Priqojinin son qərarı səmadan yerə “çırpıldı”
Rusiyalı iş adamı, “Vaqner” özəl hərbi şirkətin rəhbəri, 2023-cü ilin iyununda hərbi qiyam cəhdi ilə gündəmə gəlmiş Yevgeni Priqojin bu yaxınlarda bir dəfə ironiya ilə jurnalistlərə demişdi ki, onun sutka ərzində vaxtının çoxu təyyarədə keçir və çox vaxt ən mühüm qərarları da məhz səmada olarkən verir.
Priqojinin bəd əməlləri barədə xəbərlər gah İraq və Suriyadan, gah da Afrikanın aclıq və terror, dövlət çevrilişləri səbəbilə qara günlərini yaşayan ölkələrindən gəlirdi. Onun qitədə böyük bir brilyant biznesinə sahib olduğu da deyilirdi.
Moskva Priqojinin xidmətlərindən Ukraynada da yararlanmaq niyyətinə düşmüşdü. Məlum olduğu kimi, “Vaqner”in başçısı son aylar ərzində Ukraynanın təkcə Donetsk vilayətindəki Baxmut şəhərini ələ keçirmək üçün, özünün etiraf etdiyinə görə, beş mindən çox silahdaşını qurban vermişdi.
Bəli, Priqojin özəl təyyarəsi ilə planetin vəkalət müharibələri gedən nöqtələrində gözlənilmədən peyda olur, hər yerdə bir-birindən məkrli planlar qurur və qan tökürdü. Üç gün əvvəl, avqustun 23-də axşam saat 18 radələrində Priqojin yenə də səmada idi. Lakin bu, onun artıq son uçuşu idi.
Qlobal medianın gündəminə çevrilən hadisə avqustun 23-də baş verib. Rusiya mənbələrinin yaydığı məlumata görə, axşamçağı paytaxt Moskvadan Sankt-Peterburqa uçan, içərisində 10 nəfər (7 sərnişin və 3 heyət üzvü) olan şəxsi təyyarə paytaxtın şimalında – Tver vilayətinin Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. Qəzadan heç kim sağ çıxmayıb. Sərnişinlərdən birinin Priqojin olduğu rəsmən təsdiqlənib.
Qeyd edək ki, Yevgeni Priqojin 1961-ci il iyunun 1-də indiki Sankt-Peterburq şəhərində doğulub. 1979-cu ildə oğurluq ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib, 1981-ci ildə oğurluq, soyğunçuluq, dələduzluq, yeniyetməni cinayətə cəlb etmək ittihamları ilə 13 il müddətinə həbsə atılıb. 1988-ci ildə cəzası azaldılıb. 1990-cı ildə azadlığa çıxan Priqojin xırda biznesə girişib, sonradan böyük mağazalar və restoranlar şəbəkəsi qurub, həmçinin inşaat sahəsində fəaliyyət göstərib.
UNİAN agentliyi yazır ki, Priqojinin 1990-cı illərin əvvəllərində Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olan Vladimir Putinlə yaxınlığı başlayıb, sonra bu yaxınlıq dostluğa, müttəfiqliyə çevrilib.
Rusiya–Ukrayna müharibəsində Prezident Vladimir Putinin arxalandığı əsas qüvvələrdən biri Priqojinin rəhbərlik etdiyi “Vaqner” özəl hərbi birləşməsi olub. Bu birləşmə ilk dəfə 2014-cü ildə Rusiya Krımı ilhaq edərkən meydana çıxıb, Ukrayna ilə yanaşı, Asiya və Afrika ölkələrində də müxtəlif hərbi-siyasi layihələrə cəlb olunaraq çoxsaylı cinayətlər törədib.
2022-ci ilin sonlarında Priqojinlə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi arasında münasibətlərin pisləşdiyi açıq müşahidə edilməyə başlanmışdı. 2023-cü il iyunun 24-nə keçən gecə isə Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqner”in düşərgəsini raket atəşinə tutmaqda ittiham edərək döyüşçülərini qiyama qaldırmışdı.
“Vaqner”çilər Rusiyanın Rostov və Voronej vilayətlərində bir çox məntəqəni nəzarətə götürüb paytaxt Moskvaya istiqamət almışdı. Rusiya Baş Prokurorluğu Priqojinə hərbi qiyam təşkili ittihamı ilə cinayət işi açıldığını bəyan etmişdi. Prezident Vladimir Putin televiziya ilə xalqa müraciətində “Vaqner”in üsyanını dövlətə xəyanət adlandırıb və sərt tədbirlər görüləcəyini demişdi.
Axşam Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə aparılan danışıqlarda Priqojinə və döyüşçülərinə verilən təhlükəsizlik vədi nəticəsində “Vaqner” geri çəkilib, cinayət işi ləğv olunmuşdu. İyunun 29-da Vladimir Putin Priqojini və “Vaqner”in bir çox komandirini Kremldə qəbul edərək müzakirələr aparmışdı.
Priqojinin ölümünə reaksiyalar birmənalı deyil. ABŞ Prezidenti Cozef Bayden Tver vilayətində baş verən təyyarə qəzasına təəccüblənmədiyini, lakin son saat yarım idmanla məşğul olduğu üçün təfərrüatları bilmədiyini bildirib. Amerika lideri jurnalistlərə açıqlamasında deyib ki, nə baş verdiyini dəqiq bilmir, amma təəccüblənmir.
“Təyyarə qəzasının arxasında Rusiya rəhbərliyinin olduğuna inanırsınızmı?” sualına Bayden belə cavab verib: “Rusiyada Putinin arxasında olmadığı çox az şey var”.
P.S. Priqojinin Tver səmasında qəzaya uğraması “Vaqner” yaraqlılarını başsız qoydu. Görəsən, dünya bundan sonra rahat nəfəs ala biləcəkmi?
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

