ABŞ-nin sabiq prezidenti Donald Tramp həbs edilib və daha sonra girov müqabilində Corciya ştatındakı Fulton həbsxanasından sərbəst buraxılıb. Girov məbləği 200 min dollar təşkil edib. O, təxminən, 20 dəqiqə həbsdə olub, orada onun şəkli də çəkilib, bundan sonra korteji Atlantadakı Hartsfild-Cekson Beynəlxalq Aeroportuna yola düşüb.
Donald Tramp burada mətbuat üçün bir neçə bəyanat verib. Qanunsuz heç bir şey etmədiyini israr edən sabiq prezident iddiaları “ədalətin parodiyası” adlandırıb.
Xatırladaq ki, Corciya ştatının rəhbərliyi Trampı ştatda 2020-ci ildə keçirilmiş prezident seçkilərinə müdaxilə etməkdə ittiham edir. Tramp ölkənin hazırkı prezidenti Cozef Baydenə uduzduğunu inkar edib və bu ştatda səsvermənin nəticələrinin ləğv edilməsini tələb edib.
Bu arada ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkiqabağı kampaniyası üçün 72 milyon dollardan çox vəsait toplayıb. Bu, istənilən respublikaçı rəqibinin topladığı vəsaitdən bir neçə dəfə çoxdur. Bu barədə “Bloomberg” agentliyi ABŞ Federal Seçki Komissiyasının məlumatlarına istinadən xəbər yayıb.
Florida qubernatoru Ron Desantis indiyədək cəmi 17,2 milyon dollara yaxın, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli isə 13,9 milyon dollar toplaya bilib. Trampın dövründə ABŞ-ın vitse-prezidenti olmuş Mayk Pens isə cəmi 888 min dollar yığa bilib.
Donorların sayına görə də Tramp liderlik edir – təxminən 450 min nəfər müxtəlif məbləğdə ianələri respublikaçı liderə köçürüb. Ən yaxın təqibçisi Desantisdə bu rəqəm 86 min civarındadır. Eyni zamanda, Tramp kampaniyasına ianə edənlərin 92 faizi prezidentlik yarışının digər iştirakçılarına maddi dəstək göstərməyib.
CBS tenekalı və “YouGov” şirkəti tərəfindən avqustun 16-18-də sorğu keçirilib. Sorğuya görə, keçmiş prezident Trampın Respublikaçılar Partiyasının tərəfdarları arasında mövqeyi ona qarşı irəli sürülən ittihamlar fonunda güclənib. Respondentlərin 62 faizi Trampı prezidentliyə namizəd kimi seçəcəklərini cavablandırıb. İkinci yerdə 16 faiz səslə Florida qubernatoru Ron Desantis qərarlaşıb. Beləliklə, Trampla onun əsas rəqibi arasında fərq 46 faiz təşkil edib. İyul ayı ilə müqayisədə bu göstərici 8 faiz artıb.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. ABŞ-ın hazırkı prezidenti, demokrat Co Byden aprel ayında yenidən seçilmək niyyətində olduğunu açıqlayıb.
Ə.PÜNHAN, “Xalq qəzeti”

