BMT-nin Baş katibi BRİCS-in fəaliyyətini təqdir edib

post-img

Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən BRİCS sammitində çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş geosiyasi parçalanmalar və ədalət­sizliyin bəşəriyyəti uçuruma apardığını deyib.

Baş katib dünyanın ciddi problemlərlə üz-üzə olduğu bir vaxtda iqlim dəyişikli­yinin və yoxsulluğun, aclığın və bəra­bərsizliklərin artmasının qarşısını almaq məqsədilə birgə fəaliyyətə ehtiyac oldu­ğunu vurğulayıb. O əlavə edib: “Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika­dan ibarət BRİCS qrupu dünya əhalisinin 40 faizindən çoxunu təmsil edir və eyni zamanda, həmin dövlətlər G20 blokunun üzvləridir. Bu ölkələr qlobal çağırışlara cavab vermək üçün birlik nümayiş etdirə bilər”.

A.Quterreş çoxqütblü dünyaya doğ­ru qlobal keçidi qeyd edərək xəbərdarlıq edib ki, çoxqütblülük təkbaşına dinc və ədalətli status-kvonu təmin edə bilməz. O, bu dəyişikliyi dəstəkləmək üçün möh­kəm və effektiv çoxtərəfli institutların ol­masını zəruri amil kimi qiymətləndirib. “Qlobal birlik çoxqütblülüyə doğru irə­lilədikcə, BMT Nizamnaməsinə və bey­nəlxalq hüquqa əsaslanan gücləndirilmiş və islahat edilmiş çoxtərəfli arxitekturaya çox ehtiyacımız var və mən bunu qətiy­yətlə müdafiə edirəm”, - deyə Baş katib bildirib.

Bugünkü qlobal idarəetmə struktur­larının hələ də müstəmləkə altında olan bir çox Afrika ölkəsi istisna olmaqla, İkinci Dünya müharibəsindən sonra qurulduğu­na diqqət çəkən BMT rəhbəri qeyd edib ki, bu qurumların müasir güc dinamika­sını və iqtisadi reallıqları əks etdirməsi mühüm amildir. O xəbərdarlıq edib ki, bu cür islahatlar olmadan parçalanma qa­çılmaz olur. A.Quterreş əlavə edib: “Biz bölünmüş qlobal iqtisadiyyat və maliyyə sistemi olan bir dünyada normal yaşa­ya bilmərik; süni intellekt daxil olmaqla, texnologiyaya dair fərqli strategiyalar, ziddiyyətli təhlükəsizlik çərçivələri poten­sial təhlükə mənbəyidir. Bu çəkişmələrin ən ağır yükünü isə aşağı gəlirli ölkələr, xüsusən də Afrika dövlətləri daşıyacaq. Mən Yohannesburqa sadə bir mesajla gəldim: böhranlarla dolu parçalanan dün­yada əməkdaşlığın alternativ yoxdur".

“Xalq qəzeti”

Dünya