Ceyhun Bayramovun Nyu-York görüşləri

post-img

İƏT-in Baş katibi ilə bölgədəki vəziyyətin müzakirəsi

BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublika­sının xarici işlər naziri Ceyhun Bayra­mov dünən İslam Əməkdaşlıq Təşkila­tının Baş katibi Hissein Brahim Taha ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən redaksiyamıza bildiri­lib ki, söhbətdə də Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi, cari ilin sonunda Qambiyada keçiriləcək İƏT-in Zirvə görüşünə hazırlıq məsələlə­ri, habelə bölgədə cari vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Azərbayca­nın İƏT-ə üzv olduğundan bəri təşkilatla qurulan sıx əməkdaşlıqdan məmnunluq­la bəhs edərək, bu xüsusda İƏT-in hər zaman ölkəmizin ərazi bütövlüyü və su­verenliyi ilə bağlı ədalətli mövqedən çıxış etməsini minnətdarlıqla xatırlayıb. XİN başçısı bölgədə mövcud vəziyyət, Azər­baycan və Ermənistan arasında normal­laşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. 

Azərbaycanın Qarabağ bölgəsində mövcud erməni silahlı birləşmələrinin bölgədəki sülh və stabilliyə əsas təhdid mənbəyi olduğu, bu xüsusda, baş verə biləcək təxribatların qarşısının alınması, habelə vətəndaşlarımızın təhlükəsizli­yinin təmin olunması məqsədilə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirildiyi diqqətə çatdırılıb. Azərbayca­nın suveren torpaqlarında 30 illik işğal dövründən qalma, milli qanunvericilik və beynəlxalq hüquqazidd olan hər hansı hərbi mövcudluğun qəbuledilməz olduğu, bu xüsusda tərəfimizdən görülən tədbir­lərin bu qanunsuz qüvvələrin çıxarılma­sına və qondarma rejimin buraxılmasına istiqamətləndiyi vurğulanıb.

Baş katib Hissein Brahim Taha, İƏT-in ölkəmizin suverenliyi və ərazi bütövlü­yünü tam şəkildə dəstəklədiyini diqqətə çatdıraraq, bölgədə sabitliyin bərqərar edilməsi istiqamətində göstərilən səylə­rin dayanıqlı sülh quruculuğu prosesində əhəmiyyətli rolu olduğunu bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İsrail – Azərbaycan əməkdaşlığı uğurlu məcrada

Sentyabrın 20-də xarici işlər na­ziri Ceyhun Bayramov Nyu-Yorkda İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ilə də görüş keçirib. Nazirlər strateji xarakter daşıyan ikitərəfli mü­nasibətlərin bütün spektrləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da fəal surətdə inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər. 

İki ölkə arasında iqtisadi, təhlükə­sizlik, turizm, təhsil, ticarət, yüksək tex­nologiyalar və digər sahələrdə dərin əməkdaşlıq əlaqələrinin qurulduğu məm­nunluq hissi ilə qeyd olunub və bu xüsus­da, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Bir­gə Komissiyanın uğurlu fəaliyyəti təqdir edilib. Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılması­nın, habelə səfirliyinin təsis edilməsinin ikitərəfli əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcəyinə əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov Ermənis­tan və onun yaratdığı qondarma rejim tərəfindən həyata keçirilən hərbi-siyasi təxribatlar barədə qarşı tərəfə ətraflı mə­lumat verib və bu təxribatlara cavab ola­raq qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən antiterror tədbirlə­rinin əsas məqsədinin bölgədə sülh və sabitliyin bərqərar olunması, qanunsuz qüvvələrin tərk-silah edilməsi və qondar­ma rejimin buraxılması olduğunu diqqətə çatdırıb.

İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Latviyalı nazir məlumatlandırılıb

Azərbaycanın xaricin işlər naziri Ceyhun Bayramov BMT kluarlarında Latviya Respublikasının xarici işlər naziri Krişyanis Karins ilə də görüşüb. İki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgə­də mövcud vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən Qara­bağ bölgəsində keçirilən antiterror tədbir­lərinin nəticələri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sözügedən tədbirlər nəticəsində bölgədə sülh və təhlükəsiz­liyə hədə olan qeyri-qanuni erməni silahlı birləşmələrinin buraxıldığı diqqətə çatdı­rılıb. Görülən antiterror tədbirləri çərçivə­sində mülki şəxslərin hədəf alınmadığı, bu xüsusda onların təhlükəsizliyinin tə­mini istiqamətində öncədən bütün lazımi tədbirlərin görüldüyü bildirilib.

Nazir Ceyhun Bayramov, beynəlxalq hüquq və 10 noyabr 2020-ci il tarixli üç­tərəfli Bəyanata zidd olaraq suveren əra­zilərimizdə mövcudluğunu davam etdirən qeyri-qanuni qüvvələrin buraxılmasının həm də Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin də cəmiyyətimizə reinteqrasiyası prosesinin qarşısında duran ən böyük çağırışın aradan qaldırıl­ması olduğunu vurğulayıb. Bu xüsusda, Azərbaycanın erməni sakinlərin hüquq və azadlıqlarının, onların təhlükəsizliyi­nin Azərbaycan Respublikasının Kons­titusiyası və tərəfdar çıxdığı beynəlxalq mexanizmlər əsasında təmin etmək əz­mində olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Lixtenşteynin xarici işlər, təhsil və idman naziri Dominik Hasler və Şimali Makedo­niya Respublikasının xarici işlər naziri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan səd­ri Buyar Osmani ilə görüşüb.

XQ

Son xəbərlər