Şeyxülislam: İşğaldan azad olunmuş ərazilərdə dağıdılmış məscid və digər dini məbədlər bərpa olunur

post-img

Misir Ərəb Respublikasında (MƏR) işgüzar səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 18-də Dünya Fətva Evləri Qurumları Baş katibliyinin MƏR Prezidenti Əbdülfəttah Əl-Sisinin himayəsi altında keçirilən “Fətva və üçüncü minilliyin çağırışları” mövzusunda konfransda iştirak edib.

Tədbirdə 50-ə yaxın ölkənin dövlət, din və ictimaiyyət xadimləri, MƏR-dəki müsəlman ölkələrinin səfirləri iştirak edib.

Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, Misirin Baş müftisi Şövqi Əllam, Dünya Fətva Evləri Qurumları Baş katibliyinin bu konfransında Şeyxülislam Allahşükür Paşazadənin təşkilatın ali fərqlənmə – “İmam Qarafi” mükafatına layiq görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Öz çıxışında Şeyxülislam A.Paşazadə Azərbaycan xalqının və dövlət başçısı İlham Əliyevin salamlarını toplantı iştirakçılarına yetirərək bu mükafata görə öz təşəkkürlərini ifadə etdi. O, həmçinin Fələstin ilə İsrail arasında yaranmış qarşıdurmada minlərlə dinc mülki əhalinin qətlə yetirilməsi ilə əlaqədar dərin narahatlıq ifadə edərək, silahların tezliklə susdurulmasına və münaqişənin Beynəlxalq hüquq və BMT qətnamələri çərçivəsində həllinə çağırdı.

QMİ sədri Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra işğaldan azad edilmiş bölgələrimizdə aparılan bərpa və yenidənqurma işləri barədə tədbir iştirakçılarına məlumat verdi. O, azad olunmuş ərazilərimizdə minalardan təmizləmə işlərinin hələ də davam etdirildiyini, mənsubiyyətindən asılı olmayaraq dağıdılmış və vandalizmə məruz qalmış məscid və digər dini məbədlərin bərpa olunduğunu və yenilərinin inşa edildiyini bildirdi.

Tədbir çərçivəsində MƏR Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şeyx Əli Cuma ilə görüş keçirildi. Misir Parlamentinin nümayəndəsi bu yaxınlarda Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarovanın MƏR-ə səfərinin nəticələrini məmnunluqla qeyd edərək yaxın zamanda Azərbaycanı ziyarət edəcəyini bildirdi. O, ölkəsinin daim Azərbaycanı dəstəklədiyini ifadə etdi və hazırda birgə layihələrin həyata keçirilməsi ilə məşğul olduqları barədə məlumat verdi. Öz növbəsində Şeyxülislam erməni təbliğatının, xüsusilə də erməni kilsəsinin anti-Azərbaycan kampaniyaları apardığı barədə həmsöhbətinə məlumat verdi.

Şeyxülislam Misir Qipti kilsəsi rəhbərinin müavini yepiskop İrmia ilə görüşündə 44 günlük Vətən müharibəsindən və son antiterror əməliyyatından sonra erməni diasporasının və erməni kilsəsi tərəfindən anti-Azərbaycan təbliğatının artdığının müşahidə olunduğunu və erməni katolikosu II Qareginin Dünya kilsələr şurasına və ümumən xristian dini liderlərinə yalan və böhtan xarakterli məlumatlar göndərdiyindən xəbərdar olduğunu həmsöhbətinin diqqətinə çatdırdı. O, erməni təcavüzünün ağır nəticələri, işğal olunmuş ərazilərimizdə törədilmiş vandalizm aktları, məscidlərimizin tam əksəriyyətinin dağıdılması, onların həqarətə məruz qalması və orada İslamda haram sayılan heyvanların saxladıldığını, eyni zamanda xristian məbədlərinin də dağıdılması və mənsubiyyətinin dəyişdirilməsi faktları, habelə bölgəmizdə hazırda cərəyan edən proseslər barədə yepiskop İrmiaya məlumat verdi. Şeyxülislam xüsusi olaraq qeyd etdi ki, beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi, Qarabağ bölgəsində mülki əhaliyə qarşı heç-bir təzyiq göstərilməyib və onlar bu ərazini könüllü olaraq tərk ediblər.

Fətva Evləri Qurumları Baş katibliyinin “Fətva və üçüncü minilliyin çaırışları” konfransında və ikitərəfli görüşlərdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov iştirak edib.

Son xəbərlər