İran-Belarus hərbi əməkdaşlığı və regional təhlükəsizlik

post-img

Avqustun 7-də İran və Belarusun müdafiə nazirlikləri arasında hərbi əməkaşlıqla bağlı memorandum imzalanıb. Memorandum hərbi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Məlumata görə, iki dövlət arasında mövcud istiqamətdəki əməkdaşlığın inkişafı bu il martın 13-də Belarus Prezidentinin İrana səfəri zamanı müzakirə olunub, bununla bağlı ilkin razılıq əldə edilib. 

Maraqlıdır, Azərbaycanın cənub qonşusu olan İranın Belarusla hərbi əməkdaşlığı ölkəmizin maraqları və təhlükəsizliyi baxımından nə vəd edir? Hər zaman ermənipərəst siyasət yürüdən İranın hərbi baxımdan güclənməsi Azərbaycanın maraqları baxımından nə dərəcədə arzuediləndir?

***

Hər şeydən öncə, qeyd edək ki, uzun müddətdir sivil dünyadan təcrid edilən, Qərbin sanksiyalarına məruz qalan İranın iqtisadiyyatı, eləcə də hərbi sənaye sektoru ciddi çətinliklərlə üzləşməkdədir. Sanksiyalar səbəbi ilə bütün ehtiyaclarını daxili istehsal hesabına qarşılamaq məcburiyyətində qalan İran, bütün səylərinə rəğmən milli hərbi sənayenin lazımi inkişafına nail ola bilmir. Bunun üçün İran ilk növbədə elmtutumlu sənaye məhsullarına ehtiyac duyur ki, Belarusla hərbi əməkdaşlıq fonunda bu məhsullara olan tələbatını qismən də olsa ödəyə bilsin. Baxmayaraq ki, Belarusun özünün də Qərblə münasibətlər baxımından vəziyyəti o qədər də ürəkaçan deyil və oxşar problem Minsk üçün də yetərincə aktualdır. Lakin İranla müqayisədə Belarus sivil dünyaya qismən daha açıq olduğu üçün rəsmi Minskin hərbi inteqrasiya məsələsində imkanları daha genişdir. 

Bundan başqa, Belarus dünya hərb sənayesinin nəhənglərindən sayılan Rusiya ilə geniş hərbi əməkdaşlığa malikdir ki, bu da İranın dolayısıyla  bundan faydalanmaq ehtimalını artırır. Yəni, Rusiya hərb sənayesindən gen-bol faydalanan Belarusla hərbi əməkdaşlıq İran üçün hərbi tərəqqiyə açılan “nəfəslik” hesab oluna bilər.

***

Bildirdiyimiz kimi, Tehran–Minsk hərbi əməkdaşlığı fonunda ortaya çıxan suallardan biri də İranın hərbi sahədə inkişafının Azərbaycanın maraqlarına mümkün təsiri ilə bağlıdır. Yaxın keçmişin təhlili sübut edir ki, Azərbaycan heç vaxt İranın hədə-qorxu dolu bəyanatlarına əhəmiyyət verməyib. Bunu Prezident İlham Əliyevin 25 noyabr 2022-ci il tarixindəki çıxışı da açıq şəkildə göstərir. Xatırladaq ki, dövlətimizin başçısı ADA Universitetində təşkil edilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusundakı beynəlxalq konfransdakı çıxışında Azərbaycanın İrandan çəkinmədiyini vurğulamış, Tehranın təhdidlərinin əbəs olduğunu qeyd etmişdir:  “İndi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik. Biz onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İran sərhədində hərbi təlimlər təşkil etməli olduq”.

Prezident İlham Əliyevin məlum çıxışı bir daha göstərir ki, Azərbaycan İranın hədə-qorxularından çəkinmir. Bununla yanaşı, İranın Birinci Qarabağ müharibəsindən bugünə qədər Ermənistana göstərdiyi həm iqtisadi, həm də hərbi yardımlara görə, onun hərbi tərəqqisi ölkəmizin maraqları baxımından arzuedilməzdir. 44 günlük Vətən müharibəsindən sonra rəsmi Tehranın verdiyi bir çox bəyanat, eləcə də Ermənistanın İranın “qırmızı xətti” elan edilməsi faktı bu ölkənin rəsmi İrəvanın müttəfiqi olduğunu göstərir. İranın günümüzdə də Hindistandan Ermənistana göndərilən hərbi texnikaların tranzitinə şərait yaratması da, rəsmi Tehranın ermənipərəst siyasətindən xəbər verir. Tehran rəsmilərinin ayrı-ayrı dövrlərdə müxtəlif dövlətlərə xitabən səsləndirdiyi aqressiv bəyanatlar isə onu deməyə əsas verir ki, İranın hərbi baxımdan güclənməsi regional təhlükəsizlik baxımından da ciddi təhdidlər vəd edir. 

Seymur ƏLİYEV

 

Siyasət