeyd etdiyi kimi, Ümummilli lider daim mədəniyyət və incəsənət adamları ilə – aktyorlarla, mədəniyyət xadimləri ilə, rəssamlarla, yazıçı və şairlərlə, müğənnilərlə görüşür, onlarla yüksək səviyyəli söhbətlər edir, yaradıcı insanların sosial qayğılarını həll etməyə çalışırdı. O, bilirdi ki, belə in­sanlar yaradıcılıqla məşğul olur və onla­rın daim diqqət və qayğıya ehtiyacları var. Müəllif bu dahiyanə yanaşmanı oxucuya ən anlaşılan şəkildə çatdırmağa çalışır. 

Birmənalı şəkildə deyə bilərik ki, Heydər Əliyev bütün fəaliyyəti dövrü atdığı heç bir addımda yanılmamışdı. O, ölkə idarə­çiliyini kimə əmanət etməkdə də yanılmadı. Azərbaycan bugünkü inkişafı ilə – siyasi, iqtisadi, hərbi, mədəni və bütün istiqamət­lər üzrə bölgədə və dünyada söz sahibidir. Bu fantastik nəticələrin əldə olunmasında dahi siyasətçinin məktəbinin böyük əməyi var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bey­nəlxalq reytinq cədvəllərində ön sıralarda­dır. Keçdiyi zəngin Heydər Əliyev məktəbi onu bütün çətinliklərə baxmayaraq, dövlət idarəetməsinin ən uğurlu modelini tətbiq etməyə istiqamətləndirdi. O da atası kimi daxili və xarici siyasətin heç bir məsələsində yanılmayıb.

Nəhayət, Heydər Əliyevin ən böyük arzusu və vəsiyyəti həyata keçdi – Torpaq­larımız düşməndən azad edildi. Biz artıq Şuşadayıq, Xankəndidəyik, Xocalıdayıq, Ağdamdayıq, Kəlbəcərdəyik, bir sözlə, külli Qarabağdayıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müsahibələrinin birində demişdi ki, o, Ata vəsiyyətini – Qa­rabağın düşmən işğalından azad edilməsini həyata keçirdi. Azərbaycan Prezidenti bu zəfər yürüşündə dünya mediasına tarix, si­yasətçilərinə ustad dərsi keçdi. Xalq – Ordu – Prezident birliyindən qalib Azər-baycan yarandı. Beləcə, xalqımızın ən böyük prob­lemi olan Qarabağ münaqişəsi 44 gündə Azərbaycanın xeyrinə başa çatdı. Əfsanəvi “Dəmir yumruq” qəddar düşmənin başına endi. Bu Zəfərlə Prezident İlham Əliyev həm ümummilli lider Heydər Əliyevin, həm də Azərbaycan xalqının arzusunu gerçəkləş­dirdi. 

İlham Əliyev yaradıcı və qurucu liderdir. Tarixi zəfərimizdən sonra xalqımız quru­culuq və inkişaf yoluna sürətlə davam edir. Qarabağda dünyada tayı-bərabəri olmayan quruculuq-abadlıq işləri həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərimiz inşaat meydanlarına çevrilib. Qalib liderin apardığı sağlam iqtisadi siyasət sayəsində ən geci 4-5 ilə Qarabağ yenə də cənnət bir diyar olacaq. İlham Əliyev sələfinin məktəbini mənim­səmiş və həmin yolu uğurla davam etdirir. Dövlət başçısı yorulmadan və davamlı çalış­maqla yanaşı, xeyirxah qərarları ilə hər bir vətəndaşın da ümid yerinə çevrilib. 

Heydər Əliyev hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı dövlət hə­yatının ən vacib vəzifəsi hesab edirdi. Müəl­lif bu barədə bildirir: “O öyrədirdi ki, dövlət qurarkən cəmiyyətin yaşam tərzini, ictimai həyat normalarını, idarəçiliyi, qanunçuluğu, sabitliyi, vətəndaş birliyini, milli həmrəyliyi və s. vəzifələri o zaman dolğun təmin etmək olar ki, dövlətin iqtisadiyyatı güclü olsun və qarşıya qoyulmuş vəzifələrə cavab versin. Heydər Əliyev hər bir Azərbaycan vətən­daşını milli əxlaqa və güclü iradəyə malik, qlobal və azad düşüncəli, təşəbbüskar, fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi.

Tədqiqatçı “Zəmanəmizin ən görkəmli siyasi xadimi” adlı giriş yazısında səmimi şəkildə Ulu öndərin xalqına məhəbbətindən, sevgisindən bəhs edir. Müəllif daha sonra yazır: “Ölkəmiz məhz onun müəyyən etdiyi siyasi kursla irəliyə doğru inamla addımlar atır. Azərbaycanın ən yeni tarixinin 33 illik bir mərhələsi Heydər Əliyevin adı ilə, tita­nik fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev şəxsiyyətinə dünyəvi hörmət, ehtiram və ümumxalq sevgisi əbədidir”. Çünki Ulu ön­dər o zirvəni fədakarlıqla, bütün şüurlu hə­yatını xalqa xidmət etməklə, ölkəmizi nəinki keçmiş sovetlər məkanında, həmçinin bütün dünyada tanıtdırmaqla, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə tə­cəssüm etdirməklə, xalqımıza Prezidentimiz İlham Əliyev kimi qalib bir sərkərdə bəxş etməklə qazanmışdır.

Böyük şəxsiyyətlərə əbədi ehtiramı əks etdirən abidə təkcə tunc, mərmər heykəllər­dən ibarət deyil. Dahilərin kimliyini tarixə həkk edən söz, kitab, mənəvi əsər də ən böyük abidələrdir. Haqqında söhbət aşdığı­mız söz abidəsi də ümummilli lider Heydər Əliyevin dahi obrazını rəsm etmiş söz abi­dəsidir.

Əlövsət AĞALAROV,
“Azərnəşr”in baş redaktoru, Əməkdar jurnalist

Siyasət