Azərbaycanın beynəlxalq norma və qaydalara uyğun olaraq, aprelin 23-də Ermənistanla şərti sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi yaratmasından sonra Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyəti zonasında yaşayan erməni azlığı “blokada” deyib dad edir. Onların haray-həşiri haradasa başadüşüləndir. Çünki uzun onilliklər ərzində separatçıları Ermənistana bağlayan məhz dəhliz adlandırdıqları Laçın yolu olub.
Onlar bu yolda külli-ixtiyar sahibi olublar. Beynəlxalq hüquqla Azərbaycanın suveren əraziləri olan yerlərə istədikləri zaman girib-çıxıblar, istədikləri malı, məhsulu gətirib-aparıblar. Həmçinin onların xaricdəki havadarları cənnət Qarabağa bu yoldan keçməklə daxil olublar. Laçın yolu işğal dövründə bizim üçün bir növ göz dağı olub. Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra vəziyyət köklü şəkildə dəyişdi. Bu il aprelin 23-də yaradılan sərhəd nəzarət-buraxılış məntəqəsi isə separatçılar üçün əsl soyuq duş effekti oldu. Buna baxmayaraq, Azərbaycan erməni əsilli vətəndaşların giriş-çıxışına normal şərait yaradıb. Məntəqənin fəaliyyət göstərdiyi dövrdə hər iki istiqamətə yüzlərlə erməni sakinin tənzimlənən şəkildə, sərbəst və təhlükəsiz hərəkəti təmin edilib. İyunun 15-də məhz Ermənistan tərəfindən sərhəd nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması nəticəsində sərhədçimiz yaralanıb. Hazırda sərhəddən keçid üzrə təhlükəsizlik və istintaq tədbirləri həyata keçirilir.
Separatçılar isə bununla heç cür barışa bilmirlər. Onların hay-küyü, “blokada” deyib dünyaya car çəkməsi məhz bunun nəticəsidir. Ancaq indi informasiya müharibəsi sahəsində də fərqli vəziyyət yaranıb, daha əvvəlki dövr deyil. Müşahidələrimiz göstərir ki, Azərbaycanın istər dövlət qurumları (əsasən xarici işlər və müdafiə nazirlikləri), istərsə də ayrı-ayrı rəsmi şəxsləri qarşı tərəfin heç bir dezinformasiyasını cavabsız buraxmır, ona anındaca tutarlı cavab verir, əsl həqiqətin nədən ibarət olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar. Necə deyərlər, yalan ayaq tutsa da, yerimir. Son olaraq, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yalan paylaşımını ifşa etməsi bunun bariz göstəricisidir. Qeyd edək ki, Mirzoyan “Twitter” hesabında Qarabağda “humanitar vəziyyətin pis olması” səbəbindən 3 və 6 yaşlı iki uşağın vəfat etdiyini yazıb. Hikmət Hacıyev isə bu paylaşımda əksini tapan fikirlərin tamamilə yalan olduğunu faktlarla sübut edib: “Ermənistan XİN rəsmi olaraq dezinformasiya yaydığı zaman faktların yoxlanması və miflərin aşkarlanması lazımdır. Birincisi, yerli polis valideyn tərəfindən nəzarətsiz qalan iki uşağın səhlənkarlıq və maşındakı yüksək temperatur nəticəsində yuxuda olarkən vəfat etdiyini təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil. İkincisi, Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi işləyir, lakin ümumilikdə onun bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Üçüncüsü, Ermənistan xarici işlər naziri, yəqin ki, Laçın sərhəd nəzarət-buraxılış məntəqəsini qeyd etməklə, guya, Qarabağda ərzaq qıtlığı varmış kimi rəy yaratmağa çalışır. Amma Xankəndi restoranından olan videoda bunun əksi görünür”.
Beləliklə, Ermənistanın rəsmi şəxsinin daha bir yalan informasiyası faş edildi. Bu isə Azərbaycan tərəfinin informasiya savaşında da işi düzgün qurmasının, hadisələrə çevik, operativ reaksiya verməsinin sayəsində baş verib.
***
Separatçı rejimin tör-töküntülərinin son çırpıntısı dünən Xankəndinin mərkəzində yaşanıb. Onlar şəhərin mərkəzi meydanına toplaşaraq, guya, “ümumxalq mitinqi” keçiriblər. Bu sözü ona görə dırnaq işarəsi ilə yazırıq ki, burada yaşananlar mitinqdən daha çox farsa – xarici komik fəndləri olan yüngül məzmunlu komediyaya bənzəyir. İlk olaraq toplaşanların sayının azlığı diqqəti çəkir. Separatçılar hər yerdə Qarabağda “120 minlik xalq”ın yaşadığını iddia edirlər. Ancaq bir neçə gün əvvəldən aparılan güclü təbliğata, edilən çağırışlara, hətta “dövlət naziri” Qurgen Nersisyanın iyulun 13-də “müddətsiz ümummilli hərəkat”a başlamaqla bağlı müraciətinə baxmayaraq, aksiyaya cəmi bir neçə min nəfər qatılıb. O qədər də böyük olmayan meydanın yarıdan çoxunun boş olması bunu deməyə əsas verir.
Aksiyada ilk olaraq özünü “ombudsman” adlandıran Qeqam Stepanyan çıxış edib. Daha doğrusu, əvvəlcədən yazdığı mətni üzündən oxuyub. 31 yaşlı “ombuds-man”ın çıxışı sələfi Artak Beqlaryanın şüvənlik stilində olub. Onun çıxışında diqqəti daha çox çəkən beynəlxalq ictimaiyyətə və Rusiya sülhməramlılarına hiddətlənməsidir. Stepanyan beynəlxalq ictimaiyyətin subyektlərinə müraciətində deyib ki, siz insan haqlarından danışırsınız, ancaq gözəl və dəbdəbəli zallarda insan haqlarından danışmaq başqa, bu hüquqların qorunmasını əməli addımlarla sübut etmək başqa şeydir. O, Rusiya sülhməramlılarından narazılığını isə bu sözlərlə ifadə edib: “2020-ci ilin üçtərəfli bəyanatı ilə “Artsax xalqı”nın yaşamaq və fiziki varlıq hüququnun əsas təminatçısı rolu sizə həvalə edilib. Bizə sülh vəd edilmişdi. Sülh gündəlik bülletenlərdə atəşkəsin pozulması qeydi deyil. Sülh girov olmaq, vətənini itirmək demək deyil. Əsl sülhü təmin etmək, “xalqımıza” ən yüksək səviyyədə vəd etdiyiniz firavan həyatı təmin etmək üçün mandatınıza əməl edin”.
Yeri gəlmişkən, separatçıların Rusiya sülhməramlılarından narazılığı aksiyada Rusiya Federasiyasının dövlət bayrağının mövcud olmaması ilə də özünü göstərib. Yada salaq ki, bundan öncəki oxşar tədbirlərdə Rusiyanın dövlət bayrağı başlar üzərində dalğalandırılırdı.
Sonra söz “dövlət naziri” Qurgen Nersisyana verilib. Şişman “dövlət naziri” də yazdığı vərəqləri iştirakçılar üçün oxuyub. O da “Artsax blokadadır” deyib beynəlxalq ictimaiyyətdən imdad diləyib.
Aksiyada baş separatçı Arayik Arutyunyanın, habelə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya prosesində başlıca əngəlləyici fiqurlardan olan, Bakının israrlı tələblərindən sonra bu ilin fevralında postundan uzaqlaşdırılan Ruben Vardanyanın iştirak etməsi də diqqətdən yayınmayıb.
Bundan sonra iştirakçılar aksiyaçıların tələbləri yazılmış “qətnamə”ni Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinə təqdim ediblər. Oradan isə Rusiya sülhməramlıları kontingentinin Xocalıda yerləşən komandanlığının qərargahına yollanıblar. Etirazçılar sülhməramlılardan Laçın yolu boyunca sərbəst hərəkəti təmin etməyi və “humanitar fəlakəti” dayandırmağı tələb ediblər.
Yeri gəlmişkən, qeyd edək ki, iyulun 14-nə keçən gecə qondarma rejimin “təhlükəsizlik şurası”nın keçmiş katibi Vitali Balasanyan həbs edilib. “Armen-press”in məlumatına görə, bu barədə onun vəkili Rafael Martirosyan məlumat verib. “İctimaiyyətə bildirirəm ki, “Artsax qəhrəmanı” Vitali Balasanyanın hüquq və qanuni mənafelərinin müdafiəsini öz üzərimə götürmüşəm”, – deyə, o, sosial şəbəkə hesabında yazıb və əlavə edib ki, Balasanyanın bədənində çoxlu xəsarət yerləri var.
Digər məlumatda isə qeyd olunur ki, Balasanyan Əsgərandakı evində 40 dəqiqəlik axtarışdan sonra saxlanılıb. Onunla birlikdə oğlu və əmisi oğlu da həbs edilib. Saxlanmanın səbəbləri barədə məlumat verilmir.
***
Xankəndidəki aksiyanın iyulun 15-də keçiriləcək Brüssel görüşündən bir gün əvvələ təsadüf etməsi də diqqətdən kənarda qalmır. Görünür ki, bununla Azərbaycana hansısa formada təsir və ya təzyiq göstərmək məqsədi güdülür. Ancaq unudulur ki, Azərbaycan daha əvvəlki ölkə deyil. Bu gün ölkəmiz hərbi-siyasi, diplomatik sahədə güclü, sözünü deyən, sözü ilə əməli üst-üstə düşən ölkələrdəndir. Qarabağ erməniləri, necə deyərlər, daşı ətəklərindən tökməli, hələ işğal dövründə heç kimin, o cümlədən Ermənistanın belə tanımağa cürət etmədiyi “müstəqillik” nağılından birdəfəlik imtina etməlidirlər. Əks-təqdirdə onlar üçün yumşaq desək, daha çətin olacaq.
Səxavət HƏMİD, “Xalq qəzeti”