Müdafiə Nazirliyinin məlumat bülleteni
Sentyabrın 19-dan başlayaraq, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edib. Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib.
***
Ermənistan silahlı qüvvələri birləşmələrinin strateji əhəmiyyətli yüksəkliklərdə yerləşən hərbi obyektləri və döyüş texnikası dəqiq atəş zərbələri ilə məhv edilib.
***
Ermənistanın bəzi sosial media hesablarında, guya, Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır: “Yayılan bu məlumatı qəti surətdə təkzib edirik. Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır”.
***
Sentyabrın 20-si saat 10:00 radələrində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.
***
Ermənistanın bəzi sosial media hesablarında Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun guya Silahlı Qüvvələrimiz tərəfindən atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır: “Bu əsassız iddianı qəti surətdə təkzib edirik”.
***
Sentyabrın 20-də Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün növbəti brifinq keçirilib.Nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə çıxış edərək Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərinin davam etdirildiyini bildirib. O, qeyd edib ki, keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus minaatan mərmisi ilə dolu 6 ədəd “Ural” markalı hərbi avtomobil və 4 ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.
Ermənistanın beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə sosial media hesablarında kütləvi şəkildə paylaşılan müxtəlif xarakterli dezinformasiyalara, o cümlədən Silahlı Qüvvələrimizin, guya, mülki avtomobilləri, təcili tibbi yardım maşınlarını atəşə tutması barədə yaydıqları yalan məlumatlara cavab olaraq A.Eyvazov vurğulayıb ki, bu əsassız iddiaları müasir dövrümüzdə mövcud informasiya texnologiyasından faydalanaraq sübut etmək olardı: “Belə ki, əgər qarşı tərəfin iddialarının real əsası olsa idi bununla bağlı sosial media resurslarında foto və ya videogörüntülər təqdim olunardı. Onu da qeyd edim ki, beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə qarşı tərəfin özləri tərəfindən planlı şəkildə bu kimi cinayətləri həyata keçirməsi və bununla Azərbaycan tərəfini ittiham etməsi ehtimalı da istisna edilmir.
Silahlı Qüvvələrimiz tərəfindən keçirilən tədbirlər çərçivəsində mülki şəxslər və heç bir mülki obyekt qətiyyən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər bölmələrimiz tərəfindən zərərsizləşdirilir.
Digər vacib bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Döyüş sursatları tükənən Ermənistan silahlı qüv-vələrinin birləşmələri uzun müddətli fortifikasiya qurğularını tərk edərək yaşayış məntəqələrində yenidən tərtiblənir, eyni zamanda, Qarabağ bölgəsindəki dinc əhalini məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə çalışırlar.
Bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq və bildiririk ki, yalnız bu halda antiterror tədbirləri dayandırılacaq.
Eyni zamanda, bölgədə yaşayan erməni sakinlərinə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə yaxın durmamağa və onlara dəstək olmamağa çağırırıq. Hərbi qulluqçularımız bu çağırışlarımızı çap edilmiş məlumat vərəqələrində müxtəlif vasitələrlə yerli əhaliyə və silahlılara çatdırır.
Bundan başqa, Ermənistanın bəzi sosial media hesablarında, guya, Silahlı Qüvvələrimiz tərəfindən erməniəsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır. Belə əsassız iddialara cavab olaraq bildirirəm ki, sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır.
Hazırda Silahlı Qüvvələrin lokal xarakterli antiterror tədbirləri davam etdirilir. Mövcud şərait bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək”.
***
Ermənistanın beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə sosial media hesablarında kütləvi şəkildə paylaşılan müxtəlif xarakterli dezinformasiyalara, o cümlədən Silahlı Qüvvələrimizin, guya, mülki avtomobilləri, təcili tibbi yardım maşınlarını atəşə tutması barədə yaydıqları yalan məlumatlara cavab olaraq bildirmək istəyirəm ki, bu əsassız iddiaları müasir dövrümüzdə mövcud olan informasiya texnologiyalarından faydalanaraq sübut etmək olar. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib: “Əgər qarşı tərəfin iddialarının əsası olsa idi, hazırkı dövrə qədər bununla bağlı sosial media hesablarında foto və videogörüntülər paylaşılardı. Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə qarşı tərəfin özləri tərəfindən planlı şəkildə bu kimi cinayətləri həyata keçirməsi, bununla da Azərbaycanı ittiham etməsi də istisna edilmir”.
***
Hərbi qulluqçularımız çağırışlarımız çap edilmiş məlumat vərəqələrini antiterror tədbirlərinin keçirildiyi ərazidə paylayırlar. Həmin müraciət vərəqləri iki müxtəlif tərtibdə təşkil olunub. Müraciət və çağırışlarımız səsgücləndiricilərlə həm silahlılara, həm də mülki sakinlərə çatdırmağa çalışırlar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov belə deyib.
***
Ermənistanın bəzi sosial media hesablarında Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun, guya, Silahlı Qüvvələrimiz tərəfindən atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır: “Bu əsassız iddianı qəti surətdə təkzib edirik”.
***
Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün növbəti brifinq keçirilib. Nazirliyin mətbuat xidmətinin rəisi, polkov-nik Anar Eyvazov brifinqdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri barədə indiyədək olan məlumatları diqqətə çatdırıb. O, bildirib ki, tədbirlər çərçivəsində qarşı tərəfə məxsus növbəti hərbi təyinatlı texnika, döyüş mövqeləri və sığınacaqlarının zərərsizləşdirilməsi həyata keçirilib. Bununla bağlı videomateriallar mütəmadi olaraq ictimaiyyətə təqdim olunub.
Bu saata olan məlumata əsasən, Ermənistan silahlı qüvvələri birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda, qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.
Qeyd olunub ki, silah-sursatı tükənən Ermənistan silahlı qüvvələri birləşmələrinin hərbi qulluqçuları pərakəndə şəkildə təşviş içində döyüş mövqelərini tərk edirlər. Bu faktlar təqdim etdiyimiz videoda da əksini tapıb.
Tədbirlər zamanı Ermənistan tərəfinin mütəmadi olaraq müxtəlif məzmunlu yalan məlumatlar yaydığını söyləyən Anar Eyvazov ictimaiyyətə, media mənsublarına və sosial media istifadəçilərinə qarşı tərəfin dezinformasiyalarına əhəmiyyət verməməyi və Müdafiə Nazirliyi tərəfindən paylaşılan rəsmi məlumatlara istinad etməyi tövsiyə edib.
Diqqətə çatdırıb ki, lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi günlərdə bəzi sosial media hesablarında Silahlı Qüvvələrimizə yardım adı altında əhaliyə çağırışlar edilir. Vətəndaşlardan müxtəlif yardım kampaniyalarına qoşulmaqla pul və ərzaq istənilir. Müdafiə Nazirliyi rəsmi olaraq vətəndaşları belə çağırışlara reaksiya verməməyi tövsiyə edib.
Məlumat verilib ki, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatın daha da yaxşılaşdırılması üçün bütün zəruri işlər görülüb, bölmələrimizin istənilən şəraitdə normalara uyğun və fasiləsiz təminatı istiqamətində zəruri tədbirlər planlı şəkildə həyata keçirilir.
Sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlaması iştirakçılara çatdırılıb. Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
***
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda keçirdikləri lokal xarakterli antiterror tədbirləri çərçivəsində qarşı tərəfə məxsus növbəti hərbi təyinatlı texnika, döyüş mövqeləri və sığınacaqların zərərsizləşdirilməsi həyata keçirilib. “Bu saata qədər olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli mövqelər Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürülüb. Qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, dörd ədəd minaatan, bir ədəd tank, iki ədəd piyadanın döyüş maşını və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib”.
***
Silah-sursatı tükənən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları pərakəndə şəkildə, təşviş içində döyüş mövqelərini tərk edirdilər: “Ordumuzun texniki vasitələrinin, eləcə də müşahidə vasitələrinin nəzarəti altında həmin şəxsi heyətin geriyə çəkilməsi və könüllü şəkildə döyüş mövqelərini tərk etməsi üçün də şərait yaradılır. Onlara bu halda heç bir zərbə endirilməyib”.
***
Lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi günlərdə bəzi sosial media hesablarında Silahlı Qüvvələrimizə yardım adı altında əhaliyə çağırış edirlər. Vətəndaşlardan müxtəlif yardım kampaniyalarına qoşulmaları, o cümlədən pul və ərzaq istənilir. Müdafiə Nazirliyi rəsmi olaraq vətəndaşları belə çağırışlara reaksiya verməməyi tövsiyə edir. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatının daha da yaxşılaşdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilib.
XQ