Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Fələstin dövlətini rəsmən tanıdığını açıqlayıb. Məlumatı “Anadolu” verib.
Dövlət başçısı bu barədə BMT-nin himayəsi altında Fransa və Səudiyyə Ərəbistanının iştirakı ilə Fələstin məsələsinin həllinin tapılması və iki dövlətli həllin həyata keçirilməsinə dair yüksək səviyyəli beynəlxalq konfransda müvafiq bəyanatla çıxış edib.
“Qəzzada müharibəni dayandırmağın vaxtı gəldi” - deyən Makron, gözləməyin artıq bir seçim olmadığını vurğulayıb.
Onun sözlərinə görə, Yaxın Şərqdə ədalətli və davamlı sülhün təmin edilməməsi bütün beynəlxalq ictimaiyyətin kollektiv məsuliyyətidir.
Fransa prezidenti HƏMAS hərəkatının saxladığı məhbusların “dərhal və qeyd-şərtsiz” azad edilməsi çağırışını təkrarlayıb.
Makron qeyd edib ki, heç nə Qəzzada müharibənin davam etdirilməsinə haqq qazandıra bilməz. Əksinə, bütün əlamətlər ondan ibarətdir ki, müharibə indi başa çatmalıdır.
P.Əmircanov
XQ