Paşinyan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını təhrif etdi

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 13-də hökumətin iclasında Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı qərarını şərh edib. Qərarı birmənalı şəkildə Ermənistanın uğuru kimi təqdim edən Paşinyan qeyd edib ki, Azərbaycan Laçın yolunda hərəkətin fasiləsizliyini təmin etməyə “borcludur”: “Ermənistan Respublikasının iddiası əsasında məhkəmə bu il fevralın 22-də qəbul edilmiş qərarı təsdiqləyib. Qanuni qüvvəyə malik bu qərarla Azərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətini təmin etmək üçün əlində olan bütün tədbirləri görməyə borcludur”.

İrəvan beynəlxalq hüququ terrorçulara xidmət vasitəsinə çevirməyə çalışır

Paşinyanın məlum açıqlamasından da görünür ki, İrə­van beynəlxalq hüququn şərtlərini manipulyasiya etməklə onu terrorçulara xidmət vasitəsinə çevirməyə çalışır. Baş nazir iddia edir ki, Beynəlxalq Ədalət Məhkəməsinin qə­rarı Laçın yolunda hərəkətin fasiləsiz şəkildə təmin edil­məsini nəzərdə tutur. Lakin Paşinyan bu yerdə beynəlxalq hüququn başqa və daha önəmli tələbini xatırlatmır. Er­mənistanın baş naziri demir ki, beynəlxalq hüquq həm də terrorla, terrorçuluq fəaliyyəti ilə məşğul olmağı qadağan edir və bu, hansısa yolda hərəkətin müvəqqəti bağlanma­sından daha böyük məsuliyyətdir. Azərbaycanın Laçın yo­lunu müvəqqəti bağlamasına səbəb də erməni terroru və onun fəsadları olub. Paşinyan onu da demir ki, Azərbaycan Laçın yolunu yalnız erməni terroru səbəbilə bağlayıb və məqsəd vətəndaşların, eləcə də mülki ermənilərin təhlükə­sizliyini təmin etməkdir. 

Əslində, İrəvanın Laçın istiqamətində həyata keçirdiyi hərbi təxribatlar onu göstərir ki, Qarabağ və ətraf ərazilər­dəki ermənilərin təhlükəsizliyi Ermənistan üçün heç bir məna kəsb etmir. Məhz buna görə də, İrəvan zaman-za­man Laçın istiqamətində ciddi təxribatlar həyata keçirib ki, nəticədə Azərbaycan təhlükəsizlik naminə Laçın yolunu bağlamaq məcburiyyətində qalıb. Və nə qədər ki, erməni terroru davam edəcək, Laçın yolunun müvəqqəti bağlan­ması da təhlükəsizlik tələbi kimi daim gündəmdə olacaq.

Heç kim Azərbaycana öz daxilində nəyi necə etmək
lazım gəldiyini diktə edə bilməz!

Paşinyanın şərhində diqqət çəkən məqamlardan biri də, Beynəlxalq Ədalət Məhkəməsinin qərarını Azərbaycan üçün mütləq tələb kimi təqdim etməsidir. 

Öncə qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolunun bağlanmasına görə Ermənistanı deyil, Azər­baycanı ittiham etməsi ədalətsizlikdir və bu, ölkəmizlə bağ­lı qərarın qərəzli, qeyri-obyektiv olduğunu göstərir. Çünki adıçəkilən qurum Laçın yolunun bağlanmasına münasibət bildirirsə, bunun səbəblərinə toxunmalı, məsələyə aydınlıq gətirməli idi. Ancaq təəssüf ki, məhkəmənin qərarında bu barədə heç bir müddəa yer almır. Bu isə onu göstərir ki, Beynəlxalq Ədalət Məhkəməsi sözügedən problemə səthi yanaşıb və sadəcə, Ermənistanı məmnun etmək haqqında düşünüb. 

İkincisi, Laçın yolu Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən həmin ərazidə istənilən fəa­liyyətin həyata keçirilməsi hüququ istisnasız olaraq Azər­baycana məxsusdur. Heç kim Azərbaycana öz daxilində nəyi necə etmək lazım gəldiyini diktə edə bilməz! 

Xatırladaq ki, bu reallıq zaman-zaman Prezident İlham Əliyev tərəfindən də dilə gətirilib, xüsusi olaraq vurğu­lanıb. Dövlət başçısı cari ilin 23 iyun tarixində Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə döyüş bay­rağının təqdim olunması mərasimindəki çıxışında da bu reallığa diqqət çəkərək demişdir: “Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz”. 

Preizdent İlham Əliyevin bu açıqlaması göstərir ki, Ermənistanın, onun havadarlarının, habelə rəsmi İrəvanın yalanlarına inanan, bu yalanlara alət olan qurumların ölkə­mizlə bağlı qeyri-obyektiv qərar və bəyanatlarının ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur.

Ən böyük humanitar fəlakət Xankəndidə yox, Ermənistanda yaşanır

Paşinyan Beynəlxalq Ədalət Məhkəməsinin qərarın­dan danışarkən Laçın yolunun bağlanmasının Xankəndidə yaratdığı “humanitar böhran”dan da söz açıb. O qeyd edib ki, “böhran”a görə məsuliyyət Azərbaycanın üzərinə düşür. 

Göründüyü kimi, Paşinyan bu məsələdə də riyakarlığa yol verir. Çünki yolun bağlanmasının məsuliyyəti Ermə­nistan tərəfinin üzərinə düşdüyü üçün Xankəndidə yaşan­dığı iddia olunan böhrana görə də məsuliyyət məhz İrəvana məxsusdur. Baxmayaraq ki, Xankəndidə humanitar böhra­nın baş verməsi ilə ilə bağlı deyilənlər cəfəngiyyatdır və heç bir reallığa söykənmir.

Əslində, erməni KİV-lərində yer alan məlumatla­rın təhlili göstərir ki, bu gün ən böyük humanitar böhran Xankəndidə yox, Ermənistanda yaşanır. Tez-tez keçirilən etiraz aksiyaları, sadə ermənilərin ölkəni tərk edərək başqa yerlərə üz tutmaları bu böhranın bariz göstəricisidir. Bu baxımdan Paşinyanın Xankəndidən daha çox Ermənistan daxilindəki vəziyyəti diqqətdə saxlamasına ehtiyac var.

Seymur ƏLİYEV

Siyasət