Oktyabr Bakıda “bal ayı” olacaq

post-img

Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 2–22-də Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən “X.Q”-yə verilən məlumata görə, yar­marka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (metronun “Gənclik” stansiyasının yaxınlığı) baş tutacaq. Yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək. Arıçı fermerlər iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi bal.kendden.az saytı vasitəsi ilə onlayn qaydada həyata keçiriləcək. Arı­çılar sayta daxil olaraq müvafiq xanalar üzrə şəxsi və təsərrüfatları barədə mə­lumatları qeyd etməlidirlər. Yarmarkada iştirak etmək istəyən arıçılar 28 avqust saat 08:00-dan 1 sentyabr saat 20:00-dək qeydiyyatdan keçməlidirlər. İştirakı təsdiqlənmiş arıçılara 7 sentyabr tarixin­də SMS-bildirişlər göndəriləcək, onla­ra məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək.

Yarmarkada arıçılara fəaliyyət göstər­dikləri rayonların arıçı sayına uyğun ola­raq proporsional qaydada müvafiq sayda yer ayrılacaq. Bu il təşkil olunan bal yar­markasında növbəlilik əsasında ilk qey­diyyatdan keçmiş maksimum 250 arıçı iş­tirak edəcək. Tədbirə 2023-cü il avqustun 25-dək arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemin­də bəyan edən və minimum 40 arı ailəsi olan fermerlər müraciət edə bilərlər. Bir arıçı yarmarkada maksimum 400 kiloq­ram bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.

Nazirliyin məlumatına əsasən, bal nümunələrinin qəbulu sentyabrın 11-dən 17-dək davam edəcək. Bal məhsullarının qəbulu zamanı arıçı fermer şəxsiyyətini təsdiq edən sənəd və gətirmiş olduğu məhsula müvafiq olaraq baytarlıq şəha­dətnaməsi təqdim etməlidir. Yarmarka ödənişli, iştirak haqqı 150 manatdır. Bu məbləğə satış üçün yer və lazımi ləva­zimatlarla təmin olunma, yarmarkanın marketinq işlərinin aparılması, loqisti­ka, anbar işinin təşkili və digər xidmət­lər daxildir. İştirak üçün ödənişlər yalnız plastik kart (nağdsız ödəniş) vasitəsilə qəbul olunacaq.

Bal məhsulları anbara daxil olduq­dan sonra keyfiyyət yoxlanışı üçün Azər­baycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən istehsal­çının iştirakı ilə nümunələr götürüləcək. Analiz üçün götürülmüş nümunələrin nə­ticələri mütəmadi olaraq təşkilat komitə­sinə bildiriləcək. Keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə ve­rilməyəcək.

“Xalq qəzeti”



İqtisadiyyat