İrəvanın “bazarı” bağlandı

post-img

Gürcüstan hökumətinin qərarı Ermənistanı çətin duruma salacaq

Ermənistan hökumətinin rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan son vaxtlar ölkənin iqtisadi göstəricilərinin yüksəldiyini hər yerdə ağızdolusu bəyan edirlər. Sonuncu dəfə mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının məhdud tərkibdə iclasında 2022-ci ildə Avrasiya İqtisadi İttifaqı ərazisində ən böyük iqtisadi artımın Ermənistanda qeydə alındığı bildirilib.

İclasda çıxış edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib: “Biz artıq praktiki olaraq işə başlamışıq, ölkələrimizdəki iqtisadi vəziyyəti kifayət qədər fəal şəkildə müzakirə etmişik, əməkdaşlığımızın necə getdiyini təhlil etmişik və hətta bəzi konkret sənaye sahələrinin təfərrüatlarını araşdırmağa nail olmuşuq. Amma görüşümüzün əvvəlində qeyd etmək istərdim ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq həqiqətən də çox uğurla inkişaf edir. Qazaxıstan Prezidentinin bayaq dediyi kimi, əsas benefisiar Ermənistandır, çünki Ermənistan ən yüksək iqtisadi artım tempinə malikdir”.

Bundan sonra V.Putin N.Paşinyandan iqtisadi artımın 7 faiz olub-olmadığını dəqiqləşdirmək istəmişdi. Paşinyan isə demişdi ki, yox, 12 faizdir: “Keçən il 12,6 idi, səhv etmirəmsə, cari ildə 12,1 olub”. V.Putin isə ölkənin ümumi daxili məhsulunda 12,1 faiz artım qeydə alınmasının, əlbəttə, çox ciddi rəqəm olduğunu bildirmişdi.

“Facebook” sosial şəbəkəsinin fəal istifadəçisi olan N.Paşinyan iclasın bu hissəsində V.Putinin fikirlərini və onunla dialoqu montaj edərək şəbəkədə paylaşmışdı.

***

Məlumdur ki, Ermənistan müstəqillik əldə etdikdən sonra xaricdəki erməni diasporunun pulu və bəzi dövlətlərin hərtərəfli dəstəyi hesabına ayaq üstdə dayanıb. Ermənistanın relyefi əsasən dağlıqdır: onun 29,8 min kvadratkilometr ərazisinin 90 faizdən çoxu dəniz səviyyəsindən 1000 metrdən çox yüksəklikdə yerləşir. Özünün təcavüzkarlıq siyasəti və ərazi iddiaları səbəbindən iki qonşusu – Azərbaycan və Türkiyə ilə sərhədləri 30 ildən çoxdur ki, bağlıdır. İranla sərhəd yüksək dağlıq ərazidən keçir. Bu isə idxal-ixrac əməliyyatlarını çətinləşdirir. Gürcüstanla sərhəd nəzarət-buraxılış məntəqəsinin olduğu ərazidə də əlverişsiz coğrafi şərait hökm sürür. Ermənistan zəngin faydalı qazıntı yataqlarına malik ölkələrdən deyil. Düzdür, bundan tamamilə məhrum da adlandırmaq doğru olmazdı. Hər halda ölkənin iqtisadi cəhətdən irəliləyiş əldə etməsi bununla bağlı deyil. Bəs Ermənistan nəyin hesabına son 1–1,5 ildə iqtisadi göstəricilərini yaxşılaşdırıb? Bunun əsas səbəbi Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Qərbin şimal qonşumuza tətbiq etdiyi sanksiyalarla bağlıdır.

O da məlumdur ki, müharibə başlayan kimi, kollektiv Qərb Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq etdi. Hazırda dünyanın 49 ölkəsi Rusiyaya sanksiyalar tətbiq edib. Həmin ölkələrdən Rusiyaya hər cür ixrac yasaqlanıb. Bu qadağanı pozan şirkətlər ciddi maliyyə sanksiyalarına məruz qalırlar. Bütün brend mağazalar Rusiya bazarını çoxdan tərk edib. Belə olan məqamda kəmfürsət erməni işbazları müxtəlif malların, əsasən də xarici avtomobillərin Rusiya bazarına təkrar ixracını (reeksport) həyata keçirirlər. Ermənistanın iqtisadi göstəricilərinin yaxşılaşması birmənalı olaraq bununla bağlıdır. Bu fakt dünyanın aparıcı media qurumları tərəfindən də etiraf edilir.

Təxminən iki həftə ABŞ-ın nüfuzlu “The Financial Times” qəzetində dərc olunan “Ermənistan: sanksiyaya məruz qalan Rusiyaya mallar üçün Yeni İpək Yolu” sərlövhəli məqalədə bildirilir ki, Ermənistanın ikinci şəhəri olan Gümrü şəhərinin kənarındakı gömrük binasından başlayaraq hər tərəfə cərgə-cərgə maşınlar uzanır: “Rus gəncləri maşınların arasında gəzişirlər. Onlar üçün Qafqazın bu guşəsi çiçəklənən ticarət yolunun əsas dayanacağına çevrilib. İşlənmiş avtomobillər Rusiyaya ixrac olunur. Moskvanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə bağlı sanksiyalar səbəbindən Qərb markalı avtomobilləri tapmaq çətindir”.

Gümrü gömrük terminalında işləyən və digər ruslar kimi adını açıqlamaq istəməyən bir rusiyalı qəzet müxbirinə deyib: “Rusiyada bütün avtosalonlar bağlanıb: “BMW”, “Audi”, hamısı... Əvvəllər avtosalonlara gedib maşın alan hər hansı varlı adam artıq bunu edə bilmir. Onlar bizdən və ya başqasından maşın gətirməyi xahiş edirlər”.

Gənc oğlan əli ilə “maşın dənizi”ni göstərərək deyib: “Burada gördüyünüz maşınlar Ermənistanda qalmayacaq. Bunların hamısı Rusiyaya, bir hissəsi Qazaxıstana təkrar ixrac olunur”.

Dəllallar və alıcılar bildiriblər ki, avtomobillər əsasən ABŞ-dan Gürcüstanın Poti limanı vasitəsilə gəlir. “Onların əksəriyyəti daha sonra gömrük rəsmiləşdirilməsi üçün Ermənistana gətirilir, çünki bu ölkədən şəxsi istifadə üçün mallar Rusiyaya rüsum ödəmədən daxil olur. Gümrü avtomobillərin yenidən Gürcüstan ərazisindən keçərək Rusiyaya hərəkət etdiyi əsas mərkəzdir”, – deyə məqalədə bildirilir.

O da qeyd olunur ki, Ermənistan avtomobil istehsalçısı deyil, lakin bu kiçik ölkənin Rusiyaya avtomobil ixracı ötən il Ukraynanın işğalından sonra kəskin artıb, 2022-ci ilin yanvarında 800 min dollar, bu ilin eyni ayında 180 milyon dollardan çox olub. O da bildirilir ki, avtomobillər ən bariz nümunədir, lakin Ermənistandan Rusiyaya digər malların da ixracı artıb və bu, 2022-ci ildə iki ölkə arasında ticarətin təxminən iki dəfə artmasına gətirib çıxarıb: “Rusiya istehlakçıları Qərbin sanksiyaları və şirkətlərin getməsi səbəbindən itirdiklərini tapmaq üçün üçüncü ölkələrə üz tuturlar və Ermənistan, Qazaxıstan, Qırğızıstan kimi ölkələr istehlak malları üçün yeni ticarət yolunun mərkəzində özlərini tapıblar. Bu, Ermənistanda sürətli iqtisadi artıma töhfə verir. Ümumi daxili məhsul 2022-ci ildə rekord həcmdə – 13 faiz artıb ki, bu da əvvəlki ilin göstəricisindən iki dəfə çoxdur”.

Ermənistanın Rusiyanın düşdüyü vəziyyətdən yararlandığını ölkənin xarici işlər naziri Ararat Mirzoyan da etiraf edir. İyulun 18-də Vyanada avstriyalı həmkarı ilə birgə mətbuat konfransında danışan Mirzoyan bildirib ki, Ukraynadakı müharibə Ermənistanın iqtisadiyyatına da həm müsbət, həm də mənfi təsir göstərib: “Ermənistan sanksiyalardan yan keçmək üçün mühitə çevrilmək fikrində deyil. Mən bu mövzu ilə maraqlananların hamısını bir daha açıq şəkildə və yüksək səslə əmin etmək istəyirəm ki, Ermənistan sanksiyalardan yayınma mühitinə çevrilməyəcək. Biz təkcə Avropa İttifaqının müvafiq orqanları ilə deyil, həm də ABŞ və bütün maraqlı tərəflərlə çox sıx və şəffaf işləyirik. Əmin edirik ki, Ermənistan hökuməti sanksiyalardan yayınmaq üçün şərait yaratmaqdan çəkinməkdə qərarlıdır. Biz açıq və şəffaf işləyirik”.

Ancaq Mirzoyanın nə deməsindən asılı olmayaraq, fakt faktlığında qalır. Fakt isə bundan ibarətdir ki, mart ayında ABŞ rəsmiləri Ermənistanı Rusiyaya qadağan olunmuş malların daşınması üçün istifadə edilən ölkələr sırasına daxil edib. Məqsədi üçüncü ölkələrin köməyi ilə sanksiyalardan yayınmağın qarşısını almaq olan Avropa İttifaqının son sanksiyalarında Ermənistanda fəaliyyət göstərən təşkilatlar da təqsirkarlar sırasındadır.

Bugünlərdə isə Gürcüstan hökuməti Ermənistan üçün pis sürpriz sayılacaq qərar verib. Belə ki, avqustun 1-dən ABŞ istehsalı olan avtomobillərin Gürcüstandan Rusiya Federasiyasına və Belarusa ixracı və təkrar ixracı qadağan edilib. Avqustun 2-də Gürcüstanın Maliyyə Nazirliyi rəsmi olaraq bu qərarı təsdiqləyib və onun avqustun 1-dən qüvvədə olduğunu bəyan edib. Nazirlik onu da bildirib ki, sentyabrın 26-dan bu qadağa Aİ-dən gələn avtomobillər üçün də qüvvədə olacaq. Nazirlikdən verilən məlumata görə, bu qərar Rusiyaya qarşı 11-ci sanksiyalar paketi çərçivəsində qəbul edilib.

Gürcüstan Maliyyə Nazirliyi, həmçinin Hərbi Gürcüstan yolu və Kazbek-Yuxarı Lars sərhəd-gömrük keçid məntəqəsi vasitəsilə Ermənistandan Rusiyaya reeksporta da qadağa qoyub. İstisna yalnız Ermənistan vətəndaşlarına məxsus avtomobillərə şamil ediləcək, belə ki, onların avtomobil satmaqda şübhəli sayılması üçün heç bir əsas yoxdur.

Beləliklə, aydın olur ki, Ermənistanın son il yarımda nümayiş etdirdiyi “iqtisadi möcüzə” yeni yaranmış regional geopolitik durumun inikası imiş. Sabun köpüyünə bənzər bu “möcüzə” Gürcüstan hökumətinin bir qərarı ilə yoxa çıxmaq üzrədir.

Orxan BAĞIROV, 
Cənubi Qafqaz Tədqiqatlar 
Mərkəzinin baş elmi işçisi, təhlilçi

– Rusiya–Ukrayna müharibəsi başladıqdan sonra aktuallaşan məsələlərdən biri də Moskvaya tətbiq edilən sanksiyalar çərçivəsində müəyyən edilmiş məhsulların üçüncü ölkələr vasitəsilə Rusiyaya yenidən ixracıdır. Bura əsasən elektronika, texniki avadanlıq, nəqliyyat vasitələri və onların hissələri kimi Rusiya tərəfindən hərbi sənayedə istifadə edilə bilən ikili təyinatlı məhsullar aiddir. Həmin məhsulların şimal qonşumuza yenidən ixracında aktivliyi isə əsasən, Avrasiya İqtisadi İttifaqına üzv olan, Rusiya ilə sıx ticarət əlaqələrinə malik və 
Moskvanın siyasi təsir imkanları çox olan ölkələr göstərir.

Qərb mətbuatında bu haqda tez-tez yazılsa da, Qərb blokuna aid bir sıra ölkələrin, xüsusilə ABŞ-ın rəsmi nümayəndələri tərəfindən ixracda iştirak edən ölkələrin müəyyən şirkətlərinə qarşı sanksiyalar tətbiq edilsə də bu məsələdə açıq-aydın ayrı-seçkilik edilir. Biz bunu Ermənistan və Qırğızıstan nümunəsində aydın şəkildə görə bilərik. Belə ki, iyulun 20-də ABŞ-ın Maliyyə Nazirliyi 120-dən çox yeni şirkəti sanksiyalar siyahısına daxil edib. Sanksiyaların əsas məqsədi Rusiyanın müdafiə sənayesinin istehsal imkanlarını azaltmaq üçün ölkənin müxtəlif xammallara və məhsullara çıxışını və bu istiqamətdə maliyyələşmə imkanlarını məhdudlaşdırmaqdır. Sanksiyalara məruz qalan şirkətlərin əksəriyyəti rus şirkətləri olsa da siyahıda 4 qırğız şirkəti də var. Bunlar “RM Design and Development LLC”, “Progress Leader LLC”, “GTME Technologies CJSC“ və “Cargoline LLC” şirkətləridir. Daha əvvəl – mayın 19-da Qırğızıstanın “Tro.Ya” adlı şirkətinə də sanksiyalar tətbiq edilmişdi. Şirkət elektron komponentlərin və naviqasiya avadanlıqlarının Rusiyaya satılması səbəbi ilə sanksiyalara məruz qalmışdı.

Ermənistanın da Qırğızıstan kimi Rusiyaya yenidən ixracda iştirak etdiyini ticarət ilə bağlı statistik rəqəmlər sübut edir. Belə ki, 2022-ci ildə Ermənistanın ixracı 78, idxalı isə 63,5 faiz artıb. Qırğızıstanla müqayisədə Ermənistan Rusiyanın müdafiə sənayesində istifadə edilə biləcək məhsulların Rusiyaya ixracını dəfələrlə çox artırıb. Ancaq çox az sayda Ermənistan təşkilatlarına qarşı sanksiyalar tətbiq olunub. Bunlar da əsasən Rusiyanın Ermənistandakı törəmə şirkətləridir və tam olaraq erməni şirkəti hesab edilə bilməz. Erməni şirkətlərindən indiyədək yalnız “Taco LLC” Rusiya hərbi sənayesi üçün müxtəlif məhsulların təchizatı ilə məşğul olduğu üçün sanksiyalara məruz qalıb. Beləliklə, sanksiyalardan yayınmaq məsələsinə görə Qərbin, xüsusilə də ABŞ-ın Ermənistan və Qırğızıstan nümunəsində ikili münasibət göstərdiyini açıq şəkildə görmək mümkündür. Qərb bir daha Ermənistanın qanunsuz əməllərinə göz yumur və özünün kiçik xrisitian dostunun qanunsuz yollarla gəlir əldə etməsinə şərait yaradır.

 

Səxavət HƏMİD, 
“Xalq qəzeti”

 



Siyasət