(Əvvəli ötən sayımızda)
Keçmiş SSRİ-nin şovinist, millətçi rəhbərliyi, Kremli və digər ittifaq qurumlarını hörümçək toru kimi bürümüş erməni lobbisi, sovet diktatoru M.Qorbaçovun məkrli ermənipərəst ətrafı Heydər Əliyevin qüdrətli, qətiyyətli şəxsiyyət, fenomen lider olmasına, ölkə daxilində daim yüksələn nüfuzuna, dünyada türk oğlu kimi geniş şöhrətlənməsinə dözə bilmirdilər.
1982–1987-ci illərdə sovet superdövlətinin ali rəhbərlərindən biri olan bu insanın geniş səlahiyyət, kəsərli hökm sahibi olmasına isə ittifaq dövlətinin hər yerinə və hər sahəsinə yayılmış ermənilər həsəd və paxıllıqla baxır, bu gerçəkliklə barışa bilmirdilər. Sovet hökumətində Heydər Əliyevə böyük səlahiyyətlər verilmişdi. Nəhəng bir ölkənin – SSRİ-nin 20-yə yaxın böyük nazirliyinə məhz Heydər Əliyev rəhbərlik edirdi. Baykal–Amur magistralı kimi nəhəng layihə, magistral xətt boyunca yüzlərlə yaşayış məntəqəsi, müəssisə və obyekt onun rəhbərliyi altında inşa olunurdu.
Lakin XX əsrin 80-ci illərin ortalarından başlayaraq beynəlxalq aləmdə geosiyasi vəziyyət kəskin şəkildə dəyişdi. Dünyada gedən bu proseslər SSRİ-də də ictimai-siyasi, sosial-iqtisadi vəziyyətə öz təsirini göstərdi. Belə bir şəraitdə sovet rəhbərliyinə, ermənipərəst, qatı şovinist, türk xalqlarına kəskin və barışmaz nifrəti ilə fərqlənən Mixail Qorbaçov gətirildi. Onun Qarabağın dağlıq hissəsini Ermənistana birləşdirməyə çalışan erməni müşavirləri Heydər Əliyevi qarşılarında ciddi maneə görürdülər. M.Qorbaçovun yenidənqurma adı altında yeritdiyi dağıdıcı siyasi xəttlə razılaşmayan Heydər Əliyev, nəhayət, ciddi təzyiq və təhdidlərlə 1987-ci ilin payızında SSRİ rəhbərliyindən uzaqlaşdırıldı.
Bununla da, Qarabağın dağlıq hissəsində, daşnak Ermənistanda fitnə ocağı alovlandı. Ölkəmizə qarşı erməni təcavüzü, vandalizmi, xalqımıza qarşı terror, soyqırımı və deportasiya kimi irimiqyaslı qəsdlər gerçəkləşdi. Xalqımızın böyük oğlu sovet rəhbərliyindən istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı.
Ulu öndərin dövlətçilik fəaliyyətinin üçüncü mərhələsi 1991–1993 və 1993–2003-cü illəri əhatə edir. Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədrinin müavini olmuşdu. O, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilmişdi.
1991-ci ilin 18 oktyabrında müstəqilliyini bəyan edən Azərbaycan Respublikası, əslində, real suverenliyinə 1993-cü ilin iyunundan sonrakı dövrdə nail oldu. 1993-cü ilin may–iyununda siyasi-hərbi böhranın son dərəcə kəskinləşməsi ilə ölkədə xaos, vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Müstəqilliyin və dövlətçiliyin itirilməsi təhlükəsinin yarandığını görən xalqın çox ciddi tələbi və xahişindən sonra Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə qayıdışı baş verdi.
Bununla da ölkəmiz məhv olmaq təhlükəsindən xilas oldu və Azərbaycanda milli intibah dövrünün ikinci mərhələsi (1993–2003-cü illər) başlandı. Bu dövr ümummilli liderin sözləri ilə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Təcrübəli, uzaqgörən dahi şəxsiyyət, ilk növbədə ölkədə vətəndaş müharibəsinin, ölkənin parçalanmasının, müstəqilliyimizin parçalanmasının qarşısının alınmasına nail oldu.
Ümummilli lider Heydər Əliyev qəti əmin oldu ki, sosial-iqtisadi böhran keçirən respublika iqtisadiyyatını dirçəltmək, dinamik inkişafı təmin etmək, ölkənin dünya inteqrasiya sisteminə qovuşmasına nail olmaq üçün ən sanballı mənbə neft amili ola bilər. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Artıq 1994–1996-cı illərdə iqtisadiyyatda tənəzzül meyillərinin qarşısı alındı. Eyni zamanda, ölkədə yeni iqtisadi sistemin qurulması, aqrar islahatların aparılması, sahibkarlığın inkişafı ilə əlaqədar qanunvericilik bazası yaradıldı.
Azərbaycan ordusunda hökm sürən intizamsızlığa son qoyuldu. Vahid ordu sisteminin yaradılmasına başlanıldı. Əsil ordu quruculuğu mərhələsi başladı. Ordunun döyüş qabiliyyətinin, vətənpərvərliyinin artırılması, möhkəmləndirilməsi, ən müasir silah və texnikalarla təchiz edilməsi, peşəkar hərbiçilərin formalaşdırılması istiqamətində genişmiqyaslı işlər başlanıldı.
Ulu öndər çevik, düşünülmüş və uzaqgörən siyasətilə 1994 və 1995-ci illərdə Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə olan qüvvələrin dövlət çevrilişinə yönəlmiş cəhdlərinin qarşısını aldı.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. 1993–2003-cü illərdə onun apardığı daxili siyasət ölkənin genişmiqyaslı tərəqqisinə, hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarının təmin olunmasına xidmət etmişdir. Bu illərdə ümummilli lider Heydər Əliyevin fəaliyyətində sosial-iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, dinamik inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr təşkil etmişdir.
Beləliklə, 1995-ci ilin ortalarında Azərbaycan dövlətinin inkişafında yeni mərhələ başladı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbulu ilə paralel demokratik seçkilər əsasında Azərbaycan Respublikasının Milli Məclisi formalaşdırıldı, özünüidarəetmə orqanları – bələdiyyələr yaradıldı.
1993–2003-cü illərdə həyata keçirilən daxili və xarici siyasət göstərdi ki, ulu öndər Heydər Əliyev təcrübəli, görkəmli, dünya miqyaslı tarixi şəxsiyyət kimi Azərbaycan gəmisini tarix okeanının tufanlarından, qasırğalarından sağ-salamat keçirib, uğurla irəliyə - gələcəyə aparmağa qadir fenomen liderdir.
Yeni Azərbaycanın qurucusu Heydər Əliyev ölkənin təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüyündən respublikanın milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində gərgin, səmərəli və yorulmaz fədakar fəaliyyət göstərmişdir. Həmçinin, bir çox əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanılmışdır.
Azərbaycana 34 il rəhbərlik etməklə Ulu öndər Azərbaycanın, bütün dünya azərbaycanlılarının lideri olmaqla bərabər, dünyanın böyük, dünyamiqyaslı xadimləri səviyyəsinə yüksəlmişdir. Türk dünyasının böyük lideri Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən tarixi şəxsiyyət, böyük dövlət xadimi idi.
Azərbaycanın Avropa Şurasına və bir sıra beynəlxalq təşkilatlara, birliklərə daxil olması ümummilli liderin xarici siyasətinin ən mühüm uğurlarından idi. Azərbaycan xalqının, tarixin XX əsrdə yetirdiyi dünya miqyaslı tarixi şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası, uzaqgörənliyi sayəsində iki əsrin və iki minilliyin qovşağındakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə - XXI əsrə inamla qədəm qoymuşdu.
Xalqımızın dahi oğlu, ümummilli lideri, görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı, şərəfli ömür yolu, xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
İbrahim ZEYNALOV,
Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı, professor