“Biz Ermənistanın konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il mayın 4-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilmiş, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransdakı çıxışında deyib.
Bu gün Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə yenidən bir araya gələcəklər. Dövlətimizin başçısı yuxarıda diqqətə çatdırdığımız fikirləri səsləndirəndə isə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtonda mayın 1-dən başlanmış dördgünlük danışıqları davam edirdi. Yeri gəlmişkən, həmin danışıqlar Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə kollektiv Qərb vasitəçiliyinin ilk baxışdan iflasa uğradığına dair düşüncələrin formalaşdığı bir vaxta təsadüf edirdi. Belə bir durumda XİN rəhbərlərinin görüşünün təşkili bu qənaəti formalaşdırdı ki, ABŞ özünü ayrıca vasitəçi kimi təqdim etməkdədir. Lakin mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü və görüş əsnasında baş verənlər göstərdi ki, Birləşmiş Ştatların təşəbbüsü kollektiv Qərb nizamlanması çərçivəsindədir.
***
Bəli, hazırda Vaşinqton Qərb formatı müstəvisində liderliyə can atmaqdadır. Brüssel raundunun ABŞ istiqaməti barədə də söz açacağıq. Hələlik isə bildirək ki, bu görüşün təşəbbüskarı qismində Avropa İttifaqı, daha doğrusu, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel çıxış etməkdədir. Yeri gəlmişkən, Ş.Mişelin vasitəçiliyinin iki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişəli duruma ədalətli yanaşma baxımından mühüm nəticələr verdiyini də yada salmalıyıq. Nəzərə almalıyıq ki, 44 günlük müharibədən sonra Azərbaycan–Ermənistan nizamlaması baxımından təşəbbüsə yiyələnmiş Rusiyanın, belə demək mümkünsə, “təkhakimiyyətliliyinə” məhz Aİ Şurasının rəhbəri son qoymuşdu.
Əlbəttə, vəziyyətin belə alınmasında Kremlin Bakı-İrəvan tənzimləməsi üzrə bir sıra məsələləri gələcəyə saxlamaq, vaxt udmaq, danışıqlar prosesini uzatmaq niyyəti də öz sözünü demişdir. Təbii ki, Azərbaycanın 44 günlük müharibədən sonrakı hücum diplomatiyası da xüsusi təsiredici mexanizm olaraq vurğulanmalıdır. Bakının dirənişi və konkret nəticə almaq əzmi qarşılığında Rusiyanın vasitəçi fəaliyyətsizliyini konpensasiya edəcək tərəf olmalı idi ki, bu mənada Qərb nizamlama xətti meydana çıxdı və Ş.Mişel bu xətt daxilində öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyi bacardı.
Ümumən, Ş.Mişeli 30 ildən artıq bir müddətdə davam edən Azərbaycan-Ermənistan danışıqları baxımından ən ədalətli vasitəçi qismində dəyərləndirmək mümkündür. 2022-ci ilin oktyabrında Praqa sammitindən sonra Fransanın ermənipərəst mövqeyi səbəbindən sülh prosesi iflasa uğrayanda da Azərbaycan dövləti Aİ Şurasının rəhbərinin missiyasına hörmətlə yanaşdığını bəyan etmiş, durumu anlayışla qarşılamışdı.
Bəli, dövlətimizin başçısı İlham Əliyevözü də müxtəlif çıxışlarında Ş.Mişelin Bakı ilə İrəvan arasında sülhün yaradılmasına yönələn xidmətlərini yüksək qiymətləndirdiyini bildirib. Prezidentin köməkçisi Hikmət Hacıyevin bildirdiyi kimi: “Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”.
Qeyd edək ki, H.Hacıyev özünün “Twitter” sosial şəbəkəsindəki hesabında paylaşdığı bu fikirləri 2022-ci ilin avqustun 31-də Azərbaycan və Ermənistan liderlərinin Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş sayca dördüncü görüşü əsnasında bildirmişdi. Hazırda eyni formatdakı təmasların sayı yeddidir. Bugünkü görüş isə sayca səkkizinci olacaq.
Əlbəttə, 2022-ci ilin dekabrına planlaşdırılmış, ancaq baş tutmayan bir görüş təşəbbüsünün mövcudluğunu da vurğulamalıyıq ki, az əvvəl Qərb vasitəçiliyi baxımından iflasın yaşandığını bildirdikdə, məhz həmin təmasın reallaşdırılmamasını nəzərdə tutmuşduq. Belə ki, oktyabrın 6-da gerçəkləşmiş Praqa sammitinə qatılan Fransa Prezidenti Emmanuel Makron cəmi iki həftə sonra Azərbaycanı Ermənistan ərazisini işğal etməkdə günahlandırmışdı. Mövcud kontekstdə Bakı-Paris münasibətlərində ziddiyyətlər yaşanmış, Ermənistanın baş naziri N.Paşinyan isə bildirmişdi ki, dekabrın 7-ə nəzərdə tutulmuş görüşdə yalnız Prezident Makron qatılacağı təqdirdə iştirak edəcək. Təbiidir ki, Paşinyanın bu şərti ölkəmiz tərəfindən qəbul olunmamış, beləcə barəsində söz açdığımız iflas gerçəkləşmişdi.
***
Hazırda Qərb vasitəçiliyini iflas təhlükəsinin gözləmədiyini ehtimal etmək mümkündür. Birincisi ona görə ki, Ş.Mişelin ədalətli vasitəçiliyi həm də səmərə verib. Bu baxımdan, ilk növbədə, haqqında danışdığımız Praqa sammitində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulamalıyıq. Söhbət İrəvanın müəyyən qədər də olsa, konstruktivliyə meyilli olmasından gedir. Əlbəttə, buna məcburi konstruktivlik də demək mümkündür. Çünki ötən ilin dekabrındakı iflasdan sonra İrəvan çox çalışdı ki, başqa müstəvilərdə yeni reallıqlar yaratsın. Lakin buna nail olmadıqda yenidən masaya əyləşmək məcburiyyətində qaldı. İndi isə eyni əməllərini masaya əyləşənədək davam etdirir. Çox güman ki, görüş zamanı da spekulyasiyalara baş vuracaq. Ancaq görünən budur ki, “istəyinə” nail ola bilmir və bilməyəcək. Məlum olduğu kimi, mayın 14-də keçirilmiş görüşdə baş nazir Ermənistanın Qarabağ da daxil olmaqla, 86,6 min kvadratkilometr ərazidə Azərbaycanın suveren hüquqlarını tanıdı. N.Paşinyan ölkəsini mövqeyini sonrakı açıqlamalarında da dilə gətirdi. Yəni, heç nə edə bilmədi.
Hazırkı danışıqlar formatını iflasın gözləmədiyi ilə bağlı ehtimal irəli sürərkən, onu da düşünmək lazımdır ki, kollektiv Qərb özünün vasitəçilik missiyası üzərində, necə deyərlər, əsməkdədir. Cənubi Qafqazda maraqlı olan qlobal aktorlar yaxşı anlayırlar ki, uğursuzluq Rusiyanın bölgədə yenidən aktivləşməsi reallığını doğura bilər. Əslində buna aktivləşmək düşünəcək demək olmaz. Sadəcə, Moskva Qərbin uğursuzluğu fonunda hazırkı status-kvonu qorumağa çalışacaq. Beləliklə, bölgəyə təsir imkanlarını saxlamağı hədəfə alacaq. Bu isə Qərbə sərf etmir. Ona görə çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın, anlaşılmaz məsələlər tezliklə yoluna qoyulsun.
Əlbəttə, Qərb Cənubi Qafqaz siyasi akvatoriyasındakı proseslərə öz baxış bucağı ilə baxmaqdadır. Bu yanaşma son dərəcə diplomatikdir, onda danışıqlardakı ani uğursuzluqdan, yaxud nəticəsizlikdən ruhdan düşməmək əzmi var. Ona görə Qərb özünün rıçaqları ilə İrəvana müəyyən təzyiqlər göstərir. Belədə sual yaranır: Ermənistan sülh prosesindən yayınmaq üçün hansı üstünlüyə malikdir? Sual ritorikdir, çünki cavabı məlumdur. İrəvanın üstünlük anlamında heç bir dividendi yoxdur. Ancaq kor iddiası var ki, onu da 2020-ci ilin noyabrından bu yana müxtəlif şəkildə ortaya qoymaqdadır. İddianın katalizatoru qismində Ermənistanın xaricdəki havadarları, erməni lobbi və diaspor təşkilatları, əlbəttə, Fransa çıxış edir.
***
Danışıqlar prosesində hər dəfə yeni reallıqlar formalaşdırmaq, anti-Azərbaycan ritorikasını işə salaraq bunu masa üzərinə gətirmək yolu tutan Ermənistan hakimiyyətinin, müəyyən mənada Qərbi Rusiya ilə şantaj etdiyini də düşünmək mümkündür. Yəni, baş nazir Nikol Paşinyan administrasiyası bir tərəfdən Moskvaya yaxınlaşmağa ehtiyat edir, digər tərəfdən elə görüntü yaradır ki, sanki hər an Kremlin qucağına düşə bilər. Beləliklə, Qərbin ölkəmizə təzyiq göstərməsinə, Bakının yolundan döndərilməsinə ümid bəsləyir. Ermənistan hakimiyyətinin konstruktivliyə meyili də əslində həmin ümidlərin boşa çıxması kontekstində meydana çıxan reallıqdır. Hesab edirik ki, Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 11-də keçirdiyi müşavirədə söylədikləri həm də bu kimi davranışlardan əl çəkilməsinin vacibliyini vurğulayan xatırlatma idi: “Əksinə, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi və maraqlarımızı qoruya bilmişik, daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq”.
Bəli, Ermənistanın indiyədək nümayiş etdirdiyi pozitiv məqamların hamısı böyük ölçüdə Azərbaycanın prinsipialığından, qətiyyətindən və bunun nəticəsində ortaya qoyduğu gücdən qaynaqlanıb. Ölkəmiz bugünkü danışıqlarda da güclü və deməli diktə edən tərəfdir. Qarşı tərəf də bunu yaxşı dərk edir. Sadəcə, Ermənistan rəhbərliyi hazırda məcburiyyət qarşısında razılaşdığı Qərb vasitəçiliyi kontekstində yeni reallıqlar formalaşdırmaq niyyətindən də çəkmir.
Ümumən, onu da deməliyik ki, hazırda Ermənistanın avantürizmini şərtləndirən bir sıra məqamlar var. Birincisi, ölkənin mövcud vəziyyətlə barışmaq istəməməsi, 44 günlük müharibənin rüsvayçı nəticələrini minimallaşdırmaq istəyi, Qarabağ ambisiyaları və s. İkincisi, beynəlxalq dairələrin Cənubi Qafqaz siyasi akvatoriyasına marağı, onların regionda rəqabət aparmaq əzmi. Bu trayektoriyada Qərbin Rusiyanı bölgədən sıxışdırmaq istəklərini artıq vurğuladıq. Ermənistan isə mövcud platformada mətləbdən yayınmaq, manevr cəhdlərinə baş vurur. Bu cəhdlərin səmərəsizliyi isə gün kimi aydındır.
***
Bəs, bugünkü Brüssel görüşündən hansı gözləntilər var? Əlbəttə, ən böyük gözlənti sülhdür. Heç olmasa, sülh yolunda ciddi irəliləyişin əldə olunması. Bu, nə dərəcədə mümkündür. Bu istiqamətdə həm pozitiv, həm də neqativ məqamlar mövcuddur. İlk diqqət çəkən məqam Cənubi Qafqaz liderlərinin təmasının vaxtının tezləşdirilməsidir. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü iyulun 21-də nəzərdə tutulurdu. İndiyədək belə bir hal yaşanmamış, əksinə nəzərdə tutulan vaxtın daha irəli çəkilməsi olmuşdu. Hazırkı durum nədən xəbər verir, konkret söyləmək çətindir. Ancaq ehtimal etmək olar ki, razılaşdırılmış müəyyən ciddi məqamlar var və görüş həmin məqamların tez bir zamanda rəsmiləşdirilməsi məqsədi daşımaqdadır. Əlbəttə, bəzi detalların dərhal dəqiqləşdirilməsinə duyulan ehtiyac amili də vurğulanmalıdır.
İkinci məqam. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün dəqiq tarixinin artıq bilindiyi bir vaxtda ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin hər iki ölkə liderinə zəngi də maraq doğurmaqdadır. Bu, bir daha onu göstərir ki, Vaşinqton kollektiv Qərbin Cənubi Qafqaz tənzimləməsi üzrə vasitəçilik missiyasında özünün öncül mövqe tutduğunu nümayiş etdirir. Bir qədər əvvəl barəsində söz açdığımız Brüssel raundunun Vaşinqton təmayülü də məhz budur.
***
Azərbaycan və Ermənistan lidelərinin sonuncu görüşü bu il iyunun 1-də Kişineuda Avropa Siyasi Birliyinin zirvə toplantısında gerçəkləşmişdir. Hər iki ölkənin xarici işlər nazirlərinin sonuncu görüşü isə iyunun 27-29-da Birləşmiş Ştatların paytaxtında baş tutdu. Təcrübəyə söykənsək, görərik ki, XİN rəhbərlərinin bu il mayın 1-4-də ABŞ-da bir araya gəlməsindən sonra, həmin ayın 14-də ölkə liderlərinin Brüsseldəki təmasında konkret irəliləyişə nail olunmuşdu. Söhbət Ermənistanın baş nazirinin Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 kvadratkilometrlik ərazidə suveren hüquqlarını tanıdığını bildirməsindən gedir. Görünür, indi Blinkenin zəngi, belə demək mümkünsə, incəliklərin yenidən nəzərdən keçirilməsi məramından irəli gəlir. Deməli, bu gün daha ciddi irəliləyişlərin qeydə alınacağını proqnozlaşdırmaq mümkündür. O da mümkündür ki, Dövlət Departamentinin rəhbəri Azərbaycan və Ermənistan liderlərinə zəng etməklə, həmin nəticələri riskə atmaq istəmədiyini ortaya qoyur.
Əvvəldə də vurğuladıq ki, Azərbaycan Brüssel formatı çərçivəsindəki bugünkü danışığa üstün tərəf kimi gəlib. Üstünlüyü ifadə etmək baxımından Prezident İlham Əliyevin 11 iyul müşavirəsində səsləndirdiyi fikirlər müstəsna əhəmiyyətə malikdir: “Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir”.
Deməli, ən böyük gözlənti razılaşdırılmış konkret məqamların kağız üzərində ifadəsini tapmasıdır. Bu baş verəcəkmi, irəliləyişlər yalnız şifahi formada açıqlanacaq, yoxsa heç bir nəticə olmayacaq, məsələ barədə fikir yürütmək çətin olsa da, hər bir halda Aİ Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək bugünkü görüş, ümumən nikbinlik üçün əsas verməkdədir.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”