Daha bir dələduz ələ keçdi

post-img

Vətəndaş S.Cabbarova Məhkəmə-Hüquq Şurasına müraciət edərək bildirmişdir ki, Zöhrab Lətif oğlu Paşayev ona qarşı qanunsuz əməllərə yol verib. Zöhrab məhkəmədə işinin həllinə kömək göstərilməsi müqabilində ondan xeyli miqdarda pul alıb. Həmçinin ona Məhkəmə-Hüquq Şurasının və Bakı Apellyasiya Məhkəməsinin adından tərtib olunmuş məktublar təqdim edib. Məsələnin araşdırılması üçün vətəndaşın müvafiq müraciəti və təqdim etdiyi aidiyyəti sənədlər Məhkəmə-Hüquq Şurası Aparatı tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilib.

DTX-də aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikası­nın vətəndaşı, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (dələduzluq, tək­rar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi) və 320.1-ci (rəsmi sənədləri qanunsuz ha­zırlama) maddələri ilə məhkum edilmiş və məhkumluğu ödənilməmiş Zöhrab Paşayevin 2022-ci ilin noyabr ayından etibarən yenidən özünü vəzifəli şəxs kimi təqdim etməklə ayrı-ayrı vətən­daşlara məhkəmə işlərinin həllinə, adlarına olan əmlakların rəsmiləşdiril­məsinə kömək edəcəyi barədə yalan vədlər verməsi, onların inamını qazan­maq məqsədilə xüsusi qaydada QR kodlar hazırlayıb yerləşdirməklə Məh­kəmə-Hüquq Şurasının, məhkəmələrin və digər dövlət orqanlarının adından saxta sənədlər hazırlayıb təqdim etmə­si və bununla da vətəndaşların pul və­saitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 

Başlanılmış cinayət işi üzrə Zöhrab Paşayev Azərbaycan Respublikası Ci­nayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur.

Dövlət Təhlükəsizliyi Xidmətindən “XQ”yə bildirilir ki, bundan sonra da Məhkəmə-Hüquq Şurasının, məh­kəmələrin, habelə hakimlərin adından istifadə edərək qanunsuz əməllərə yol verən şəxslər barəsində zəruri tədbir­lər görüləcəkdir.

Eyni zamanda, vətəndaşlara töv­siyə edilir ki, hüquqi yardımın göstə­rilməsi ilə bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həmin fəa­liyyətlə peşəkar qaydada məşğul olan şəxslərə və ya qurumlara müraciət et­sinlər.

“Xalq qəzeti”

Son xəbərlər