İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi tamam olub. Yubiley münasibətilə Məhkəmənin sədri Fərhad Abdullayev, hakimlər və Aparatın məsul əməkdaşları dünən Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Yubiley tədbiri Məhkəmənin inzibati binasında davam etdirilib. Fərhad Abdullayev diqqətə çatdırıb ki, Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi Prezidentin Konstitusiya Məhkəməsinin fəaliyyətinə verdiyi qiymətin təzahürüdür.
Sədr ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin daim Konstitusiya Məhkəməsinə diqqət və qayğı göstərdiklərini, onun fəaliyyətini yüksək qiymətləndirdiklərini xüsusi qeyd edib.
Konstitusiya Məhkəməsi Plenumunun bu günə kimi 545 qərar qəbul etdiyini diqqətə çatdıran Fərhad Abdullayev vurğulayıb ki, bu qərarlar hüququn bütün sahələrinə mühüm təsir göstərib. Hüquqi dövlət quruculuğuna öz töhfəsini verən həmin qərarlarda Konstitusiyanın aliliyinin təmin edilməsinə yönəlmiş mühüm hüquqi mövqelər öz əksini tapıb.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində öz şücaəti ilə ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Torpaqlarımızın iğaldan azad edilməsi ölkəmizin Konstitusiyasında və bir çox beynəlxalq hüquq müqavilələrində təsbit edilmiş bir sıra əsas insan hüquq və azadlıqlarının təmin olunmasına imkan verib.
Vurğulanıb ki, Konstitusiya Məhkəməsi hər zaman olduğu kimi, insan hüquq və azadlıqlarının qorunması, müstəqil Azərbaycanın Əsas Qanunu olan Konstitusiyanın müddəalarının müdafiəsi, müstəqil dövlətimizin möhkəmləndirilməsi, xalqımızın maddi, mənəvi rifahının daha da yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi fəaliyyətinə dəstək olaraq, üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq.
“Xalq qəzeti”