Ermənistanda siyasi hərarət yüksək olaraq qalır. Ölkənin yazılı və elektron media resurslarını izlədikcə, bu qənaət daha da möhkəmlənir. Demək olar ki, Ermənistanda hər gün qalmaqal yaradacaq, ciddi müzakirələrə səbəb olacaq hadisə baş verir.
Hazırda Hayastan siyasi gündəmində əsasən üç məsələ dayanır. Birincisi, sözsüz ki, Azərbaycanla “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsi üzrə aparılan danışıqlar və iki ölkə arasında nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır.
Ermənistan siyasi gündəminin ikinci məsələsi Türkiyə ilə münasibətlərin normallaşması prosesidir. Məlumdur ki, Paşinyan hökuməti Ankara ilə münasibətləri qaydaya salmağa çalışır. Parlamentin vitse-spikeri Ruben Rubinyan Ermənistan tərəfdən, səfir Sərdar Kılıç isə Türkiyə tərəfdən münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin olunublar. Onların ilk görüşü 2022-ci ilin yanvarın 14-də Moskvada keçirilib. Bundan sonra xüsusi nümayəndələrin görüşləri mütəmadi xarakter alıb.
Üçüncü məsələ qonşularla, xüsusilə Türkiyə ilə münasibətlərin normallaşmasına mane olan dövlət rəmzlərinin dəyişdirilməsidir. Xüsusilə, Türkiyə ərazisindəki ən yüksək dağ zirvəsi – Ağrı dağının Ermənistanın dövlət gerbində əksini tapması iki ölkənin münasibətlərinin normallaşmasında əngəlləyici amil olduğu üçün hazırkı hökumət gerbin dəyişdirilməsində maraqlıdır. Ancaq bu məsələdə Paşinyan iqtidarına qarşı çıxanlar da az deyil.
***
Ermənistan baş naziri Nikol Paşinyan iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşünün planlaşdırıldığını açıqlayıb. “Mən həmin görüşdə iştirakımı təsdiqlədim, ümid edirəm ki, görüş zamanı sülh müqaviləsi üzrə danışıqlarda irəliləyiş əldə edəcəyik”, – deyə Paşinyan hökumətin iyulun 13-də keçirilən iclasında bildirib. Yeri gəlmişkən, iyulun 12-də isə Ermənistan–Azərbaycan şərti sərhədində iki ölkənin baş nazirlərinin müavinləri – Mher Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə Ermənistanla Azərbaycan arasında Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın dördüncü iclası keçirilib. Bir həftə əvvəl isə Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin imzalanmağa hazır olmadığını bildirmişdi: “Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil. Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda əldə olunan irəliləyişi daha əsaslı hala gətirə biləcəyik. Bütün məsələlər diplomatik yolla həll edilməlidir”.
Paşinyanın bu açıqlaması Brüssel görüşündə irəliləyiş əldə olunacağına inamı azaldır. Buna baxmayaraq, Ermənistan konstruktivlik nümayiş etdirərsə, sülh danışıqları zamanı “Bakı və Xankəndi arasında Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi gündəliyi ilə beynəlxalq mexanizm çərçivəsində dialoqun vacibliyi” kimi heç bir əsası olmayan məsələlər barədə danışmağı dayandırarsa, Brüssel görüşündə irəliləyiş əldə oluna bilər. Ancaq əgər haylar yenə əvvəlki kimi davransalar, burada da itirən yenə onlar özləri olacaqlar. Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda Prezident İlham Əliyevin ABŞ-ın Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları üzrə professoru Maykl Reynoldsun sualına verdiyi cavabı xatırlatmaq yerinə düşər. Dövlət başçımız deyib: “Mən dəfələrlə bu məsələyə dair fikrimi bildirmişəm. Demişəm ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər...”
***
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı isə bugünlərdə “Hraparak” qəzetində dərc olunmuş məqalədəki fikirlər diqqəti cəlb edir. Qeyd olunur ki, N.Paşinyan hökumətin iclaslarında Azərbaycana qarşı “cəsarətli” çıxışlar etsə də, qapalı görüşlərdə hökumət nümayəndələri reallıqlardan danışırlar. Nəşr qeyd edir ki, iki gün öncə hökumət nümayəndələri ekspertlərlə qapalı görüş keçirib. Bu zaman açıq, səmimi söhbət olub, lakin ictimailəşdirilməsi qadağan edilib. “Hraparak” yazır: “Görüşdə vitse-spiker, Ermənistan-Türkiyə münasibətləri üzrə xüsusi nümayəndə Ruben Rubinyan Ankara ilə danışıqlardan bəhs edib. Bildirib ki, Türkiyə Ermənistana Azərbaycanla münasibətləri tənzimləmək üçün bir ay vaxt verib. Türkiyə ilə də münasibətlərin normallaşması bundan asılıdır. Ermənistan bu müddətdə Türkiyə və Azərbaycanın tələblərini yerinə yetirə bilməsə, o zaman İrəvan-Ankara münasibətlərinin tənzimlənməsi unudula, arxivə göndərilə bilər. Türkiyədən gələn ultimatumun bir mənası var: Azərbaycanın tələblərinin yerinə yetirilməsi üçün sizə bir ay vaxt veririk, bunu etməsəniz, Ankara ilə danışmaq şansınız olmayacaq, biz hərəkətə keçəcəyik. Türkiyə hökuməti açıq şəkildə bildirib ki, rəsmi İrəvanın Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini ayırmaq, Ankaranı sivil və konstruktiv, Bakını isə təcavüzkar və barışmaz göstərmək kimi pritimiv cəhdləri mənasızdır. Türkiyə açıq şəkildə bildirdi ki, istədiklərini almayana qədər Ermənistanla münasibətlər nizamlanmayacaq, sərhəd açılmayacaq”.
Qəzet qeyd edir ki, görüşdə Ermənistan üçün iki seçimdən bəhs olunub: “Ya müqavimət göstərib təslim olmalı və ya danışıqlar apararaq, itki vermədən Azərbaycan və Türkiyənin şərtləri ilə razılaşmalıyıq. Reallıq bundan ibarətdir. Qarabağdakı ermənilər üçün də eyni seçimdən bəhs olunur. Ya Bakının şərtləri ilə razılaşıb Azərbaycana reinteqrasiya edirlər, ya da bundan imtina edərək, Qarabağı tərk etmək məcburiyyətində qalırlar. Görüşdə iştirak edən “Artsaxın xarici işlər naziri” Sergey Qazaryan bildirib ki, onların üçüncü variantı da var: Qarabağda 10 mindən çox silahlı döyüşməyə hazırdır. Lakin Ermənistan hökumət nümayəndələri ona izah ediblər ki, Azərbaycana qarşı müharibə növbəti məğlubiyyət deməkdir”.
İyulun 13-də yayılan məlumatda isə Türkiyə ilə sərhəddə yerləşən “Marqara” sərhəd-keçid məntəqəsində tikinti işlərinin birinci mərhələsinə başlanıldığı bildirilib. “Armenpress”in məlumatına görə, bu barədə hökumətin müvafiq qərarında qeyd olunub. Bildirilir ki, bu məqsədlə podratçı şirkətə 140,4 milyon dram ödənilib. Ermənistan hökumətinin bu addımı onların Türkiyə ilə sərhədləri istənilən halda açmağa hazırlaşdığının, Ankaranın tələblərinin yerinə yetiriləcəyinin göstəricisi sayıla bilər.
***
Nəhayət, haqqında söhbət açacağımız üçüncü məsələ əvvəlkilərdən heç də az əhəmiyyətli deyil. “Past” qəzeti öz mənbələrinə istinadən yazır ki, N.Paşinyan yaxın gələcəkdə dövlət rəmzlərinin dəyişdirilməsi məsələsini gündəmə gətirməyi planlaşdırır. Nəşrin mənbəyinin bildirdiyinə görə, artıq baş nazir aparatının rəhbəri Arayik Arutyunyan və təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanın rəhbərliyi ilə məsələyə dair bir neçə müzakirə aparılıb. “Öyrəndik ki, görüşdə bəstəkarlar, yazıçılar, memarlar, rəssamlar iştirak edib, hətta gerbin bir neçə variantı var. Yaxın vaxtlarda gerb və bayrağın dəyişdirilməsi məsələsi ilə bağlı peşəkar komissiyanın yaradılması nəzərdə tutulur ki, bu komissiya seçilmiş ən uğurlu variantları öyrənib ictimaiyyətə təqdim etməlidir. İndiki mərhələdə hakimiyyət bu mövzunu ictimai müzakirəyə çıxarmaq fikrində deyil, eyni zamanda, müxtəlif səbəblərdən əhval-ruhiyyəni və reaksiyanı yoxlamaq üçün tədricən mövzu ilə bağlı ayrı-ayrı tezisləri ictimaiyyətə ötürəcəklər”, – deyə qəzet yazır.
Təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan iki gün əvvəl keçirdiyi brifinqdə bildirib ki, gerbin dəyişdirilməsi ilə bağlı işçi qrup hələ yaradılmayıb: “Mən bu sahəni koordinasiya edən bir nazir kimi ilk növbədə mütəxəssislərin peşəkar rəyini dinləməliyəm”. Nazir bildirib ki, dövlət rəmzləri dövlətin simasıdır və istənilən dəyişiklik yaxşı düşünülməli, müzakirə olunmalı və başa düşülməlidir.
Nikol Paşinyanın Ermənistan Respublikasının dövlət gerbində təsvir olunan Nuhun gəmisi, Ağrı dağı və Ermənistanı idarə etmiş dörd sülalənin gerblərinin 1991-ci ildə yaradılmış dövlətə heç bir aidiyyəti olmadığı fikrinə gəlincə, Janna Andreasyan deyib: “Biz dövlətçilikdən imtina etmirik, sadəcə olaraq, onların indiki vəziyyətimizlə bağlılığının olub-olmadığını başa düşməliyik. Rəmzlərimiz indiki vəziyyətimizi əks etdirməlidir”.
Görünür, haylar gec də olsa, utopiyadan əl çəkərək, Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqları dərk etməyə başlayıblar.
İlyas HÜSEYNOV,
politoloq
– Qırx dörd günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra Azərbaycan regionda sülhün yaradılmasının, qarşılıqlı əlaqələrin qurulmasının və inteqrasiyanın əsas təşəbbüskarı kimi çıxış edib. Ölkəmizin sülh danışıqları ilə bağlı mövqeyi aydın və şəffafdır. Ermənistan və danışıqlar prosesində vasitəçi kimi iştirak edən tərəflər də Azərbaycanın sülh danışıqları ilə bağlı mövqeyinin dəyişməz olduğunu yaxşı bilirlər. İrəvanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması, sərhədlərini qəbul etməsi heç də xoşluqla olmayıb, onu buna Bakının gücü və ardıcıl prinsipial siyasi xətti məcbur edib.
Azərbaycanın bu mövqeyini Beynəlxalq Ədalət Məhkəməsi də dəstəkləyib. ABŞ-ın siyasi gündəliyi də Bakının siyasi gündəliyi ilə uyğunluq təşkil edir. Bütün bunlar diplomatik uğurlardır. Biz bu uğurlara addım-addım gəlib çatmışıq. Hazırkı siyasi danışıqlarda, diplomatik təmaslarda Azərbaycanın mövqeyi beynəlxalq hüququn fundamental norma və prinsiplərinə söykənir. Ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığı və suverenliyinin təmin edilməsi ilə yanaşı, Azərbaycan müstəqil xarici siyasət yürüdərək, daxili işlərinə hansısa geopolitik aktorun qarışmasının da əleyhinə çıxır. İrəvan anlamalıdır ki, başqa çıxış yolu yoxdur və gec-tez Azərbaycanla sülh müqaviləsi imzalamalıdır.
S.NAZİMOĞLU, “Xalq qəzeti”