Oktyabrın 9-da müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müdafiə naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, dövlət başçısının çıxışlarından irəli gələn mühüm məsələlərin icrasında Ordumuzun üzərinə düşən bütün vəzifələr vaxtında yerinə yetirilməlidir.
Ordumuzun daha da gücləndirilməsi ölkəmizin prioritet məsələlərindən biri olan təhlükəsizliyin təmin edilməsində vacib amillərdən biri olduğu qeyd olunub.
Azərbaycan–Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib. Hava hücumundan müdafiə, kəşfiyyat və əks-kəşfiyyat, radioelektron mübarizə və digər bölmələrin gücləndirilməsinə dair konkret tapşırıqlar verilib.
Azərbaycan Ordusunun gələcək fəaliyyət istiqamətinə dair qarşıya qoyulan tapşırıqların dəqiqləşdirilməsi və müvafiq planların yenilənməsi ilə bağlı aidiyyəti üzrə göstərişlər verilib.
Azərbaycan Ordusunda keçirilən döyüş hazırlığı tədbirlərində yüksək texnologiya və xüsusi hazırlıqlı heyətin imkanlarından səmərəli istifadə edilməsinin əhəmiyyəti vurğulanıb.
Qış dövrü ərzində bölmələrin döyüş hazırlığı və hərtərəfli təminatı məsələləri, eləcə də təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı qoşun növü komandanlarına müvafiq tapşırıqlar verilib.
General-polkovnik Z.Həsənov hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı vəzifəli şəxslərə aidiyyəti üzrə göstərişlər verib.
Müdafiə naziri Qarabağ bölgəsində döyüş texnikası, silah-sursat, xüsusilə mina və əldəqayırma partladıcı vasitələrin müsadirə edilməsi, o cümlədən ərazilərin minalardan təmizlənməsi zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına dair tapşırıqlar verib.
XQ