İranlı qonaqlar Baş prokurorluqda

post-img

Dünən İran İslam Respublikası Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başlayıb.

Qonaqları qəbul edən Kamran Əliyev ötən il avqustun 30-da İran İslam Respublikasına səfəri çərçivəsində prokurorluq və ədliyyə orqanlarının rəhbər şəxslərilə qarşılıqlı görüşlərdə hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, sərhəd, gömrük, ekoloji, cinayət işləri üzrə hüquqi yardım və digər məsələlər barədə aparılan müzakirələrin qurumlararası fəaliyyətə müsbət təsirini qeyd edib.

Qəbul zamanı ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan və İranın aidiyyəti qurumlarında istintaq olunan cinayət işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, habelə, hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə vaxtı göstərdiyi fəaliyyətsizliyin, bu terror aktının törədilməsinin səbəb və hallarının yoxlanılmasının, cinayəti törətmiş və cinayətlə əlaqəsi olan bütün şəxslərə qanunla nəzərdə tutulmuş layiqli cəzanın verilməsinin zəruriliyini vurğulayıb. 

Mehdi Əmiri İsfahani cari ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş hücumdan təəssüf hissi keçirdiyini bildirirək, Azərbaycan xalqına, hadisə nəticəsində şəhid olmuş və zərərçəkmiş şəxslərin ailə üzvlərinə başsağlığı verib. Bundan başqa, o, cinayət işinin istintaqının gedişatı barədə ətraflı məlumat verərək qısa müdət ərzində istintaqın tamalanaraq iş üzrə qanuni qərarın qəbul olunmasının təmin ediləcəyini və təqsirli şəxslərin layiqli cəza alacağını bildirib.

Daha sonra nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası, həmçinin Zəfər muzeyi ilə tanış olub.

Nümayəndə heyətinin səfəri davam edir.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

 

Son xəbərlər