Onun elmi qənaətləri isə gələcəyə xidmət edəcək
74-cü Beynəlxalq Astronavtika Konqresində 132 ölkədən 5404 nümayəndə iştirak edib. “IAC” tarixində ilk dəfə idi ki, tədbirə bu sayda – 132 dövlətdən təmsilçi qoşulmuşdu. Ən böyük nümayəndə heyətləri Hindistan, ABŞ, Çin və Türkiyədən gəlmişdi. Özbəkistan, Türkmənistan və Qazaxıstan isə konqresə ilk dəfə qatılmışdı.
Bakı Konqresinə 95 ölkədən 3600 elmi məqalə təqdim edilmişdi. Bu, “IAC” tarixində ölkə sayı ilə bağlı rekord rəqəm idi. Həmin məqalələrdən 2311-i konqresə qəbul edilmişdi. Həmçinin Azərbaycan da bu il həmin istiqamətdə ilkə imza atıb. Tədbirə rekord sayda – 214 məqalə ilə qoşulub. Azərbaycan ən çox elmi məqalə təqdim edən ölkələr siyahısında ABŞ, İtaliya, Hindistan və Çindən sonra beşinci yerdə qərarlaşıb.
Bakı Konqresi, həmçinin əldə edilmiş sponsorluq paketlərinin sayına görə rekord göstərici qazanıb. 22 şirkət tədbirə sponsorluq paketi alıb. Bu, son beş ölkədə – Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilmiş konqreslərlə müqayisədə ən yüksək göstərici idi.
55 təşkilat Astronavtika Federasiyasına üzv oldu
İlk dəfə olaraq 55 təşkilat eyni vaxtda – məhz Bakı Konqresi zamanı Beynəlxalq Astronavtika Federasiyası ailəsinə üzv oldu.
Konqresin digər hədəfi isə tədbirdə gənclərin daha geniş miqyasda iştirakını təmin etmək idi. Bakı Konqresi öz hədəfinə çatıb. Belə ki, tədbir iştirakçılarının 50 faizini 35 yaşa qədər olan gənclər təşkil edirdi. Tədbirə təkcə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) xətti ilə 500 tələbə qoşulmuşdu. Eyni zamanda Türkiyənin “Teknofest” festivalının 500 yarışmaçısı tədbirə gəlmişdi.
İlon Maskın onlayn çıxışına 40 milyondan çox baxış olub
Konqresinin gündəliyi zəngin oldu. Beş gün ərzində 423 interaktiv təqdimat, 168 texniki, 7 plenar sessiya və 20 qlobal netvörkinq forumu keçirilib.
İlk dəfə olaraq Bakı Konqresində ABŞ və Afrikadan olan nümayəndələrlə dəyirmi masaların keçirilməsinə nail olundu.
Konqresin zirvə nöqtələrindən biri oktyabrın 5-də “Space X” şirkətinin təsisçisi İlon Maskın tədbirdə onlayn formada çıxış etməsi oldu. İ.Mask onlayn çıxışı zamanı “SpaceX”in kosmik fəaliyyəti barədə sualları cavablandırdı, hazırda icrası davam edən layihələrinin təfərrüatlarını bölüşdü. O qeyd etdi ki, “Starship” kosmik gəmisi və “SpaceX”in “Starship” adlanan super ağır raketi ekipajı, həmçinin yükləri Yer orbitinə, Aya, Marsa və ondan kənara daşımaq üçün nəzərdə tutulmuş tamamilə təkrar istifadə edilə bilən nəqliyyat sistemidir. “Starship” dünyanın indiyə qədər hazırlanmış ən güclü buraxılış aparatıdır, 150 metrik tona qədər tamamilə təkrar istifadə edilə bilən və 250 metrik tona qədər sərf edilə bilən yük daşıya bilir. İ.Maskın sözlərinə görə, “Starship” gəmisi 3-4 ildən sonra Marsa maneəsiz enə, həmçinin kosmik laboratoriya kimi istifadə oluna bilər. Onun kosmosda istənilən müddətdə qalması mümkündür.
Təsadüfi deyil ki, növbəti rekord göstəricini İ.Maskın bu çıxışı qazandı. “X” platformasında onun 60 dəqiqəlik onlayn çıxışının yer aldığı paylaşımına 40 milyondan çox baxış olub.
Şamaxı Rəsədxanasının əlaqələri genişləndi
Konqresdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) alimləri də iştirak edib və iki elmi məruzə təqdim ediblər.
Beynəlxalq konqresdə iştirakçılar ilə qlobal tendensiyalar, astronomiya sahəsində tərəfdaşlıq və əməkdaşlıq yolları müzakirə edilib.
Alma-Ata Dövlət Universitetindən olan alimlər rəsədxana ilə birgə elmi tədqiqatların aparılması üçün ŞAR-ın şəhər bölməsində olublar. Yekunda birgə əməkdaşlığın aspektləri müzakirə olunub.
Qazaxıstanın Fesenkov adına Astronomiya İnstitutu ilə Şamaxı Astrofizika Rəsədxanası arasında əməkdaşlığın rəsmiləşdirilməsi, əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin həyata keçirilməsi üçün qarşılıqlı elmi ezamiyyətlərin təşkili və birgə elmi tədqiqatların aparılması üzrə ilkin razılıq əldə olunub.
Həmçinin türkdilli dövlətlərin birgə Astronomiya Cəmiyyətinin təsis edilməsi ilə bağlı danışıqlar aparılıb və bu istiqamətdə birgə işlərə başlanması nəzərdə tutulur.
XQ