2023-cü ilin birinci yarımilində respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma cinayətləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin vəziyyətinin, cinayət hadisələrinin baş verməsinin səbəb və şəraitinin, həmin cinayətlər üzrə istintaq təcrübəsi və məhkəmə nəticələrinin ümumiləşdirilməsinin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Kollegiya iclasını açıq elan edən Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun reallaşdıran Prezident İlham Əliyevin yüksək erudisiyası, mükəmməl siyasi strategiyası və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dövlətimizin daha da qüdrətlənməsi və əhalinin rifahının hərtərəfli yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. Hərbi prokuror Xanlar Vəliyev, həmçinin vurğulayıb ki, Prezidentin ölkəyə rəhbərlik etdiyi 20 ildə qazanılmış misli görünməmiş uğurlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti də mühüm əhəmiyyət kəsb etməkdədir.
Bundan sonra, məruzəçilər - Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Hümmət Məmmədov və İstintaq idarəsinin rəis müavini, ədliyyə müşaviri Rüstəm Ələsgərov kollegiya iclasının həsr olunduğu məsələlər barədə çıxış ediblər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, şəxsi heyəti peşəkar hərbi qulluqçularla komplektləşdirilib, hərbçilərin nəzəri bilik və peşə, həmçinin mənəvi-psixoloji hazırlıq səviyyəsi artırılıb, qeyd olunanlar nizam-intizamın və qanunçuluğun daha da möhkəmlənməsini şərtləndirib.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurğulayıb ki, bütün bunların nəticəsində 2022-ci ilin birinci yarımili ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 20 faiz, qəsdən adam öldürməyə cəhd cinayətləri 66,7 faiz, özünü öldürməyə cəhd hadisələri isə 75 faiz azalıb.
XQ