Dünya Çempionatının iştirakçısı: Bakı Atıcılıq Mərkəzi mükəmməldir

post-img

Bakıda atıcılıq üzrə 53-cü Dünya Çempionatında kişilər və qadınlar arasında 50 metr məsafəyə tapançadan atəş açma yarışlarında qaliblər də müəyyənləşib. 

Kişilərin mübarizəsində qızıl medalı 558 xalla çinli Yu Xie qazanıb. Ondan 1 xal geri qalan Latviyanı təmsil edən Lauris Strautmanis gümüş, 556 xalla hindli atıcı Ravinder Sinq bürünc me­dala sahib olublar. Kişilərin komanda yarışında Çin birinci, Koreya ikinci, Hindistan üçüncü olub.

Qadınların mübarizəsində qızıl medalı 540 xalla avstriyalı atlet Silvi­ya Şteyner qazanıb. Ondan 6 xal geri qalan Monqolustan təmsilçisi Bayart­setseq Tumurşudur gümüş, 533 xalla hindli atıcı Tiyana Tiyana bürünc me­dala yiyələniblər. Qadınların komanda yarışında Hindistan birinci, Çin ikinci, Monqolustan üçüncü olub.

“Bakı-2023”ün qalib və mükafat­çıları, eləcə də Paris Olimpiadasına lisenziya qazanan atıcılar jurnalistlərə açıqlamalarında ölkələrinə zəngin təəs­süratlarla qayıdacaqlarını bildiriblər. 

Qızıl medal sahibi Yu Xie dün­ya çempionatında iştirakçılar üçün hərtərəfli şəraitin yaradıldığını bildi­rib. O qeyd edib ki, həm fərdi, həm də komanda yarışında qalib olmaq hissi möhtəşəmdir: “Mənim üçün çox həyə­canlı gün oldu. Bir sıra çətinliklər yaşa­dım. Bu, mənim üçün çox gözəl təcrü­bə idi. İlk dəfədir dünya çempionatında qızıl medal qazanıram. Buna görə çox sevinirəm. Amma turnirin son günlə­ri olduğu üçün yorğunluq hiss olunur. Eyni zamanda, komanda olaraq da qızıl medal qazandıq. Yarışdan əvvəl üçümüz söhbət edib bir-birimizə dedik ki, qətiyyətli olmalıyıq. Bunun nəticəsi kimi qalib gəldik”.

Stend atıcılığının səngər növündə qadın atletlər arasında qalib adını qa­zanan Çin Taypeyin təmsilçisi Lin Yi Çun səngər növündə dünya çempiona­tının ilk qızıl medalını qazandığı üçün hədsiz sevindiyini deyib: “16 yaşından bu idman növü ilə məşğul oluram. Artıq 26 ildir ki, mübarizə meydanındayam. Gələcək hədəfim Olimpiya çempionlu­ğudur. Finaldakı rəqibim Jessika Rossi çox güclü idmançıdır, Londonda keçi­rilən olimpiadada qızıl medal qazanıb. Ümid edirəm ki, mən də bu uğura imza atacağam. Jessika mənim idealımdır”.

Stend atıcılığının səngər növü üzrə kişilər arasında yarışda qızıl medal xorvatiyalı Ciovanni Çernoqoras dün­ya çempionatının önəmini qeyd edib: “Bu yarış bizə ona görə vacibdir ki, Pa­ris Yay Olimpiya Oyunlarına lisenziya qazandırır. Ona görə bütün diqqətimi finala yönəltmişdim. Cədvələ baxmır­dım. Ancaq komanda yoldaşlarımın səsindən başa düşdüm ki, öndəyəm və qalib olacam. Çox şadam ki, kollek­siyama dünya çempionatının ilk qızıl medalını əlavə etdim”. 

İlk dəfə Bakıya 2017-ci ildə Avropa çempionatında iştirak etmək üçün gəl­diyini bildirən atıcı qeyd edib ki, paytax­tımızda yarışlar yüksək səviyyədə ke­çirilir: “Həmin vaxt Bakıda keçirilən qitə çempionatında fərdi yarışda bürünc, komanda olaraq isə gümüş medal qa­zanmışdıq. Yenidən burada olmaqdan məmnunam. Yarışlar yüksək səviyyə­də təşkil olunub. İştirakçılar üçün hər bir şərait yaradılıb. Bakı Atıcılıq Mərkə­zi mükəmməldir. Ölkəmizə qalib kimi zəngin təəssüratlarla qayıdacağıq”. 

Qeyd edək ki, bu nüfuzlu yarışda 25 metr məsafəyə mərkəzə atəş ta­pançasından atış növündə təmsilçilə­rimiz Nigar Nəsirova qızıl, Nərminə Səmədova gümüş medal qazanıb. 25 metr məsafəyə tapançadan standart atəş açma yarışında isə Azərbaycan komandası ikinci yeri tutub. 

Yarış sentyabrın 1-dək davam edə­cək.

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman